Vikimənbə:Günün mətni/oktyabr 26

Vikimənbə saytından

Leyli və Məcnun (Ön söz)
Nizami Gəncəvi

Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.
Sən, ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir dilimdən bir dəm.
Bütün varlıqları özün yaratdın,
Bağlı qapılara açardır adın.
Adının qərarı olmadan əvvəl
Qələm tutmamışdır dünyada bir əl.
Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli.
Sənin tərifindir "təbarəkallah"
Alqış cəlalına, feyzinə, allah!
Yeddi qız, doqquz taxt qapında sənin
Olmuşdur daima pərdə çəkənin.
Ey öz varlığı da bilinməz hekmət,
Zahirə, batinə bir sənsən bələd.
Bütün bu canlılar, cansızlar ki, var,
"Yaran" deməyinlə yarandı onlar.
Hökmünlə ruh alır, əql alır bədən,
Yaradan da sənsən, öldürən də sən.
Ey sirr aləminin ulu məhrəmi,
Dolduran, boşaldan sənsən aləmi.
Sənin sifətində öz tərifin var,
Yox sözün yox olur, var sözün də var.