Məzmuna keç

Vikimənbə:Günün mətni/iyun 2

Vikimənbə saytından

Dilbər
Cəfər Cabbarlı

Hər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: "Müəllimə mən deyim, mən deyim", - deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.

- Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?

Dilbər, yuxuda imiş kimi diksindi, başını qaldırdı, ancaq danışmadı, susdu qaldı. Müəllimə onu irəli çağırdı... Hər gün, sözləri qrammofon kimi bir-birinin ardına düzən Dilbər, bu gün qırıq makina kimi baş-ayaq vururdu. Onun fikri nə isə uzaq bir yerdə, tam başqa bir şeylə məşğul idi. Dərsdən sonra müəllimə Dilbəri müəllimlər otağına çağırdı. - Dilbər, sənə nə olmuşdur? - deyə soruşdu.
Dilbər dalğın gözlərini yerə dikmiş, susurdu. Bu aralıq Dilbərin sinif yoldaşı Məryəm başını əyib:
- Müəllimə Dilbəri ərə verirlər, - dedi.
- Aha, ərə getmək istəyirsən? - deyə müəllimə gülümsəmək istərkən, Dilbərin kiçik bədəni titrədi, gözləri yaşardı və birdən:
- Yox, mən istəmirəm, atam verir, - deyə dizi üstə düşdü. Dərdli başını müəlliməsinin dizi üstə salıb, əsəbi bir hönkürtü ilə ağlamağa başladı.