Vikimənbə:Günün mətni/iyun 5
Görünüş
Durnalar
Qasım bəy Zakir
Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
Mən sevmişəm onun ala gözünü,
Nəsib ola bir də görəm üzünü,
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?
Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa durnalar!