Vikimənbə:Günün mətni/oktyabr 17
Görünüş
Ey səba
Molla Pənah Vaqif
Ey səba, yarə de kim, avarə gördüm Vaqifi,
Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi,
Bağrı olmuş sərbəsər sədparə gördüm Vaqifi,
Aqibət salmış özün odlarə gördüm vaqifi,
Gecə-gündüz müntəzir didarə gördüm Vaqifi.
Bir yanar atəş salıb pərvanə tək əzainə,
Oxşayıbdır dəhrdə aşiqlərin risvasinə,
Nalə eylər gecə-gündüz, yalvarır mövlasinə,
Baş qoyub eylə sənin ol zülfünün sevdasinə,
Bir zaman basmaz ayaq bazarə, gördüm Vaqifi.
Qaməti-mövzun ilə bir sərvi-gülşənsən gözəl!
İki dünyanın səfavü zövqünə tənsən, gözəl!
İtməyə gözdən, könüldən ayrısan, gensən gözəl!
Fikri, zikri, dediyi, danışdığı sənsən, gözəl.
Mayil olmaz hər yetən köftarə, gördüm Vaqifi.