Vikimənbə:Günün mətni/iyun 25
Nuşparanın nağılı
Azərbaycan nağılı
Biri varımış, biri yoxumuş, günlərin bir günündə iki qardaş varımış. Bunların birinin adı Firuz, birinin də adı Əhməd imiş. Firuz tacirliyi çox sevirdi. Gecə-gündüz əlləşib, pul yığıb, şəhərdə böyük bir tacir olmuşdu. Bütün tacirlər Firuzun adını eşidəndə ayağa dururdular. Belə dövləti olmağına baxmayaraq, tacir Firuz çox acgözdü, camaatnan rəftarı da pis idi. Amma qardaşı Əhməd tacir tayfasına yaxın durmazdı. Sənəti yəhər qayırmaq idi. Əhmədin arvadı yox idi, amma Nuşaran adında bir qızı varıdı, dünya gözəli idi. Bir gün Əhməd ömrünü bağışladı kiçik qardaşı Firuza. Firuz qardaşını kəfin-dəfin eləyib, Nuşaranı da götürüb apardı evinə. Tacir Firuzun arvadı yoxudu, qulluqçu da saxlamırdı, ancaq bir neçə nökəri, bir də bağbanı varıdı. Bağbanın arvadı tacir Firuza kömək eləyirdi. Bir gün, beş gün, qardaşının ölməyindən bir xeyli vaxt keçdi. Tacir Firuz istədi evlənə. O, şəhərbəşəhər düşüb gəzdi, amma nə fayda ki, ürəyinə yatan bir qız tapa bilmədi. Kor-peşman, yorğunarğın gəlib çıxdı öz vilayətinə.
Eşit Nuşaran xanımdan.
Nuşaran xanım atası öləndən sonra çox sınıxıb, darıxırdı. Bir gün qonşuların qızları bağbangilə gəlmişdi. Nuşaran xanım da bunlara qoşulub tacir Firuzun bağını gəzməyə çıxdı. Tacir Firuz bağına adam buraxmazdı, amma evlənmək məqamıydı, bağbanın arvadına tapşırmışdı mən külafirəngidə oturanda, şəhər qızlarınnan gətir bağa gəzməyə, bəlkə könlüm istəyən oldu, bəyənib aldım.
Tacir Firuz oturmuşdu külafirəngidə, qabağında çay, damağında qəlyan. Baxıb gördü ki, bağın qapıları açıldı, bağa bir dəstə qız girdi. Tacir Firuz çay bardağını yerə qoyub, qəlyanı alıb əlinə başladı qızlara tamaşa eləməyə. Gördü ki, bir belə qızın içində bir qız var ki, padşah bağında da yoxdu. Elə bir qızdı ki, saç topuğunda, qaşları qüdrət qələmiynən çəkilib, gözü ceyran gözü kimidi. Tacir Firuz lap dəli oldu, çay bardağı əlindən yerə düşdü, ağlı başından çıxdı. Tez külafirəngidən düşüb gəldi evə, bağbanın arvadını çağırıb xəbər aldı: