Məzmuna keç

Vikimənbə:Günün mətni/may 30

Vikimənbə saytından

Sünbüli-zülfünün
İmadəddin Nəsimi

Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyə,
Almaya kimsə könlünü, şiveyi-alə düşməyə.

Surəti-həqsən, ey qəmər, pərdəsiz eylə üzünü,
Ta büti-azəri yazan nəqşi-xəyalə düşməyə.

Sovməə əhlini üzün də’vət edərsə gər meyə,
Zahid əlindən ayruq ol cami-piyalə düşməyə.

Yüz ilə qaşını necə vəsf edə ya bəyan qıla,
Şol ki, anın nikahı ol bədrü hilalə düşməyə.

Xalü xətin qələm kimi şərh edərəm ki, bir dəxi
Sərzəniş eyləyən məni cürmü vəbalə düşməyə.

Sünbülünü gül üstünə qoyma ki, yeli dağıda,
Ta ki, xəyali-xam edən fikri-məhalə düşməyə.