Məzmuna keç

Yeddi cam/Ud ilə söhbət

Vikimənbə saytından
Dördüncü camın keyfiyyəti Yeddi cam. Ud ilə söhbət
Müəllif: Məhəmməd Füzuli
Beşinci camın keyfiyyəti


Yüz nəşə ilə bir gecə bir bəzm düzəltdim,
Mən bu işi bir hikmət üçün bərqərar etdim.
Bir Ud sədası bu zaman qalxdı həvayə,
Yandım, tütünüm çıxdı mənim övci-səmayə.
Sordum ona: "Ey sirlər ilə eyləyən ülfət!
Sirr xəzinəsinin xəznədarı, sahibi-nemət!
Söylə, de görüm bir necə şeydir ki, cahanda,
Sirr əhli də sənsən, bu hava ilə yanan da!
Kimlər sənə öyrətdi bu atəşli nəvanı,
Şahlıq ağacım yandı eşitcək bu havanı.
Bu söhbəti gəl eylə mənə büsbütün izhar,
Bu işlərinin pərdələrində, de, nə sir var.
Ki, tazə havalar adına çox diribaşsan?!
Candan xəbərin var belə cansız yaşayırkan!
Bir parça ağacsan ki, havandır sarı tellər.
Bir zərrə qığılcım onu atəşdə kül eylər!
Fikrim budu gəl olsa idi dərdli fəğanın,
Bu vəqtə kimi qalmaz idi zərrə nişanın,
Qafilsən özündən ki, gülür daima halın,
Asudədi qəlbin, ürəyin, yоxdu məlalın.
Öz dərdini, öz arzun ilə söyləməyirsən,
Dindirməsələr heç şeyi izhar eləmirsən".
Mürvətli olan Ud eşidib söylədi: "Ey can,
Heç bir xəbərim yоxdu sanıb saydığın haldan.
Əzzəl günü ki, hazır olub çıxdım arayə,
Ondan bəridir düşdü canım zövqü səfayə.
Bu nəşə, bu zövq aldı təmamən məni məndən,
Məstlik qapısın sındıraraq çıxdım о gündən.
Heç bilmədim onlar mənə axır nələr etdi,
Onlar məni neyçün və nədən ötrü düzəltdi.
Məndən deyil, əlbət, bu doğan xəstə fəğanlar,
Ustadıma sor şadlığımı eyləsin izhar.
Bu qəlbi sökən dərdli həzin nəğmələrimçin,
Ustadıma get söylə mənim mərhəba min-min.
Təkcə mənə məxsus da deyil nəşəli hallar.
Burdan pay umar bəzmdə huşsuz oturanlar.
Onlar da gəzir bixəbər öz hali-qəmindən,
Öz işlərimin axırını bilmirəm həm mən.
Ancaq məni bu dünyada bir təkcə quran var,
Yalnız tək onun çalması min nəqş edir izhar.
Bu karxanada mən ilə sən alətik, ey dost.
Sənətdən uzaq ayrı, kənar xilqətik, ey dost".
Udun ulağın bur, a Müğənni, edib ülfət,
Aşkar eləsin taki nədir əsl həqiqət.
Bur, bur ki, uca səslə açıb dil bizə bir-bir,
Öz zatü sifətini əyan eyləyəcəkdir!
Gəl doğruluğu zahir elə indi məcazdan,
Zənn etmə Füzuli açacaq sirləri əlan.
Хoş ol kəsə ki, şamü səhər məst, düşüb əldən,
Piri-muğana oldu mürid can ilə dildən.
Sərməstliyindən tuta bilmir yer ayaği,
Bilmir ki, piyalə nədi, ya hardadı Saqi.