Vikimənbə:Günün mətni/yanvar 19

Vikimənbə saytından

Kəndli və ilan
Mikayıl Müşfiq

Qaranlıq örtülərin
İçində dərin-dərin
Uyuyan yorğun gecə
Xoruzlar ötüşüncə,
Diksinərək oyandı,
Yandı dan yeri, yandı.

Ulduzlar axdı keçdi,
Həsrətlə baxdı keçdi.
Kirəmidləri bayquş
Qanadından qoyulmuş
Daxmalar üzə çıxdı,
Yollar gündüzə çıxdı.
Ağaclar sərin-sərin
Əsən xəfif yellərin
Titrədi nəfəsiylə.
Quşların nəğməsiylə
Ətirlədi hər yeri
Sabahın çiçəkləri.