Məzmuna keç

Vikimənbə:Günün mətni/aprel 8

Vikimənbə saytından

Mucadələ surəsi
Qurani-Kərim

1. (Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
2. Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.
3. Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır!
4. Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!