Vikimənbə:Günün mətni/iyul 10
Görünüş
Türk əsirləri
Hüseyn Cavid
Erkək, qadın, əsgər, çocuq, ixtiyar
— Əsir — deyə, minlərcə türk övladı:
İssız bir adanın qoynunda sızlar,
Sorulmaz dərdi, duyulmaz fəryadı.
İştə kinli bir məzarlıq ki hər gün
Yığın-yığın insan udar da, doymaz;
Sağlam vücudlar belə düşgün, ölgün,
Ümidsiz bir heykəldən fərq olunmaz.
Gülümsərlər, fəqət həp gözlərində
İntiqamlı şimşəklər çaxar, durur.
Çırpınırlar, solmuş bənizlərində
Bir çox gizli, sönük əməllər uyur.
Yalnız soyuq, yağmur, boran, fırtına
Oxşar durur bu məhzun könülləri;
Üryanlıq, xəstəlik, aclıq bir yana,
Susuzluqdan həp qurumuş dilləri.