Vikimənbə:Günün mətni/avqust 30
Görünüş
Gözləri
Cəfər Cabbarlı
Ala gözlü ceyranları andırıyor düzləri,
Toplamışdır gözəlliyi ən sevimli qızları -
Görkəmilə andırıyor düşündüyü sözləri
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Sərt baxırkən ən alovlu duyğuları dondurur,
Donuqluğu donub qalan ürəkləri yandırır.
Gah bir toytək oynaq olur, gah bir matəm andırır
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Bir baxışla azdırıyor, bir baxışla bildirir,
Bir baxışla ağladıyor, bir baxışla güldürür;
Gülümsərkən can veriyor, süzülərkən öldürür
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.