Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən!
Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən!
Nə olur ta bu müsəlmanlığa da bir gələsən,
Bakudə bir neçə gün rahət edib dincələsən,
Hacılarla olasan hər gecə həmməşğələ sən,
Görəsən bir para yerlərdə nə canlar var, əmu!
Necə kef çəkməyə xəlvətcə məkanlar var, əmu!
Dolaşıb bulvarı hər gün gəzəsən biminnət,
Xassə, axşama qalarkən bir, iki, üç saət,
Görəsən orda neçə oğlan, uşaq, qız, övrət –
Cümləsi simbədən, zöhrəcəbin, məhtəl’ət,
Xubru, qaliyəmu, qönçədəhənlər var, əmu!
Özün insaf edəsən, ta necə canlar var, əmu!
Ol yerə sanma çıxır seyrə fəqət hərcayılar,
Yox, yox, orda gəzənin əksəri mö’min sayılar,
Lap sənin tək əmilərdir və mənim tək dayılar,
Pak, mö’min hacılar, məşhədilər, kablayılar,
Həpsinin səcdədən alnında nişanlar var, əmu!
Dəyişik donda gəzən mərsiyəxanlar var, əmu!
Cümləsi ağzı dualı, bütünü əhli-nəmaz,
Əldəki sübheyi-səddanələri tulü diraz,
Dilim, ağzım qurusun şəkkə düşürsəm də bir az!
Demirəm mən nə şeyidbazdı, nə də kim, beçəbaz…
Bir para çünki xəta yollu gümanlar var, əmu!
Nə işim, bə’zi gümanlarda ziyanlar var, əmu!
Demirəm bulvara bunlar nə xəyal ilə gəlir?!..
Kişilər bəlkə də bir başqa məal ilə gəlir!..
Bu qədər var… dəyişik surəti-hal ilə gəlir,
Qəmü həsrətlə gedir, dərdü məlal ilə gəlir!..
Bilmirəm bunda nə əsrari-nihanlar var, əmu?
Bildiyimcə desəm, aya, inananlar var, əmu?!