Məzmuna keç

Vikimənbə:Günün mətni/noyabr 27

Vikimənbə saytından

Leylinin ərə getməsindən Məcnunun xəbər tutması
Nizami Gəncəvi

Bağdad ellərinin söz yaradanı
Belə nəql eyləyir bizim dastanı:
Boyun zəncirini qırmış o dəli,
Yenicə ay görmüş başı zədəli,
Bağrı kabab olmuş, sərxoş xəyallı,
O xaraba kəndli, viran mahallı
Gəzirdi çölləri gözlərində qəm,
Dərd idi, ah idi qəlbinə həmdəm.
Yarından bir qoqu gətirsəydi yel,
Gülərdi yaz kimi ürəyi tel-tel.
Cananın can verən xoş qoqusundan
Ənbərə çalardı rəngi hər zaman.
Ruhu əyləndirən o xoş ənbərdən
Zövq alıb təsəlli tapardı hərdən.
Müğilan dibində o bəxti qara
Zəlil tək düşmüşdü yaş torpaqlara.
Xəyalı çaşaraq düşmüşdü əldən,
O seçə bilmirdi tikanı güldən.
Bu vaxt dəvə üstə bir nəfər insan
Keçdi gürzə kimi onun yanından.
O bədbəxt əsiri görüncə yolçu,
Dəvəni saxladı, dedi: "Nədir bu?"