Ya vəslin üçün nişan gərəkdir
Görünüş
Ya vəslin üçün nişan gərəkdir Müəllif: Xaqani Şirvani Tərcümə edən: Əliağa Vahid |
Ya vəslin üçün nişan gərəkdir,
Ya dərdimə son qoyan gərəkdir.
Qəmdən yanıram, o şux görmür,
Şöləm gözünə əyan gərəkdir.
Sən, vəslimi et tələb deyirdin,
Ondan mənə bir nişan gərəkdir.
Bir gün yetəcək vüsala könlüm,
Lakin, buna çox zaman gərəkdir...
Daim məni yersiz incidirsən,
Təqsirim ola bəyan gərəkdir.
Dünya ikiüzlü, bəxtim on rəng,
Sən bir ürək ol, aman, gərəkdir.
Viranəyədir bütün lağımlar,
Gənçinəyə yol tapan gərəkdir.
Bir qamçı kimi əlində zülfün,
Göylər atını çapan gərəkdir.
Zülmət gecəyə şəvə saçından,
Zövq ilə bəzək vuran gərəkdir.
Dən qalmadı ömr sünbülündə,
Qəlbin dəni yandı, can gərəkdir.
Xaqani olub fəsaneyi-eşq,
Əldə belə dasitan gərəkdir.