Vikimənbə:Günün mətni/noyabr 21

Vikimənbə saytından

26. Məcnunun maralı azad etməsi
Nizami Gəncəvi

Çəkdi bayrağını gülüzlü səhər,
Yenə al şəfəqə boyandı göylər.
Bax, Çinin aynası parladı Çindən,
Həbəşin qaşları çatıldı birdən.
Paslı ayna kimi ürəyi tutqun,
Xəyal aynasını gəzdirən Məcnun
Oddan tüstü kimi qalxdı bu zaman,
Ənbər saçılırdı gül varlığından.
O, aşiq qəlbiylə dalıb xəyalə,
Gedirdi dilində şerlə nalə.
Pərişan gözləri yol süpürürdü,
Könlündən keçəni allah görürdü...
O birdən yetişdi şikar yerinə,
Qurulmuş tələyə rast gəldi yenə.
Gördü ki, tələyə düşmüş bir maral,
Boynunda zəncir var, alnında zaval.
Ovçu o gülüzlü maralı görcək,
Ona hücum çəkir qızmış aslan tək.
İstədi axıtsın günahsız bir qan,
Nə çıxar günahsız tökülən qandan?