Vikimənbə:Günün mətni/may 1
Görünüş
Nola?
İmadəddin Nəsimi
Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?
Şol günəş təl’ətli ayə gər qəmər dersəm, nola?
Adəmi növ’ində mislin görmədi dövri-fələk,
Şol cəhətdən gər sana xeyrül-bəşər dersəm, nola?
Şol gül üzrə dağılan ənbər sifətli sünbülə,
Ənbərin reyhan, əcəb, ya mişki-tər dersəm, nola?
Bilməyən eşqin təriqin hər xəbərsiz qafilə,
Çün hidayət bulmamış, gər bixəbər dersəm, nola?
Sənsiz, ey cani-cahan, bir pula dəyməz kainat,
Heçə dəyməz nəsnəyə gər şol qədər dersəm, nola?