Məzmuna keç

Vikimənbə:Günün mətni/aprel 9

Vikimənbə saytından

Biz necə iş görürük
Üzeyir Hacıbəyov

Biz necə iş görürük?
Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq. O şey nədir? O şey nərdivandır!
Necə yəni nərdivan? Nərdivan nədir? Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar.
Bu belə.
Bundan başqa, bir də biz həmişə başımızdan yekə iş görürük. Amma bunun səbəbi var.
Səbəbi də budur. Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi, irəliləyib camış yekəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ançaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar.