Yeddi cam/Mütrüb ilə söhbət
| ←Yeddinci camın keyfiyyəti | Yeddi cam. Mütrüb ilə söhbət Müəllif: Məhəmməd Füzuli |
Bir yerdə idim bir gecə mən, Mütrüb olanda,
Bir cənnətə çevrildi mənim məclisim onda.
Sordum ona:
– Ey, qəlbim açan həmdəmim İnsan,
Qaldır göyə min nəşə duyaq bəlkə sazından.
Mütrüb eşidib qalxdı, haman sazsız əliylə,
Cismiylə, başiylə və о mənalı diliylə,
Nitqiylə tutub qollarını bağladı sazın,
Kəsdi yolunu, qarşısını saxladı sazın.
– Bu rütbə nədir? Sordum ona, söylə bir, ey yar,
Bir rütbə ki, zatında tapılmaz dolaşıqlar?
Mütrüb dedi:
– Ruhani olan feyzdi, feyzim,
Nadanlıq olar, qeyrə könül vermə, nə lazım.
Qeyri kəsə bu dəhrdə meyil etmə, ey İnsan.
Dost sirrini dostun ürəyindən eşit hər an.
Öz sirrini açma Neyə, saxla onu pünhan,
Çün ağzı açıqdır, danışar hərzəvü hədyan.
Dəfdən uzaq ol ki, işi ah ilə fəğandır,
Bir sillə ilə hər şeyi dünyayə açandır.
Öz sirrin ilə Çəngi dəxi eyləmə məhrəm,
Çün kim qulağın bursa açıb söyləyəcək, həm.
Öz sirrini Tənburə də gəl açma ki, səndən,
Gəzli işini öyrənəcəkdir sənə düşmən.
Qanundan uzaq gəz, ona sirr açma, kənar dur,
Izhar eləməkçin çün onun yüz dili vardır.
Bu firqə haram oldu bütün xalqa ki, onlar.
Dünya bazarında hamı yolbilməz olurlar.
Söylə, de görüm, mazidən heç bir xəbərin var,
Ki, bir neçə rədd etdi əmanətləri ruzgar?!
Çün cansız olanlar tuta bilməzlər əmanət,
Ruzgar sənə tapşırdı ki, min dürlü xəyanət,
Yad əldən onu qoruyasan ta uzun illər.
Bir gün də gəlib səndən ala tapşıran əllər.
Hər cansıza gəl sən eləmə sirrini izhar,
Qorx ki, bu qəza, çərxi dolanmışda xilaf var!
Hikmətlər açan nitqdən heç olma uzaq sən,
İnsan bədənində budu can, çünki əzəldən.
Huş əhli xəyal etdi ki, guya bu cahanda,
Dinməz oturanlar ölü, can var danışanda.
Bu dünyada yalnız qalacaqdır quru bir ad,
Sən də elə söz söylə ki, daim olasan yad.
İş vaxtı sən ol sözləri gəl eylə ki, təkrar,
Təkrarı üçün tənə yeyib olmayasan xar.
Öylə elə ki, başdan-ayağa sözün, əlbət
Aydınlada bilsin bizə min dürlü şəriət.
Qəlbində olan dinini gəl eyləmə izhar!
Öz sözlərini daim nəql et açıq-aşkar.
Hər vaxt, a Müğənni, ki əlin yetdi üsulə.
Məclis bəzəyən ol о günü əhli-qəbulə.
Qeyrilərin əhvalını vəsf etmə, uzaq qaç,
Bir kəlmədə öz halınızı nəql edərək aç.
Füzuli kimi mən də qalıb dəhrdə çun lal,
Gəlmir hünərim nəql edib aşkar eləyim hal.
Xoş ol kəsə hər yerdə mənim tək dolu camdan,
Meydən, məzədən söhbət açar daim, hər an.
Bir mey, məzə ki, hər kəsə ta ruzi-əzəldən,
Keyfiyyəti məlumdur, heç düşmədi əldən.