Vikimənbə:Günün mətni/noyabr 26

Vikimənbə saytından

Leylinin İbn-Səlamın evinə köçməsi
Nizami Gəncəvi

Günəş səhər-səhər yuxudan durdu,
Çadrını göy rəngli gülşəndə qurdu.
Gecə səyyarəsi alışıb yandı,
Nil rəngli Dəcləyə tərəf yollandı.
Sevincək yerindən sıçradı damad,
Kəcavə bəzədi ürəyi çox şad.
Elə ki, əyləşdi kəcavədə qız,
Onu çox hörmətlə aparıb yalnız,
Taxtını, tacını tapşırdı ona,
Dedi, hakim olsun bu gözəl sona.
Keçdi iki-üç gün, həya üzündən
O mumu səbr ilə yumşaltdı, bilsən.
Xurma ağacına bir gün əl atdı,
Xurmalı budağa o əl uzatdı.
Lakin, o, Leylidən bir zərbə aldı,
Ağrıdan sustalıb yerində qaldı.
Qızın silləsindən o birdən-birə,
Cansız ölü kimi sərildi yerə.
Qız dedi: "Bir daha belə iş görsən,
Təqsiri məndə yox, özündə gör sən.
Mənim surətimi qurub bəzəyən
Böyük sənətkara and içirəm mən,
Qanımı töksə də sənin inadın,
Hasil olmayacaq məndən muradın".