Vikimənbə:Günün mətni/fevral 11

Vikimənbə saytından

Çocuq
Cəfər Cabbarlı

22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpınır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu.
Bunun üzərinə yazıq çocuq özünü itirməsin deyə, onu həvəsləndirmək və cəsarətləndirmək üçün sanki "doğru deyirsən", "yaxşı deyirsən", “qorxma", "tez bitir", deyə sözlərini başi ilə təsdiq edirdi. Fəqət ilk əldə qorxan və indi-indi dili dolaşır kimi görünən bu gənc getdikcə sakitləşir, demək olursa, özünü öz əlinə alırdı. Çox keçmədən üzünün qızartısı itmiş, onsuz da sarımtraq çöhrəsinə xəfif bir solğunluq enmişdi. Ara-sıra dodaqlarında və səsində duyulan yüngül bir titrəyiş hələ də dərin bir həyəcan yaşadığını anladırdı. Fəqət hər halda bu gənc artıq acınacaq bir görkəm ərz edən həminki qorxaq çocuq deyildi. Qırpımdan-qırpıma kəndisini doğruldur, sözdən-sözə öz qüvvət və mənliyini bütün qurultaya hiss etdirirdi.