Vikimənbə:Günün mətni/oktyabr 3

Vikimənbə saytından

Qara Qənbər
Cəfər Cabbarlı

Qara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət "trestlərinin" birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində "fələ sinfinə mənsubam" yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı. Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.
Qənbər görürdü ki, qulluq heç çətin şey deyildir. Xülasə, səhər bir neçə saat kabinetdə əgləşmək, həftədə də iki-üç dəfə idarə və komisyələr iclasında olmaq lazımdır. Başqa vəqtlərini də tiyatroda, qonaqlıqda xoşluqla keçirərdi.
Qara Qənbəri hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi.
Qara Qənbərin tanış və dostları da az degildi, özü də adlı-sanlı adamlar idi: hamı da bunu ora-bura qonaqlığa dartardi, böylə ki, Qara Qənbərin heç vaxtı çatmazdı. Hər evdə xanımlar buna söyləyərdi: Biz vallah hər şəxslə aşna, dostluq etmərik, amma nədənsə hər kəs bizimlə tanış olursa, heç qiyamətədək tanışlığı pozulmaz. Bu neçə ildə bizim evdə cürbəcür böyük qonaqlar olubdur. İngilis, türk zabitləri, hamısı bizdən razı gediblər. Siz də bizim əziz qonağımızsınız, elə degilmi?.. Qara Qənbərə o qədər qulluq göstərirdilər ki, o axırda bu işlərdən sərxoş kimi olurdu. Az qalırdı əqli uça. Qara Qənbərin əqli də az deyildi: hər kəs onunla bir neçə kəlmə qonuşurdu, onun təbii əql və zəkasına təəccüblük göstərirdi.
Bu gün Qara Qənbər aynaya baxıb, öz-özünə söylənirdi: böylə yaramaz bığları gərək qırxdıram, modnı edəm. Paltarı da gərək dəyişəm, fasonlaşdıram. Daha "NEP" zamanıdır. Bir neçə gündən sonra Qara Qənbəri kim görsəydi, tanımazdı. Bundan sonra Qara Qənbər tanışlarının yanına getdikdə daha utanmazdı. Amma bir şey onu çox sıxardı: böylə ki, hamu qonaqlar gəldikdə məclisdə olan xanımların əlini öpərdi, ancaq Qara Qənbər bilməzdi ki, nə etsin. Çünki ömründə böylə şeyə rast gəlməmişdi. Əvvəllər çox sıxılırdı, bəlkə bərk də qızarırdı. Amma sonra gördü ki, hamu böylə edir, bu adi bir işdir, həm də gözəl işdir. O da axırda qonaq gəldikdə xanımların yumşaq əllərini qalın dodaqlarına aparırdı. Amma Qara Qənbər yalnız əvvəllərdə böylə edərdi, dışarıda ehtiyat edərdi. İçki kampaniyasında Qara Qən¬bər həmişə tost söylərdi və deyərdi ki, Azərbaycanda üzümçülük və şərabçılıq təsərrüfatımızın artmasına böyük səbəbdir. Daha artıq kəndlə şəhərin yaxınlaşmasına vasitədir.