Məzmuna keç

Var (divani, Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.173-174

Bir şəhərdə altı dərviş,
Onun pak əsası var;
Daş gətirib kərpic verən
On nəfər bənnası var.
Bir şəhərində qırx səkkiz min
Səkkiz yüz səksən səkkiz sərvəri,
Yeddi min iki yüz quldu,
Haqdan nişanası var.

O qulların altı dəstə
Var qabaqda ləşkəri;
Hər birisi yeddi mindən,
İki yüzdü səfləri;
Min səkkiz yüz pəhləvanı
Əvvəl bağlar səngəri;
Yeddi min səf, iki yüz cəm
Açılan aynası var.

Altı min yüz iyirmi ər,
Min səkkiz yüz dəstəsi;
Min səkkiz yüz doqquz yüzə
Odu fövcün bəstəsi;
On iki min iki yüz qırx
Qoşunun şikəstəsi;
Altı min yüz iyirminin
Min səkkiz yüz xası var.

On dörd min qırx şəm-çırağı
Hökm edər min səksənə;
İki nəfər rəzm içində
Ona baxar, gah sənə;
Bir hakimi müqərrərdi,
Dilin açar əhsənə;
Beş beş yetər iyrim beşə,
Beşin çox mənası var.

Bu gün mən istərəm açam
Ər aşıqlar meydanı;
Pirim mana nüsrət versə,
Tək alaram dünyanı.
Toxunmayın, incitməyin
Siz bu Novrəs İmanı;
Tifil ikən dərd əhlidi,
Canda qəm dəryası var.