Məzmuna keç

Vay, vay! Nə yaman müşgülə düşdü işim, Allah!

Vikimənbə saytından
Vay, vay! Nə yaman müşgülə düşdü işim, Allah!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Vay, vay! Nə yaman müşgülə düşdü işim, Allah!
Fəryadimə yet kim, yanıram atəşə, billah!
İslamə xələl qatmadadır bir neçə bədxah,
İstərlər ola bəndələrin taği və gümrah,
Etdim nə yaman əsrə təsadüf, aman, ey vah!
Lahövlə vəla qüvvətə illa və billah!
Məktəblər açıb eyləyin ehsanı, – deyirlər,
Məktəbdə qoyun ustulu, dasqanı, – deyirlər,
Pərpuç eləyin çubi-fələqqanı, – deyirlər,
Dişrə çıxarın həzrəti-mollanı, – deyirlər,
Molla qovula, yə’ni müəllim gələ, vah-vah!
Lahövlə vəla qüvvətə illa və billah!
Mən anlamıram kim, nola mə’nayi-müəllim?
Qırx-əlli manat pul ala hər ay müəllim?
Bir tazə üsulə ola ifayi-müəllim?
Pulları ala, söyləyə, "oxqay", – müəllim?
Molla ona həsrətlə çəkə kuçədə ah!.. ah!..
Lahövlə vəla qüvvətə illa və billah!
Bir ildi, bir az çox da olur, yoxdu damağım,
Nə çatmır əlim bir işə, nə getmir ayağım1,
Hərdən yeni bir söz danışır oğlan – uşağım,
Taqqıldayır, Allah da şahiddi, qulağım,
Port-Artur, hürriyyəti-Mancuriya, qah-qah!..2
Lahövlə vəla qüvvətə illa və billah!
And olsun ötən günlərə, divanə olublar!
İslamə də, imanə də biganə olublar!
Billahi başım çıxmayır, aya, nə olublar?
Hürriyyətə-mürriyyətə məstanə olublar…
Bah! bah… yenə bah-bah!.. yenə bah-bah!.. yenə bah-bah!..
Lahövlə vəla qüvvətə illa və billah!
Ax, ay keçən illər, nola bir də dolaneydin,
Tazə yenə beş yüz il olunca dayaneydin,
Elmi, ədəbi, fəzli, kəmalati daneydin!
Ey bildir, inişil3
, nola odlarə yaneydin!
Ta eyləmiyəydin də bu qafilləri4 agah!
Lahövlə vəla qüvvətə illa və billah!
Bilməm nə işim vardı, başım harda qarışdı,
Elm ilə belə düşmən olan qövm barışdı,
Təcdidi-vəfa birlə məariflə sarışdı,
Rahət yata bilməm, mənə qəm muri darışdı;
Etməkmi olar bir də bu uymuşları ikrah?
Lahövlə vəla qüvvətə illa və billah!..