Məzmuna keç

Vikimənbə:Günün mətni/yanvar 13

Vikimənbə saytından

Poçt qutusu
Mikayıl Müşfiq

İllərdir bu divara, sən ey poçt qutusu,
Yorğun bir adam kimi dayamışsan arxanı,
Saqlıdır içərində sirlərin ən quytusu,
Tanımayan bulunmaz sənin açıq yaxanı.
 
Karvanların uzayan yollarının zülmünə
Canla, başla, ürəklə dəmir köksünü gərdin.
Kiminə nəşə sundun, qəm içirdin kiminə,
Buna həyat, onaysa ölüm pəyamı verdin.
 
Bəzinin ələmində, bəzinin çaqasında
İştirak eyləmişsin anlamadan, müxtəsər.
Kim bilir ki, o sakit sinənin arxasında
Bir quş kimi döyünmüş neçə-neçə ürəklər.