Vikimənbə:Günün mətni/iyul 14

Vikimənbə saytından

Necəsən gəl, ey yüzü ağım bənim
İzzəddin Həsənoğlu

Necəsən gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim.
     
And içirəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər çağım bənim.
     
Hüsn içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim.
     
Al əlimi irəyim məqsədimə,
Qoyma yürəkdə yana dağım bənim.
     
Sən rəqibə sirrini faş eylədin,
Anun ilə oldu şımtağım bənim.
     
Qışladım qapında itlərin ilə,
Oldu kuyin üştə yaylağım bənim.
     
Bən ölücək yoluna gömün bəni,
Bağa dursun yarə toprağım bənim.
     
Toprağımda bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağım bənim.
     
Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə yüzü ağım bənim.