Ölülər/İkinci məclis
←Birinci məclis | Ölülər. İkinci məclis Müəllif: Cəlil Məmmədquluzadə |
Üçüncü məclis→ |
Hacı Həsənin qonaq otağı. K ә r b ә l a y ı F a t m a x a n ı m və qulluqçusu Zeynəb evi səliqəyə salırlar. Nazlı sevincək gəzir, oynayır, oxuyur.
N a z l ı (sevincək anasına). Ana, başına dönüm, ana, o qadanı alım, ana, deyirlər bu gələn qonağımız ölüləri dirildir. Qadanı alım, ana, bir de görüm doğrudur, ya yox? (Anasını qucaqlayır).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay qız, mən nə bilim? Mən də sənin kimi. Deyirlər Xorasanda on yüz adam dirildib. Kərbəlayı Fətullah əmoğluvu da dirildib. Hələ məni ötür, indi qonaqların gəlmək vaxtıdır, qoy işimi görüm. Ay qız, Zeynəb, tez ol yasdıqları gətir, bu tərəfdən qoy. Bu xalçanı bir az bu tərəfə çək. Tez ol! Bir az çəpik tərpəş!
N a z l ı. Ana, vallah, bilmirəm ağlayım, ya gülüm. Vallah, gör fikrimə nə gəlir. Ana, ürəyimdə bir söz var, qoy deyim (anası dinmir). Ana, vallah, qonağımıza yalvaracağam, onun ayağına düşəcәyəm (ağlaya-ağlaya) mənim Sara bacımı da diriltsin.
K ә r b a l a y ı F a t m a x a n ı m. Ay qız, nə bilim (Yerə çöküb, üzünü çarqatının ucu ilə örtür və başlayır ağlamağa).
Z e y n ә b. Ay xanım, sən allah, ürəyini sıxma, allah kərimdir (Kərbəlayı Fatma xanım gözlərini silib, üzünü açır). Ay xanım, sən allah, o kişi necə adamdır ki, ölüləri dirildir? Yaxşı, bəlkə imamdı, seyiddi? Bay, allah, kərəminə şükür. (Bir az dinməyib). Sən allah, xanım, bircə bunu səndən soruşacaqdım ki, görəsən o kişi kasıbların da ölüsünü dirildir, ya bircə dövlətli adamlarınkını? Vallah, xanım, bu gün o qədər fikir eləmişəm heç bilmirəm nə qayırıram. Doğrusu (ağlaya-ağlaya) bizim balaca oğlan bu gün yadımdan çıxmır. Elə deyəsən tifil bu saat qabağımda can verir. Yazıq uşaq öləndə gözlərini elə dirəmişdi üzümə ki, deyəsən məndən bir zad istəyir. (Ağlaya-aqlaya çarqatı ilə gözünün yaşını silir).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ah, vallah, heç özüm də bilmirəm. Allah rəhim allahdı, əlbəttə bizə də yazığı gələr. Di durma, Zeynəb, get Əliyə de ki, su gətirsinlər. Sən də ocağın altına bax. (Zeynəb çıxır).
N a z l ı. Ana, ana, vallah, ürəyim bir tikə olub. (Gülə-gülə). Bircə dəfə Sara bacımı görsəydim, ölməzdim. Ana, axı, sən bilirsən mən Sara bacımı nə qədər istəyirdim. Bircə ölməyәydim, o günü görəydim Sara bu qapıdan girir içəri. Belə atılıb onun boynunu qucaqlayaydım, deyərdim, ay torpaqların içində çürüyən bacı! Vallah, ana, istəyirəm dəli olam. Bilmirəm gülüm, ya ağlayım. Mən and içirəm allaha, peyğəmbərə; nəzir eləyirəm ki, hər nəyim var, paylayım fəqir-füqəraya, bax, paltarlarımı, qızıllarımı, bax, gedib hər nə var gətirəcәyəm. (İstəyir qaçıb gedə).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay qız, hələ tələsmə. Qoy hələ görək. Gedib şey-şüyü gətirib bura tökmə. Qonaqların gəlmək vaxtıdı. Get Zeynəbə de tez olsun gəlsin.
İ s k ә n d ә r (oxuya-oxuya girir içəri). Hə … ana, kefin necədi?
K ә r b ә l a y ı F a t m a x a n ı m. Eh, zəhrimar olsun kefim! Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları dərs oxuyublar. Odu, hamısı ağıllı-başlı adam olublar; hamısı ayıx-şayıx, ağılları başlarında. Hərəsi özünə görə bir qulluq sahibi olub. Amma sən gecə kefli, gündüz kefli…. Vallah, el içində lap biabır olmuşuq. İçirsən o zəhrnmarı, hər nə ağlına gəlir, danışırsan. Nə allah tanıyırsan, nə böyük-kiçik tanıyırsan. Hələ o nə sözdü dünən Nazlıya demisən? "Gəl yapışım əlnndən gedək, gəzək". Yoxsa indi də bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gəzələr? Vallah, dünən bunu Cəlal mənə deyəndən az qalıram elə öz əlimlə bir qəbir qazam, girəm içinə, yaxam qurtarsın.
İ s k ә n d ә r (qah-qah çəkib, yapışır anasının çiynindən). Daha bundan sonra ölsən də, yaxanı qurtara bilməyәcəksən. Odu, Şeyx Nəsrullahdı-nədi, bu gün gəlir. Sən ölərsən, şeyx genə səni dirildər. Xa … xa … xa!… Daha bundan sonra ölməknən də yaxan qurtarmaz. Xa … xa … xa!…
Z e y n ә b və N a z l ı girirlər. İskəndər gedib oturur yasdıqların üstündə, Z e y n ә b istəyir qoymasın.
Z e y n ә b. Oturub yasdıqları əzmə! Səndən ötəri bunları bura qoymamışıq! Görmürsən ki, qonaq gəlir?
İ s k ә n d ә r (Zeynəbə). Hey, Zeynəb, vallah, fəndini duymuşam! (Durur). Qonağın yolunda, bu qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzu diriltsin? Vallahı, fəndini duymuşam. Xa … xa … xa!…
K ә r b ә l a y ı F a t m a x a n ı m (İskəndərə). Ay yazıq, ay başı daşlı! Sən nəyə inanırsan ki, buna da inanasan? Yazığım gününə! Yaxşısı budu çıx get, qoy işimizi görək. Ay qız, Zeynəb, gəl bu xalçanın ucunu düzəlt.
N a z l ı (İskəndərə). Dadaş, sən allah, barı bu gün özünü yaxşı saxla. Vallah, adam utanır, qonaq-zad gələcək.
M i r B a ğ ı r a ğ a (girib, başmaqlarını çıxardır). Salam əleyküm.
Nazlı üzünü örtüb, qaçıb gedir.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Əleykəssəlam. Ağa, buyur əyləş.
M i r B a ğ ı r a ğ a oturur. İskəndər qaçır Nazlının dalınca.
İs k ә n d ә r. Ay qız, Nazlı, muştuluğumu ver! Nişanlın gəldi.
K ә r b ә l a y ı F a t m a x a n ı m (İskəndərə acıqlı). Kəs səsini! Axmaq-axmaq danışma!
Mir Bağır ağa başını salır aşağı.
İ s k ә n d ә r (gəlib durur Mir Bağırın qabağında). Mən ölüm, əl ver! Lotusan həyə, əl ver! Vallah, ruhun var; düz doqquz yaşında; gərək bircə tikə artıq olmasın. Quzu əti, şax, tazə-tər, lətif, balaca. Ağzından süd qoxusu gəlir. Ləzzət, ləzzət! Vallah, ruhun var! Lotusan həyə, əl ver!
M i r B a ğ i r (İskəndərə). Ayıbdı, ayıbdı! Heç olmasa, anandan həya elə, o sözləri danışma.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Onun həyası olsa, niyə o sözləri danışır?
İ s k ә n d ә r (bir az durub, təәccüblü baxır özünə). Doğrudan, bəlkə məndə heç həya yoxdu. (İki əlini ciblərinə salıb, bir şey axtaran kimi). Baxım görüm, bəlkə həya ciblərimdədi: yox, yoxdur. (Mir Bağır ağaya). Ağa, mən ölüm, sən də bir ciblərinə bax, bəlkə ciblərində ola.
Mir Bağır ağa istəyir dursun ayağa.
Xa … xa … xa!… Mən ölüm incimə! Lotusan həyə, incimə! Əyləş, əyləş. Bu saat gedib nişanlını gətirəcәyəm yanına. (Çağırır) Nazlı, Nazlı! (Fatma xanım da durur ayağa).
M i r B a ğ ı r a ğ a (qeyzli çox ucadan). Kəs səsini, piyan! (istəyir getsin).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Buy, ay uşaq, başıma xeyr! Bu gədə lap dəli olub. (Ucadan) Adə, Əli, kəl bu səfehi çıxar sal eşiyә! (Mir Bağır ağa çıxıb gedir)
N a z l ı (girir içəri). Dadaş, vallah, lap biabır olduq. O nə sözlərdi danışırdın? Ayıb deyil?
İ s k ә n d ә r (çırtıq çala-çala oxuyur və oynayır).
Bir qız sevmişəm doqquz yaşında…
Sürmə gözündə, rasix qaşında.
Ay can! Ay can! Ay can!…
(Kərbəlayı Fatma xanım ikiəlli İskəndərə boğma çıxardıb gedir).
N a z l ı (ucadan). Dadaş, kəs səsini!
İ s k ә n d ә r (bir az fikir eləyəndən sonra gedib yapışır Nazlının əlindən və gətirir pəncərənin qabağına). Bax, bax, o kimdi?
N a z l ı. Nə bilim? Özün bilirsən kimdi.
İ s k ә n d ә r. Yaxşı bax! Bax, gör kimdi?
K ә r b a l a y ı F a t m a x a n ı m (gəlib durur qapıda). Ay balam, axı bir bəsdi! Utan, yorul! Axı bir özünə yazığın gəlsin. Axı bir həya elə. O sözləri ki, o kişiyə dedin, necə utanmadın? Yazıq kişi xəcalətindən dayana bilmədi, durub getdi. Necə olsa seyiddi, qohumdu. Məgər adamın ağzına nə gəlsə danışar? Axı o da yazıqdır, qəribdir; bizdən savayı onun bu şəhərdə kimi var?
İ s k ә n d ә r (çırtıq çalıb Nazlını göstərir). Belə bu şəhərdə onun Nazlı kimi nişanlısı var.
N a z l ı. Dadaş, and olsun allaha, mən Mir Bağır ağaya getməyәcəyəm. Mən heç kəsə getməyәcəyəm.
İ s k ә n d ә r. Xa … xa … xa!… (gedib yapışır Nazlının əlindən). Bacım, hələ sən uşaqsan. Get dolanginən, xamsən hənuz! Bir gün olar ki, gəlib görərəm sənin qabağına bir ayna tutub, çəkə-çəkə aparırlar. Onda tutaq ki, sən çəm-xəm elədin. (Özü də çəm-xəm, eləyən kimi burulur). Tutaq ki, sən istəmədin gedəsən. O vaxt bir də görəcәksən ki, səni daldan itələyib deyirlər ki, "Dayanma, tez-tez get!" Çönüb baxıb görərsən ki, itələyən sənin atan Hacı Həsəndir. Bəli, sonra bəlkə gedə-gedə bir də istədin ki, dayanıb getməyəsən; bir də görəcәksən ki, daldan genə bir adam səni dürtmələyir ki: "Dayanma, yeyin yeri!" Çönüb baxıb görəcәksən ki, bu da sənin anan Kərbəlayı Fatma xanımdı. Əgər, işdi, çox hay-huy eləsən, yanındakı, ətrafındakı bibilərin, xalaların, əmilərin, seyidlər, mollalar, qonşular, cicilər, bacılar--hərə bir yandan səni mizləyәcəklər ki: "Dinmə, kəs səsini! Xortdan gələr səni aparar!" Bəli, halla-hallaynan səni aparıb qatacaqlar bir kişinin yanına. Onda daha sən məni haradan tapacaqsan? (Çırtıq çalıb oxuyur).
Bir gün olar sən də məni atarsan,
Qurtlarınan aşnalığı qatarsan,
Balam, qatarsan,
Bacım, qatarsan!…
(Bir az dayanıb fikir eləyəndən sonra, baxır Nazlının və anasının üzünə). Ana, bəlkə mən kef havasına bu sözləri danışıram? (Kərbəlayı Fatma xanım dinmir. Nazlı gəlib İskəndəri qucaqlayır).
N a z l ı . Dadaş, kefli də olsan, mən sənin sözündən çıxmanam.
N ö k ә r l ә r (tövşüyə-tövşüyə girib, xəbər verirlər). Xanım, çıxın eşiyə, qonaqlar gəlir.
Xanım və Nazlı qaçırlar otaqdan.
H a c ı H ә s ә n (üstü-başı tozlu, girib tövşüyə-tövşüyə otağın o tərəfinə, bu tərəfinə baxır, uzaqdan salavat səsi gəldikcə ucalır). Allah-taalanın hər bar bəlası gərək bizim vilayətə nazil ola, Şeyx cənabları yolda bir az naxoş olub. Bari allah şəfa versin ki, xəcalət olmayaq. (İskəndərə). İskəndər, bu gün qonaqların yanında özünü yaxşı saxla. Ayıbdı, dost-düşmən var.
İ s k ә n d ә r. Dadaş, bu haman ölü dirildən şeyxdir ki, gəlir?
H a c ı H ә s ә n. Şeyx Nəsrullah cənablarıdır. Dəxi vaxtım yoxdur sənnən artıq danışmağa. (İstəyir çıxsın). Görüm evdə hər bir şeyi hazır eləyiblərmi?
İ s k ә n d ә r. Dadaş, elədə qonaqdan təvəqqe elə ki, əvvəl qabaqca məni diriltsin; çünki elə mən də ölü kimi bir şeyəm.
Hacı Həsən tez və dinməz gəlib yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə. Salavat səsi, adamların hay-küyü yaxınlaşır. Tarap-turup, at kişnəməsi və qiylu-qal gəldikcə ucalır, H a c ı H ә s ә n bir tərəfdən və Ş e y x Ә h m ә d bir tərəfdən, Ş e y x N ә s r u l l a h ı qoltuqlayıb, gətirirlər içəri və oturdurlar döşəyin üstündə və özləri çəkilib, ədəblə dururlar kənarda. H a c ı B ә x ş ә l i, H a c ı K ә r i m, H a c ı K a z ı m, M ә ş ә d i O r u c, M i r B a ğ ı r a ğ a və h a c ı l a r, otaq tutduqca, c a m a a t üst-başları tozlu, tövşüyə-tövşüyə otağa girib, ədəblə dururlar kənarda. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb, dayanır yastıqlara. İskəndər adamların içindən başını çıxardıb baxır. Hacı Həsən işarə eləyir ki, çıxıb getsin. İskəndər yox olur. Şeyx Əhməd yavaşca gəlir, çökür Şeyx Nəsrullahın qabağında və dizi üstə yavaşca soruşur.
Ş e y x Ә h m ә d (Şeyx Nəsrullaha). Şeyxəna, əhvalınız indi necədir?
Şeyx Nəsrullah bir söz deməyib, başını tərpədir.
H a c ı H ә s ә n (qorxa-qorxa Şeyx Əhmədə yavıq gəlib). Şeyx cənabları izin versin çay gətirsinlər.
Şeyx Nəsrullah başı ilə yox işarəsi eləyir.
H a c ı H ә s ә n (qorxa-qorxa). Bəlkə qəndab gətirsinlər?
Şeyx Nəsrullah yenə başı ilə işarə eləyir razı deyil.
H a c ı H ә s ә n. Bəlkə şeyx cənabları təam buyuralar? Yaxşı cücə-plov bişiriblər.
Ş e y x N ә s r u l l a h (heç kəsin üzünə baxmayıb yavaşca). Adəmi dər vəqti-mərəz iştəhayi-təam nəmibaşəd. Dil niz dər vəqti-ibtila bəilləti-həva və istilayi-mərəzi-hübbi dünya, rəğbət bəzikri-pərvərdigar nəmidarəd. Təam hərçənd ləziz başəd və lakin dər nəzəri-bimar ləzzət namidəhəd. Dil niz çün bəmərəz zatül-səfər vəsvəseyi-dünya mübtəla başəd, əz neməti-bəndəgiyi-xuda və təhsili-faideyi-üqba mütələzziz nəmigərdəd. Bəqədri-matəhzünü lid-dünya yüxrücühümül-axirətü min qəlbikə və biqədri matəhzünü axirətin yüxrücü hümmüd dünya min qəlbikə.[1]
(Bir az fikir eləyib, baxır Hacı Həsənin üzünə və birdən dikəlib çığırır). Necə təam? Necə cücə-plov? (Şeyx Əhmədə). Şeyx Əhməd, məni hara gətirmisən? Bunlar necə müsəlmandırlar? Necə mömindilər? Bu nədir? (Otağın fərşlərini göstərir). Bu xalilər nədir? Necə təam, necə cücə-plov? Şeyx Əhməd, məgər sən bunlara deməmisən ki, mənim xörəyim gündə bir xurmadır?!
Şeyx Əhməd və adamlar qorxub titrəyirlər.
Ş e y x Ә h m ә d. Bəli, şeyxəna, demişəm.
Ş e y x N ә s r u l l a h (üzünü adamlara tutub çığırır). Bu nədir, vələdüzzina? Nə uymusunuz bu dünyaya? İnnə dünyaküm indi lahövlə min vərəqətin fixümmi cəradətin. Bu nədir? Nə istəyirsiniz? Nə axtarırsınız? Öləcәksiniz, əgərçi şah olasız. Dünyayi-şüma dər nəzdi-mən hər ayinə biqədrtər əst əz bərgi ki, dər dəhəni-mələx başəd[2]. Sizin dünyanız ibarətdir altı cür ləzzətdən: mətum, məşrub, məlbus, mənkuh, mərkub və məşmum. Vəssəlam! Lakin təamların ən ləzzətlisi baldır ki, arının tüpürcəyindən əmələ gəlir. İçdiyiniz suyun içində minlərcə heyvanat cəmdəyi üzür. Ətirlərinizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. Mərkubatın əşrəfi atdır ki, onu minən həmişə xətadadır. Libasların nəfistəri ipəkdir ki, qurdun üfunətli ağzından çıxır. O ki, qaldı mənkuhatın müəzzəm faydaları burada mətləb bir az tuldur (bir az sakit olub, yavaşca deyir). Sudməndtər daruyi ki, cərəb xarxari-şahidan gülüzarra füru minişanəd, əmri-təzvic nikahi-mitəəst. Tədbirist mətin dər mühafizəti-şəhristani-iman əz taraci-türkan, qəmzəhayi canistan hisnisti-həsini dər təqlidi-xuni-fasid[3]. (Çox ucadan). Mən təzəvvəcə əhrəzə nisfi dinihi. Yəni hər kəs ki, təzvic konəd nisfi-dini-xudra əz şərri-vəsvasi-şeytani və fəsadi və həvəshai-nəfsani eymən başəd[4]. (Bir az dayanıb yavaşca), Şeyx Əhməd, bu camaatın içində bacılardan heç gözümə dəymir? Deynən ki, o biçarələrə xəbər versinlər ki, onlar da buraya gəlib və pərdə dalına cəm olub, allah-taalanın hökmlərini eşitməkdən bibəhrə qalmasınlar.
Adamlar hərəkətə gəlir. Çadraya bürünmüş övrətlər tək-tək otağa girib, kişilərin dal tərəfinə düzülürlər.
Ş e y x N ә s r u l l a h (ucadan). Əksərü əhlinnaril-əz-zəb; biştərin əhli-cəhənnəm əzabanənd (yavaşca Şeyx Əhmədə). Şeyx Əhməd, mənim taqətim yoxdur, sən bunları başa sal.
Ş e y x Ә h m ә d (camaata). Şeyx cənablarının fərmayişindən belə məlum olur ki, cəhənnəm əhlinin çoxsu siğeyi-mütədən məhrum olan kişi və övrətlərdir.
Ş e y x N ә s r u l l a h (Şeyx Əhmədə). Ucadan de, ucadan de. (Çığıra-çığıra). Dü rükət nəmazi ki, mütəzəvvic güzarəd behtər əst əz həftad rükət nəmazi ki, əzəb miküzarəd[5]. (Birdən ayağa qalxıb və sağ əlini camaata tutub, çox ucadan). Təzvic kon və gər nə əz cümleyi rəhbanani-nəsarayi və gər nə əz bəradərani-şeytani[6].
H a c ı H ә s ә n (qabağa yeriyib, düşür Şeyx Nəsrullahın qabağında səcdəyә). Şeyxəna, bizə rəhmin gəlsin; biz yazığıq. Biz hər halda sizin əmrinizə itaət etməyə hazırıq. Bizə yazığın gəlsin.
Ş e y x N ә s r u l l a h (bir qədər Hacı Həsənin üzünə baxandan sonra başlayır ağlamağa). Həzrət Davudra bə qəbristani güzar iftadə, mələki əzabra did ki, mürdəra əzab mikünəd. Həzrət fərmud[7]. (Dayanıb oturur yerə və camaat başlayır ağlamağa). Şeyx Əhməd, danışmağa taqətim yoxdur.
H a c ı H ә s ә n. Allah şəfa versin!
A d a m l a r. Allah şəfa versin!
Adamların içindən "çəkil oyza yol ver" səsi gəlir. H e y d ә r a ğ a, Ә l i b ә y və müəllim M i r z ә H ü s e y n girirlər içəri. Şeyx Nəsrullah bunlara göstərilən hörməti görüb, durur ayağa.
Ş e y x N ә s r u l l a h. Şeyx Əhməd, bu ağalar kimdirlər?
H a c i H ә s ә n. Şeyxəna! Bu Heydər ağadır, telğrafxanada sahibmənsəb və əhli-elm bir vücuddur. Bu ağa--Əliqulubəydir. Məşhur Cahangir bəy mərhumun oğlu; özü də hakim yanında dilmancdır. Bu cənab--Molla Hüseyn müəllimdir.
Ş e y x N ә s r u l l a h (əli ilə gələnlərə yer göstərir, onlar da otururlar). Məzaci-şərifiniz inşallah səlamətdir?
H e y d ә r a ğ a. Allah-taala siz tək üləmanın sayəsini bizim üstümüzdən əskik eləməsin.
Ә l i q u l u b ә y. Allah sizə ömür versin.
Ş e y x N ә s r u l l a h. Çün adəmira bə cənazə güzarənd və raqimani-kitabxaneyi-qeybi ibrətxaneyi-kalbudi-insanra baxameyi-əcəl bər lövhi-təxteyi-tabut nigarənd həqq-təala….[8] (Şeyx Nəsrullah birdən "uy-uy" eləyib, üzünü qırışdırır və sol əlini qoyur böyrünə).
Adamlar təәccübə gəlib dinmirlər. Şeyx Əhməd genə bir söz deməyib, durur
ayağa və Hacı Həsənə işarə eləyib çıxır. Hacı Həsən Şeyx Əhmədin dalınca çıxandan sonra Şeyx Nəsrullah yenə başlayır moizəsini.
Çehl sual əz u nümayəd. Əz cümleyi on sual: yeki anəst ki, fərzəndi-alim, zahiri xudra balibashayi-kafiran zinət dadi və batini xudra ki, məhəlli-nəzəri-mən büvəd vagüzaşti. Nədanəm ki, dər cəvabi-in sual çe guyənd?[9]
H e y d ә r a ğ a. Bəli, cənab şeyx, biz hər halda allah-taalanın günahkar bəndələrindənik. (Üzünü adamlara çöndərib bir az yavaş). Maşallah, cənab elm dəryasıdır; mən belə alim görməmişəm.
A d a m l a r ı n b i r n e ç ә s i. Maşallah, qəribə danışır, lap allah vergisidir.
Ә l i q u l u b ә y (adamlara). Maşallah olsun şeyxin elminə! "Malades!".
Ş e y x N ә s r u l l a h (Heydər ağaya). Ağayi-mən, bu şəhərdə sizdən savayı da əcnəbi dərsini oxuyan var, yainki siz iki nəfərsiniz?
H e y d ә r a ğ a. Xeyr, şeyxəna, yoxdur. Ancaq bir neçə nəfərik. Doğrudur, Hacı Həsən ağanın oğlu da Firəngistanda oxuyub; amma çifayda ki, axırı peşimanlıq olub. Həqiqət, cənab şeyx, əcnəbi millətlərin dilini insan bir az öyrənsə, heç eyib deyil.
Ş e y x Ә h m ә d və H a c ı H ә s ә n girirlər içəri.
Amma bir surətdə ki, müsəlman uşağı illərlə gedib kafirlər içində qaldı, əlbəttə, etiqadı dəyişiləcәkdi.
H a c ı H ә s ә n. Şeyxəna, doğrusu, mən övladdan yana bədbəxt olmuşam. Bir qələtdir eləmişəm.
Ş e y x N ә s r u l l a h. Hacının oğlu da burada camaat içindədir?
H a c ı H ә s ә n. Xeyr, cənab şeyx, xəcalətindən sizi görcək qaçıb gizlənib. Allah onun üzünü qara eləsin.
Ş e y x N ә s r u l l a h. Əmr bəməruf hər müsəlmana vacibdir. Hacı Həsən ağa, çağırın oğlunuzu gəlsin; mən onu görmək istəyirəm.
Adamlar hərəkətə gəlir, Hacı Həsən qapıya tərəf gedir, bir övrət başlayır ucadan ağlamağa.
Nə istəyir övrət?
M ә ş ә d i O r u c (bir az qabağa yeriyib). Şeyxəna, bu mənim anamdı; oğlundan ötrü ağlayır. Oğlu haman Kərbəlayı Fətullahdır ki, sizin mərhəmətiniznən Xorasanda dirilib.
A ğ l a y a n ö v r ә t (çadra başında, bir az ağlaya-ağlaya qabağa gəlir). Belə sənə qurban olum, ay şeyx! Mən oğlumu səndən istəyirəm.
Ş e y x N ә s r u l l a h (çox ucadan). Hər süxən cayi, hər nüktə məqami darəd.[10]
Ş e y x Ә h m ә d (övrətə). Ay bacı, çəkil get, şeyxə başağrısı vermə; hələ o söhbətin vaxtı deyil.
Hacı Həsən yapışıb İ s k ә n d ә r i n əlindn gətirir. İskəndər gəlib durur Şeyx Nəsrullahın qabağında və əllərini ciblərinə qoyub baxır onun üzünə.
Ş e y x N ә s r u l l a h. Bəyin ismi-şərifi nədir?
H a c ı H ә s ә n. Nökərinizin adı İskəndərdir.
Ş e y x N ә s r u l l a h. Pəh, pəh! İskəndər! İskəndər! İskəndəri-Rumi! İskəndəri-Zülqərneyn! Nə gözəl ismdir! İskəndər, İskəndər! Hiç yek əz ahadi-xəlqra təkmili-nəfsi
Hacı Həsən Hacı Bəxşəlini işarə ilə çağırır və hər ikisi çıxır eşiyə.
və təhzibixülq zəruritər əz mülki-səlatin nist ki, məmləkət səddi möhkəm bəstə kişvəri-xatir süknəra zi şəri-yəcuci təşvişi düşmənani-şum eymən kərdanəd.[11]
Əz əsəri söhbətəst,
Hər çi dər in aləməst.
Vərzi küca yafti
Bid bəhayi-nəbat.[12]
İ s k ә n d ә r. Bəli, cənab şeyx, başa düşdüm.
H e y d ә r a ğ a (Əliqulu bəyә). Görürsən şutit eləyir.
Ş e y x N ә s r u l l a h (İskəndərə). Cənabınız da bir mənsəb sahibisiniz ya yox?
İ s k ә n d ә r. Xeyr, mən heç bir şey sahibi deyiləm. Mənsəb sahibi bu ağalardır. (Heydər ağanı və Əliqulu bəyi göstərir). Mən ancaq bu meyvələrin içində itburnu gülüyəm.
Ә l i q u l u b ә y (Heydər ağaya). Yəqin genə keflidi.
Ş e y x N ә s r u l l l a h (İskəndərə). Belə məlum olur ki, sizin dərsiniz bu ağaların dərsindən azdır ki, bir mənsəbə çata bilməmisiniz.
İ s k ә n d ә r. Bəli, bəli, bunlar elm dəryasıdırlar. İndi də ki, inşaallah, siz cənabdan ölü diriltmək elmini öyrənərlər, onda daha lap alim olarlar, inşaallah!
Ş e y x N ә s r u l l a h (hacılara). Hacı Həsən ağa, təvəqqe edirəm bu biədəbi buradan kənar edəsiniz! Bu mürtəd allah-taalanın hikmətinə istehza eləyir.
Hacı Həsən və qeyriləri İskəndəri hədələyib, salırlar eşiyə.
H e y d ә r a ğ a. Şeyxəna, onun ağlı başında deyil, çünki gecə-gündüz keflidir.
M i r B a ğ ı r a ğ a. Hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır. Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr.
Ş e y x N ә s r u l l a h (çox ucadan). Necә?
H a c ı K ә r i m. Xeyr, Mir Bağır ağa, o qələti eləyə bilməz.
M i r B a ğ ı r a ğ a. Necə eləyə bilməz? Hazır dünən məgər doqquz yaşında bacısına deməyib ki, dur çıxaq küçəyə gedək, gəzək. Nə bilim, gün çıxıb, çiçəklər açıb. Mən öz qulağımnan eşidmişəm.
Ş e y x N ә s r u l l a h (durur ayağa). Vaveyla, vaveyla! (Adamlar hərəkətə gəlir və hamı qalxır ayağa, Şeyx Nəsrullah qapıya tərəf hücum eləyir). Mən bu vilayətdə qala bilmənəm!
Adamlar qarışır bir-birinə. Hacı Həsən təşvişlə girir içəri və ağlaya-ağlaya gedib düşür şeyxin ayaqlarına.
H a c ı H ә s ә n. Şeyxəna, mən yazığam, mənə rəhmin gəlsin. Nə tənbeh lazımdır, mən eləyim; kaş siz mənim evimdən narazı getməyin və məni bədbəxt eləməyin.
H a c ı l a r. Şeyxəna, siz sakit olun. Biz bu saat onu buradan qovarıq, itilib gedər cəhənnəmə!
Adamların bir neçəsi evdən çıxıb, İskəndərin dalınca deyinə-deyinə qaçırlar.
H a c ı H ә s ә n (adamların dalınca). Yavaş! Yavaş! Səbr eləyin. Mən özüm onun tənbehini elərəm. Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım! Cahıl-cuhulu sakit eləyin, mən özüm o məlunun öhdəsindən gələrəm (çıxır, otaqda qalır Şeyx Nəsrullah və Şeyx Əhməd).
Ş e y x N ә s r u l l a h. Şeyx Əhməd, mənim bu İskəndərdi nədi, bundan gözüm su içmir.
Ş e y x Ә h m ә d (bir az fikirdən sonra). Şeyxəna, heç narahat olma, onu buralarda heç adam yerinə qoyan yoxdur. Sən damağını pozma, işində ol.
Ş e y x N ә s r u l l a h (bir az fikir eləyib). Şeyx Əhməd, əvvələn, çıx ev sahibinə xəlvətcə de ki, mənə bir tikə çörək gətirsinlər. Saniyən[13], təvəqqe elə ki, gəlib mənə yer göstərsinlər, rahat olmaq istəyirəm. Və salisən[14], (bir az dayanıb) dəxi özün bilirsən ki, söz yox ki, tədarük görübsən. Mən bu gecə tək burada qala bilmənəm, bədənim yekcə ağrıyır. Gərək ovduram…. Allaha şükür, özün hamısını bilirsən. Dəxi dayanma, tez ol!
Şeyx Əhməd çıxır, hava başlayır qaranlıqlaşmağa.
(Şeyx Nəsrullah gəlib oturur döşəyin üstündə və bir qədər fikirdən sonra öz-özünə). Mən həmişə xalqa deyəndə ki, naxoşam, elə bilirlər ki, xalqı aldadıram; amma allah şahiddir ki … (bir az dayanıb) mən heç kəsi aldatmıram; çünki həqiqətdə mən naxoşam. Camaatın qabağında mən özümü naxoşluğa vuranda, Şeyx Əhməd həmişə elə bilir ki, mən adamları ələ salıram; amma bu biçarənin heç xəyalına gələ bilməz ki, mənim mərəzim çox şiddətli mərəzdir…. (Fikir eləyir). Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq və ağlayıb atamdan kişmiş istəyən kimi gündə bir dəfə utana-utana deyirəm: "Şeyx Əhməd, mənə kişmiş" (iki əlilə üzünü örtüb, sakit oturur).
Hacı Həsənin nökəri Ә l i bir məcməyi içində plov və qeyri xörəklər gətirib qoyur ortalığa və çıxır. Ş e y x Ә h m ә d daxil olur və gəlib durur bir tərəfdə. Bir qədər keçir, qapıda iki ö v r ә t görsənir. Pıçapıç ilə övrətlər bir b a l a c a ö v r ә t i n əlindən tutub, gətirirlər içəri və dururlar qapının yanında. Nökər girib çıraq yandırır. H a c ı H ә s ә n övrətlərin dalınca girir.
H a c ı H ә s ә n (övrətlərə). Qızım, utanma, allah əmridir. Niyə utanırsan?
Ş e y x N ә s r u l l a h. Şeyx Əhməd, mənim tərəfimdən vəkil ol və siğəni cari elə.
Ş e y x Ә h m ә d. Baş üstə.
Hamı çıxır və balaca övrət qalır otaqda. Bu da istəyir adamların dalınca çıxsın; amma çıxanlar qapını örtüb, bunu qoyurlar içəridə. Şeyx Nəsrullah durur ayağa və bir qədər fikirdən sonra tərpəşməyib, övrətə sarı bəlağətlə deyir.
Ş e y x N ә s r u l l a h. O sənin öz ixtiyarındadır: istəyirsən get, istəyirsən qal. O sənin öz ixtiyarındadır ki, öləndə düşəsən bərzəx[15] aləminə. Ayaq tərəfindən baca açıla cəhənnəmə və qatır yekəlikdə əqrəblər gəlib yapışalar bədəninə. Bu da sənin öz ixtiyarındadır ki, səni qəbrə qoyanda baş tərəfindən bir dəriçə açıla və o dəriçədən bir nəfər qılman gəlib sənnən mazaqlaşa və bu əsnada qılmanın boynunda sana düzülmüş zəbərcəd danələri qırılıb dağılalar və başlayasınız hərə bir tərəfdən zəbərcədi genə sapa düzməyə və bir də görəsiniz ki, yetmiş min dünya saatları gəlib dolanıb və indi qiyam-qiyamət olur. (Övrətə yavuqlaşır). O vədə qılman yapışar sənin əlindən (yapışır övrətin əlindən) və gülə-gülə sənə deyər: "Görəsən dünyada nə qədər savab işlər görübsən?"
P ә r d ә
Qeydlər
[redaktə]- ↑ Xəstəlik zamanı insanın xörək yeməyə meyli olmaz. Ürək dünyanın həvavü həvəs mərəzinə mübtəla olan vaxt allahı yada salmağ rəğbət etməz; yemək nə qədər ləzzətli olur-olsun xəstənin nəzərində ləzzətli görünməz və axirət faydasını ələ keçirmək də ona ləzzət verməz. Səndə axirət eşqi olsa, dünya üçün gözəl hesab etdiyin şeylərin hamısını axirət sənin ürəyindən çıxardar və axirətdə görmək istədiyin şeylər dünyanı sənin ürəyindən çıxardar.
- ↑ Sizin dünyanız mənim yanımda çəyirtkə ağzında olan yarpaqdan da alçaqdır.
- ↑ Gözlərin xəyalı ilə tərpənən çox qaşıntılı qoturluğun ən faydalı dərmanı-- evlənmək məsələsi, yəni siğə eləməkdir. İman məmləkətini canalıcı naz-qəmzə gözəllərinin qarətindən mühafizə etmək üçün siğə möhkəm bir tədbirdir.
- ↑ Hər kəs evlənsə, evlənmək onun dinini saxlar. Vələdüzzina, yəni hər kəs evlənsə, öz dininin yarısını şeytanın şərindən və nəfsani həvavü həvəsdən qorumuş olar.
- ↑ Evlinin qıldığı iki rükət namaz subayın qıldığı yetmiş rükət namazdan yaxşıdır.
- ↑ Evlən, əks təqdirdə nəsara rəhbanlarından və şeytan qardaşlarından olarsan.
- ↑ Davudun bir qəbiristana yolu düşdü, gördü ki, əzab mələki bir ölüyə əzab verir. Həzrət buyurdu.
- ↑ Elə ki, insanı qəbrə qoydular, qeyb kitabxanasının katibləri insan bədəninin ibrətxanasını əcəl qələmilə tabut taxtasının üstünə yazarlar…. Allah-taala….
- ↑ Ona 40 sual verər. O suallardan biri odur ki, ey alim oğlum, sən öz zahirini kafirlərin paltarları ilə bəzədin, amma mənim nəzərimi cəlb edən batinini yaddan çıxartdın. Bilmirəm bu suala necə cavab verəcәklər.
- ↑ Hər sözün bir yeri, hər nüktənin bir məqamı var.
- ↑ Xalqın heç bir nəfərinə öz nəfsini və əxlaqını təmizləmək padşahlara və sultanlara zəruri olan qədər zəruri deyildir ki, məmləkətə möhkəm bir İskəndər səddi çəkib, qəlb ölkəsini, Yəcucun şərri kimi pis olan düşmən təşvişindən əmin eləsin.
- ↑ Bu dünyada hər nə varsa, hamısı yoldaşlıq əsəridir, yoxsa söyüd ağacı nəbatat baharını haradan tapacaqdı?
- ↑ İkincisi.
- ↑ Üçüncüsü.
- ↑ Cəhənnəm.