Viranə Şəmaxidə mənə gənc tapılmaz
Görünüş
Viranə Şəmaxidə mənə gənc tapılmaz Müəllif: Mirzə Ələkbər Sabir |
Viranə Şəmaxidə mənə gənc tapılmaz,
Bir gənc bu viranədə birənc tapılmaz.
Pistani-sənəmtək iki limu ələ keçməz,
Bir ğəbğəbi-dilbər kimi parinc tapılmaz.
Rux tutmağa dərgahına bir şah bulunmaz,
Fərzini-xirəd seyrine şətrənc tapılmaz.
Bu bağdə bir növgüli-bixar görünməz,
Bu bəzmdə bir dilbəri-biğünc tapılmaz.
Bu xaneyi-şəşdərdə iki kəb atılmaz,
Bu təxteyi-heyrətdə şeşü pənc tapılmaz.
Tərsadə pəriruy gözəl çoxdu və lakın
Səntək gözəl, ey dilbəri-Gürgənc, tapılmaz.
Şirin söz ilə saldı o ahuni kəməndə,
Sabir kimi bir rindi-süxənsənc tapılmaz.
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 313