Zalım Şəcər dad əlindən
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Zalim Şəcər dad əlindən Müəllif: Aşıq Pəri |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Zalım Şəcər dad əlindən,
Sən ha nahaq qan eylədin.
Zülm ilə könlüm şəhrini,
Gör necə viran eylədin.
Saymadın sultanı, xanı,
Eyləyibsən nahaq qanı,
Badam kimi novcavanı,
Yer ilə yeksan eylədin.
Necə qıydın gülzarına,
Pünhan keçən iqrarına,
Saldın yollar kənarına,
Dörd yanı al qan eylədin?
Pərinin dərdi tüğyandı,
Sakin yeri Maralyandı,
Gülüm qönçəsində yandı,
Bülbüllər əfqan eylədi.