Məzmuna keç

Vikimənbə:Günün mətni/iyun 30

Vikimənbə saytından

Axır çərşənbə duası
Mirzə Əli Möcüz

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.
Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
İlahi, səni and verirux dövlətlilərimizin toxluğuna və füqəralarımızın çoxluğuna, xirov suyunun yoxluğuna, ya bizi öldür, tələbkarın yaxasın qurtar, ya tələbkarı öldür, bizim yaxamız xilas olsun. Ey arpa çörəyini biri birinin əlindən qapanlar, ey soyuq yarma aşına həsrət qalanlar, "Amin" deyin!
İlahi! Səni and verirux tüməni on şahıya höccət yazan mollaların qələm-davatına, istambulçuların baratına, tiflisçilərin manatına, bu nəzir sahibinin əmvatına, axirətdə "Neynim!" günü görsətmə. Ey bir kağız lirə verib, bir cüt corab alıb ayağına soxanlar, yatmısız, ya bəng atmısız? Ucadan "Amin" deyin!
Ey nəzir sahibi, allah görüm sənin pullarını falçıya, ilançıya qismət eləməsin. Ey bacılar, allah falçıları sizə və sizi falçılara çox görməsin! Ucadan "Amin" deyin! Cənab hacı, allah nəzrüvü qəbul eləsin. Sənin ki, əlindən su suvarmaq və cənazəyə yapışmaq və xeyrə-şərə işləmək gəlməz, bəs allah yanında əyləşən kasıbın ömrünə bərəkət əta eləsin, sənə də bir ölüm versin, ta beş-on kasıb fövtündən xeyir görsün.