Məzmuna keç

Yeddi cam

Vikimənbə saytından
Yeddi cam
Müəllif: Məhəmməd Füzuli
poema

Qəflət yuxusundan о zaman kim oyanıb mən,
Söz bayrağı qaldırdım uzaq göylərə yerdən.
Güldü nəzərimdə mənim hər elm və hikmət,
Gəzdim yol alıb sənət ara xeyli imarət.
Meyxanə kimi dəbdəbəli, sevgili mənzil,
Həm piri-muğan tək üzü хoş mürşidi-kamil.
Mən görmədim heç yerdə, şikayətlə dedim: – Dövr
Neyçin bu qədər zülm edərək vermədədir cövr?
Rəyi bəyənilmiş bir ağıllı, qoca İnsan,
Müşkül işimi böylə açıb söylədi: – Ey can,
Arzu kələfində vurulan bu düyün, əlbət,
Əql üzrə doğub, dövrana, gəl, eyləmə töhmət.
Gör əqd fəzasında neçə dürlü xəyal var,
Bihudə və boşdur dediyim həm bu xəyallar.
Əql ilə ələm, bil ki, əkizdir bu cahanda,
Əqlin yохalırsa, gedəcək ahü fəğan da.
Meydən tələb eylə, məzədən istə dəva sən,
Gəz badədə axtar həmişə, dərdə şəfa sən.
Dövri-qədəh ilə dolanır, bil ki, bu aləm,
Gəz dövri-qədəhdən tapasan şadlığı sən həm.
Vurma yaralı qəlbinə dağ çərxi-fələkdən,
Bu yeddi bağı seyr eləyib mey gülü dər sən.
Səyyarələrin seyrinə baxdıqca tutulma,
Ver könlünü bu yeddi dənə mey dolu cama!
Şadlıq elə daim dolanıb nurlu Günəş tək,
Bir həftə qızıl badədə öz zövqünü sən çək.
Yekşənbə olunca о qədər iç ki, bu meydən,
Ta huşə gəlib yeddicə gün məst olasan sən.
Gər badə üçün yоxsa pulun söylə Günəş, Ay,
Sındırsın haman qürsünü, versin sənə bir pay.
Düşənbəni düşənbəyədək iç bu şərabı,
Meydən elə cəm atəşini söndürən abı.
Gər lazım isə məclisinə qənd, şəkər, sən
Ay qürsünü sındırmağı, gəl, istə fələkdən.
Öylə ki, seşənbə günü mey dəydi dodağə,
Dövr etdir onu yeddicə gün salma ayağə.
Gər zahid olan etsə sənə zərrə əziyyət,
Sərxoş görünən Mərrixə qıl tezcə işarət.
Çərşənbə günü, badə ilə üz-üzə gəlsən,
Bir həftə onun dövrünü heç yığmagilən sən
Qoy könül evi nura batıb həzz ilə dolsun,
Qoy məclisinə peyki-Ütarid nədim olsun.
Pəncşənbə günü öylə ki, aldın ələ camı,
Bir həftə bu növ ilə keçir sübh ilə şamı.
Gər məclisinə düşsə sənin başqa xəyallar,
Huşyar görünən Bərcisə ver dürlü suallar.
Cümə gününü sahibi-dillərlə bərabər,
Mey iç gələcək cüməyədək böylə sərasər.
Gər məclisinə lazım isə qəlbi açan saz,
Et bircə işarətlə gözəl Zöhrəni rəqqas.
Şənbə yetişincə о qədər iç ki, bayıl sən.
Ta ki, gələcək şənbə günü bir də ayıl sən.
Gər bir acıdan şübhələnib qorxuda qalsan,
Peyki-Zühəli qapıda xidmətçi qoyarsan.
Söz ver о gözəl Saqiyə öz eşqini saçsın,
Könlüm üzünə bağlı olan yolları açsın.
Alsın bu fəqirin yükünü dərdli dilindən,
Qaldırsın ayağə, tutaraq meylə əlindən.
Bir mey ki, ağıl mülkü üçün nurlu çıraqdır,
Nəinki ağıl, şamü səhər ondan uzaqdır.
Bir mey ki, şəriət оxusun onda nizamı,
Bir mey ki, şəriət deməsin küfr-həramı.
Piri-muğanın eşqi ilə Saqidən, ey can,
Mən bağrı yanıq eylə ki, aldım ələ bir cam.
Könlüm evi yüksəldi göyə, nəşəyə doldu,
Ondan üzümə, mərifətə yol açıq oldu.
Bomboş ürəyim oldu mənim sirlər ocağı,
Allah kömək olsun sənə, ey sehrli Saqi!
Mey vermək ilə qıflı açıb dərdli dilimdən,
Sordun ki, sənə gizli qalan sirlər açım mən?!
Öylə isə gəl indi məni-aşiqi mey ver,
Doldur qədəhi, durma daha peydəri-pey ver.
Ver səbi-məsani adına yeddidə gəl dur,
Ver, ver ki, içim, qıyma mənə kasəni doldur.

Bölmələr

[redaktə]