Məzmuna keç

Yerdəkilərin göyə şikayəti

Vikimənbə saytından
Yerdəkilərin göyə şikayəti
Müəllif: Seyid Əzim Şirvani


Bir zaman tutdu zülm dünyanı,
Ucalır xəlqin ərşə əfğanı.
Hərcü mərc oldu dari-mülki-cahan,
Dəhrdə qətlü qarət oldu əyan.
Yığışıb xəlq etdilər şura,
Göyə getsin gərək neçə dana,
Eyləsinlər şikayət allahə,
Çarə qılsın bu qövmi-gümrahə.
İntixab etdilər neçə zahid,
Pakdamanü mürşüdü abid.
Çıxıb ərşə şikayət etsinlər,
Bir sərəncam alıb qayıtsınlar.
On nəfər mərdi-feyzi-əkrəm ilə,
Çıxıban ərşə “İsmi-əzəm” ilə,
Gördülər ki, xudayi-ərşi-sərir
Ağarıb saqqalı, olubdur pir.
Edibən təkyə istirahətlə,
Uzanıb ərş üstə rahətlə.
Etdilər ərz, key xudayi-cahan,
Qətlü qarət olub cahanda əyan.
Dedilər yoxdu istirahətimiz,
Qalmayıb şövkət ilə izzətimiz.
İzzətin həqqi eylə bir çarə,
Olmuşuq cümləmiz günüqarə.
Dedi: - Mən xeyli çəkmişəm zəhmət,
Etmişəm sizləri hamı xilqət.
Qocalıb indi olmuşam mən pir,
Dəxi aləmdə bilmirəm tədbir.
Yatmışam burda istirahət ilə,
Bir neçə vəqtlərdü rahət ilə.
Vermişəm bu cahanı İsayə,
Oğlum, ol ruhbəxşi-valayə.
Gedin, İsayə ərzi-hal qılın.
Gəlibən ol güruhi-ruhani,
Çərxi-çarümdə tapdı İsani.
Etdilər cümlə macəranı bəyan,
Dərdi-pünhanə istəyib dərman.
Dedi İsa ki, ey güruhi-dəğa,
Yoxdu sizlərdə zərrə qədri həya.
Gəlmiş idim nicat üçün dəhrə,
Gah məni Misrə qıldız avarə,
Gah çəkdiz tutub məni darə.
Gözünü qoyduz annəmin giryan,
Oldu rüxsarə əşki danəfəşan.
Xalam oğlu, o pak Yəhyanı,
Öldürüb teştə tökdüz al qanı.
Zəkəriyyanı etdiz avarə,
Ərrə iləvücudini parə.
Qoymadız beş gün istirahət edək,
Rahi-həqqə sizi hidayət edək.
Qoymadız həq yetişsin isbatə,
Aqibət qaçmışam səmavatə.
İstəyirsiz gələm o dünyayə-
Ki, düşəm tazədən qəmü vayə?
Yaxasız möhnət ilə narə məni,
Çəkəsiz ta dübarə darə məni?
Bu xəyalatdan düşün, heyhat!
Zatüvüz çün mənə olub isbat.
Yəni mən bir də xakdanə gələm,
Qoyuban göyləri, cahanə gələm?
Canuvuz çıxsın, ey üzü qarə,
Başuvuzçun gedin qılın çarə.