Məzmuna keç

Vikimənbə:Günün mətni/avqust 4

Vikimənbə saytından

Bulvar hara, məktəb hara?
Cəfər Cabbarlı

(Yay tətilindən sonra məktəbə getməyə məcbur olan uxajor mütəəllimlərin naləsi)

Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da;
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!

Rədd olub getmişdi məktəb başımızdan birtəhər,
Seyr edib bulvarda qızlardan olurduq bəhrəvər,
Sentyabr gəldi, dur qaç məktəbə hər gün səhər,
O deyir, bu söyləyir, insan olub lap dəngəsər.
Getmərəm mən məktəbə, namım, nişanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!

Hər nə var, bulvarda var, məktəb, deyin, aya nədir?
Hər nə var, qızlarda var, sənət bizə biganədir.
Boşla dərsi, məktəbi, ondan gözəl meyxanədir;
Hər kəs elmə meyl etsə, doğrusu divanədir.
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!