Vikimənbə:Günün mətni/dekabr 1
Atasının Məcnunla vidalaşması
Nizami Gəncəvi
Atası görüncə dərdli oğlunu,
Eşqin girdabında boğulduğunu,
Kəsdi umudunu ondan büsbütün;
O qızdırma sapı düşmüşdü düyün...
Dedi: "Ey ciyərim, ciyər neştərim,
Ey boyun zəncirim, ey taci-sərim,
Əlacsız dərdini duydum ürəkdən,
Səndən də əl üzdüm, özümdən də mən.
Atan əldən düşdü, insafa gəl sən,
Gəl tut məhəbbətlə onun əlindən,
Qalx, sarıl boynumdan, qurbanın olum,
Üzüm göz yaşınla islansın, oğlum.
Səfər qüslüm olsun o göz yaşları,
Səfər beşiyində dinc yatım, barı.
Ayrılıq dəmidir, halıma yan bir,
Gözümə sürmə yox, mil çəkilmişdir.
Naz vaxtı deyildir, qucaqlaşaq gəl,
Səndən tuşə alım səfərdən əvvəl.
Köçümü yığmışam dünyadan bu dəm,
Başqa bir aləmə köçüb düşmüşəm.
Sənin fikrindən də deyiləm uzaq,
Ölürəm, dərdinlə ölürəm, ancaq
Çox əziz olsan da gözüm kimi sən,
Atanı bir daha görməyəcəksən.
Əlvida, səfərə hazıram artıq,
Gedər-gəlməzədir bu son ayrılıq.
Əlvida, ayrılıq zamanı yetdi,
Biz gecikib qaldıq, karvansa getdi".