Məzmuna keç

"Əkinçi", 15 mart 1876, №5/Məktubat

Vikimənbə saytından
Əkin və ziraət xəbərləri "Əkinçi", 15 mart 1876, №5

Təzə xəbər

Badkubəli molla cənabları elmi-əbdan sualında mətləbi-salisi belə bəyan buyurublar: nəf və zərər edən şeylər və lazım olan əmrlər ya insanın öz təcrübəsi ilə olur və ya həkimi-haziq ila-axir.

Əvvələn, bu məqbuledən belə mə’lumdur ki, cənab ağa məhz tibb elmin mənzur buyurublar ki, təcrübə ilə müalicəni xilaf və həkimi-haziq rə'yinin mütabeətin cavab və xoşbəxtlik hesab ediblər. Haşa ki, məhz murad bu elm olmuş ola ki, belə surətdə laməhalə üləmanın tibb elmindən filcümlə vaqif olmaları lazım olurdu.

Saniyən, ayati-Quran və əhadisi-qüdsi əlfazın kəlli-münnasa əla qədəri üqulihiml babətindən məqamına görə məna olmasa və bir müddəi irad tutsa ki, sizin ayat və əhadisin ləfzi mənaları bir-birinin ziddi və xilafıdır, nə cavab vermək olur. Pəs lazım gəlir ki, əlfazın məna və muradın anlayıb bəyan eləmək.90 Salisən, təcrübə və nəf və zərər edən şeylər biduni-əql payeyi-nöqsandadır və əql biduni-elm və cəvahir kimidir ki, pak və təraş olmamış heç bir qədrü qiymət onunçün müəyyən deyil, ona binaən adabi-elmə baliğ olmayan əqldən bir səmər, bir vəzə gəlməz. Pəs nəf və zərər edən şeyləri elmi-əbdan hikmətin anlamamış bilmək qeyr mümkündür.

Rabiən, biz müsəlman tayfasının bədbəxtliyinə bundan ziyadə nə dəlil ki, qədim zamanda hikmətdən xəbərdar olan padşahlar öz dövlətlərinə tərəqqi verməkdən ötrü bəzi təvaif qeyr mətbuəyə karxana və maşın və bunalara münasib əməlləri dürüst eləməyə mən' eləyir idilər ki, onlar öz məhsulatın götürüb, ol padşahın öz dövlətində olan karxanalara satıb və haman malın təmiz olmuşun iki başa kirayə verib dala qaytarsınlar. Amma bizlər öz ixtiyarımız ilə o əmrləri bina eləməkdən uzaq qaçırıq.

Kücast ehli-dili ta küne delaleti-xeyir - Ki ma bedust nebordim reh, behiç teriq91.

Baqisi yazılacaq

Heydəri

  • * *

7-c i f ə s i 1. Əvvələn cəmi məratibi-kəmalata yetişməyin dəlili əql yolu, elm körpüsü, doğruluqdur. Əz hər çe talib küni şəb və ruz əvvəl rəhi-elm və sidq amuz92.

Salisən, kəmal ibarətdir o elmi-əməldən ki, onun millət, dövlət üçün bir faydası ola. Hər elmin faydasına qədər mərtəbeyi-kəmali mülahizə olunur, xah qovlü, xah fe'li və söz kəmalm kilididir. Kəlmeyi-daniş və hikmət daneyicəvahirdən mərğub və qiymətlidir.

R ü b a i:

Hikmətin kəlməsinin qiymətini gər bilələr.
Min ilin gövhəridir, hər birinin qiyməti var.
Sözlərin canına lütf ilə əgər fikr edələr,
Hər sözün bir canı yox, bəlkə onun min canı var.

Çün nəzmdə bir növ məlahət olduğuna əhli-daniş deyiblər əşşe'r fil-kəlam kəlmilhi fit təam93 nəinki batil və bihudə sözlərdən kitablar yazıla və çap olub ətfal və cühhal əlinə düşə, hər laübalı adam pər-puç sözləri bir-birinə toxuyub birin mədh, birin həcv, şərab və əmrədləri vəsf etmək ilə adın sahib-kəmal və həkim qoyub minaət xərcə versin, haşa və kəlla belə adam sahib-kəmal olmaz, bəlkə müin və ləşkəri-şeytan olub xalqı gümrah edər. Yaxşı olurdu bu əş'ar əvəzinə bez toxuyub bir növ əhli-elm və kəmal hesab oleydilər, ya pinəduzluq öyrənib bir qardaşın başmağı yırtılanda pinə edəydilər. Bu mətləbdə söz çoxdur. Bu fəsil əşşüəra yəttəbiü hüm elğavun94 ayəsinə iktifa edək.

Qərəz, ümdeyi-kəmalat ülumi-səltənət və əmri-nəhydir ki, millət, dövlətin ümuratının ümdə pişrəft və rövnəqi bu iki növ ülum ilədir. Habelə ümdə əhlikəmal bu iki qism ülumun alim və amilləridirlər ki, xalqı dolandırmaq zimamı bunlar ilədir. Gərək bunlar hər biri öz elminə müqərrər olan ümuratı qanun və qəvaidi-ədalət ilə möhkəm və müntəzim edə və o birinin əməlinə ixtilal etməyə ki, bədən zəif olduqca ruh qüvvətdən düşər. Lazımdır ruh və bədən məən ola, tab vücud salim və qəvi ola. Hərçənd ruh və bədən əlahiddə deyilir, amma həqiqətdə birdirlər. Pəs həzrətin bu kəlami-mö’cüznizamında iki növ əql və iki növ elm buyurmağından belə məfhum olur ki, millət üçün iki növ hakim lazımdır: biri məaşi-əbdana lazım olan ümurata rövnəq və sərəncam versin, biri dini-məada lazım olan üluma rövnəq versin və illa əql bir şeydir, həmçinin elm bir şeydir. Belə ki, sabiqən əql üçün neçə məsəl ərz oldu, biri su idi, necə ki, hər qism nəbatata sərf edələr, onu öz xasiyyətində həddi-kəmala yetirir. Habelə əqli hər bir elmə sərf edələr onu həddi-kəmala yetirir, necə ki su bir şeydir məhəlli-sərfinə binaən adlanır, məsələn, bağın ya bostanın suyu, ya dəyirmanın suyu qis əla haza95, pəs əqli-məaş və əqli-məad həm bu qəbildir və elm genə bir şeydir. Elmin mənası bilməkdir. Hər əməli öyrənməkdə təhsil olmuş ola onilə adlanır. Məsələn, elmi-rəyasət və ticarət və sənaət və ziraət və qis əla haza. Elmi-əbdan və ədyan, amma əqli-məaş müqəddəm buyurmağın dəlili vazöhdir ki, əvvəl məaş gərək fərahəm ola ki, məaş yol və körpü və məzrəədir məad üçün, həmçinin əbdani-alət və mərkəbdir ədyan üçün. Dinin səbatı bədən ilədir. Din biduni-bədəni-məad, biduni-məaş surətpəzir olmaz.

Gələn fəsil mə'niyi-dövlətdə ərz olacaq

Əhsənül-Qəvaid