Məzmuna keç

Vikimənbə:Günün mətni/fevral 5

Vikimənbə saytından

Soltan İbrahim
Azərbaycan şifahi xalq ədəbiyyatı

Biri varıdı, biri yoxudu, Ənuşiravan adında bir padşah varıdı. Günlərin bir günündə padşah öz taxtı-səltənətində oturmuşdu. Birdən gözü aynaya sataşdı. Gördü ki, saqqalına dən düşüb. Ənuşiravanı fikir götürdü, öz-özünə dedi:
– Dövlət var, mal var, can gedir. Sabah ölsəm, yerimdə kim padşahlıq eləyib dövlətimə sahib olacaq?
Ənuşiravanı fikir götürdü, çünki onun heç evladı olmurdu. Gecəgündüz peşəsi ağlayıb sıtqayıb, Allaha yalvarmaqdı ki, bəlkə Allah buna bir evlad verə. Bu dəmdə qapı döyüldü. Fərraşlardan birisi gəlib, baş əyib dedi: – Qibleyi-aləm, abid yanına gəlmək istəyir.
Padşah dedi:
– Buraxın, gəlsin.
Abid baş əydi, ədəb-salamını yerinə yetirdi. Padşah onu yanında oturtdu. Abid gördü ki, padşah özündə-sözündə deyil. Abid dedi:
– Qibleyi-aləm sağ olsun, nə olub ki, belə pərişansan?
Ənuşiravan dedi:
– Mən onun üçün pərişanam ki, saqqalıma dən düşüb, oğul-uşaqdan da heç bir şeyim yoxdu.
Abid dedi:
– Qibleyi-aləm, sənə bir alma verim, elə ki, axşam oldu, hərəmxanaya get. Almanı iki bölüb yarısını baş hərəminə ver, yarısını da özün ye. Amma sənnən bir şərt bağlayıram, elə ki, oğlun və ya qızın oldu, ad qoyan günü məni çağır, gərək ona adı mən qoyam. </poem>