Vikimənbə:Günün mətni/oktyabr 19
Görünüş
Bir məktəbdə imtahan
Abbas Səhhət
İmtahan məclisi qurulmuşdur,
Zalda skamyalar qoyulmuşdur
Bir-birindən beş-altı arşın uzaq,
Hər bir skamya üzrə tək bir uşaq,
Nəzmü tərtib ilə oturmuşlar,
İmtahançın siyahı tutmuşlar.
Bunların qarşısında azca kənar
Yaşıl örtüklü bir böyük miz var.
Üzvi-məxsus olan müəllimlər,
Həp oturmuş nizam ilə yeksər.
Qapılar örtülüb qapanmışdır,
Arxasında nökər dayanmışdır.
Qeyz ilə durmuş ortalıqda müdir,
İmtahan yazısın edir təqdir.
Rəd tək gurlayan zamanda səsi,
Çıxmayır, san, çocuqların nəfəsi,
Hamının qarşıda qələm-kağızı,
Qurumuşdur yazıqların boğazı.