Vikimənbə:Günün mətni/avqust 9
Görünüş
Böhtan yazılıbdır
Cəfər Cabbarlı
Bu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Bəsdir daha tənqid elədin xas ilə ami,
Çox yazma, danışma daha, tul etmə kəlamı,
Təngə gəlib istər axundu, istər əvamı,
Çün hər birinə bir yekə dastan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Bu barədə bədnam elədin molla Babanı,
Zalım kişi, təngə gətiribsən bu cahanı,
And içmiş əlindən dəxi bu xalq nəhanı.
Dur qaç, a Baba, qətlinə fərman yazılıbdır,
Qatilliyə bir sahibi-iman yazılıbdır.
Əkşi, nə işin molla olub maili-ehsan,
Hər gün sənə nə, dolma yeyir, yağlı fisincan.
Sən də, hünərin varsa, buyur ye, a gic insan!
Molla belədir, alnına ehsan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.