Məzmuna keç

Zahida, gəl soyunaq bir kərə paltarımızı

Vikimənbə saytından
Zahida, gəl soyunaq bir kərə paltarımızı
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 200. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Hələlik gəl unudaq, filməsəl, öz lafımızı,
Iddiamızca açaq ayineyi-safımızı,
Alaq ayinəyə qarşı bütün əsnafımızı,
Göstərək onlara, insaf üçün, insafımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Nola bir ləhzəlik olsun ataq əlqabımızı,
Çıxaraq hörməti calib olan əsvabımızı,
Toplayaq bir yerə ədamızı, əhbabımızı,
Məhzəri-nasə qoyaq sirətü adabımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,
Həm də doğru olaraq şərh edək əhvalımızı,
Xəlq tətbiq eləsin halımıza qalımızı,
Anlasınlar da, nolur, qayeyi-amalımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!