Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər
Görünüş
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,
Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.
Е’tiqadınca yatar-yatmaz qucar qılmanları,
Ol səbəbdəndir nəmaz üstündə də yatmaq dilər.
Əbləhin fikrincə cənnət bir Buxara şəhridir,
Beççə tək qılmanları bulduqca oynatmaq dilər.
Məqsədi sövmü səlatindən bu imişkən, yazıq
Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.
Uyquda axtardığın zahirdə, ya rəb, tapmasın!1
Yoxsa illik taətin biryolluğa satmaq dilər!
Rindü2 risva gördüyün zahid görərsə, şübhəsiz,
Səbhəsin, səccadəsin zöhdilə3 fırlatmaq dilər.
Küfrün iksir olduğun zahid, amandır, bilməsin,
Yoxsa bir zərrə bulub imanına qatmaq dilər!