Vikimənbə:Günün mətni/sentyabr 11

Vikimənbə saytından

Dur qaçaq, oğlum, baş-ayaq qandı bu
Mirzə Ələkbər Sabir

Vah! ... bu imiş dərsi-üsuli-cədid?!
Yo ... x! Yo ... x! oğul, məktəbi-üsyandı bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Gör necə alt-üst eləyib şeyləri:
Döndərib "a-ba"-ya "əlif-bey"-ləri,
Bidətə bax "ya" oxudur "ey"-- ləri,
Sanki hürufat ilə düşmandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Diqqət edib baxsan əgər dərsinə --
Hər sözü təlim eləyir tərsinə;
Dəyməz о bir paslı dəmir ərsinə --
Min də desə dürci-zərəfşandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!