Vikimənbə:Günün mətni/avqust 2
Namə
Cəfər Cabbarlı
(Yekəpər, kəlləpeysər bir molla döşək üstə oturmuş, dizində kağız, gözündə eynək, başında kələm, əlində qələm özü kimi bir mollaya kağız yazır):
Aşna, çox xoşdur bu dövran, mən bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.
Salma səs, xalqı oyatma, iş düşər çox əngələ,
Bərk yatıb islam, oyanmaz yerlər etsə zəlzələ.
Layla çal qoy bir qədər yatsın, uşaqdır çün hələ,
Böylə dövran lap qiyamət qopsa da düşməz ələ.
Gündə on beş yerdə ehsan, mən bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.
Söylə mövhumatı, qoy məxluq düşsün heyrətə,
Söylə, zülmü, tarı qismət eyləmişdir övrətə,
Arvadı incitməyi isnad versin qeyrətə.
Qorxma, jurnallar nə yazsa kar eyləməz millətə.
Lap qırılsa evdə nisvan, mən bilim qoy, bir də sən.
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.