İblis/İkinci pərdə
←İlk pərdə | İblis. İkinci pərdə Müəllif: Hüseyn Cavid |
Üçüncü pərdə→ |
Ərəb zevqinə uyğun süslü bir salon... Qarşıda, sağda və solda birər qapı və bir qaç pəncərə... İblis xidmətçi ərəb qiyafətində ötəyi-bəriyi düzəltir.
İ b n Y ə m i n
(qarşıdakı qapıdan gələrək)
Bana baq, durma, əzizim, çabuq ol,
Durma get, haydı, imamı ara-bul.
Söylə gəlsin də nikah qıymaq için.
İ b l i s
Baş çavuş zənn edərim getdi dəmin.
İ b n Y ə m i n
Pək gözəl, gəlsə, həmən söylə bana.
İ b l i s
Söylərim, lakin əmin ol, Rə’na,
Bir qadar göstərəcək istiğna.
İ b n Y ə m i n
Nə vəzifən, deyil aid bu sana.
İ b l i s
Əmrə borcumdur itaət, heyfa,
Onu məcbur edəməzsin, zira
Böylə bir cəbri hökumət duysa,
Çəkəcəkdir başımız dürlü bəla.
Çünki var başqa günahın da sənin,
Orduya, devlətə çıqdın xain.
İ b n Y ə m i n
(mütərəddid, diplomatca bir təbəssümlə)
İştə pək doğru və məntiqli cavab,
Sən vəkil ol, nə dilərsən, onu yap!
(gəldiyi qapıdan çıqar)
İ b l i s
(məğrur qəhqəhə ilə, yalnız)
Əvət, İblis, o böyük sənətkar
Həm yapar, həm də yıqar, qüdrəti var.
Bu sırada V a s i f ilə küçük zabit sağ qapıdan daxil olur, ətrafı süzməyə başlarlar.
Bu cəsarət nə demək? Ey, bana baq!
V a s i f
(istehzalı qəhqəhə ilə)
Bir oteldir deyə sandıq bu qonaq.
İ b l i s
Əcəba!? Sahibi kimdir otelin?
V a s i f
Bir ərəbdir, adı da İbn Yəmin.
İ b l i s
(qızğın)
Sayğısızlıq yetişir, haydı, gedin!
V a s i f
(silah çəkərək)
Şımarıq abdala baq, dur! Nə dedin?
K ü ç ü k z a b i t
(mane olur)
Vasif! Allahı sevərsən də bıraq!
(geri çəkilməkdə olan İblisə)
Dur, təlaş etmə, əzizim...
V a s i f
Alçaq!
Nerdə Rə’na, onu göstər!
İ b l i s
(istehzalı təbəssümlə)
Nə demək!
Varıyor İbn Yəminə o mələk.
V a s i f
Onu qandırmış o xain, lakin
Bən sağ olduqca bu iş namümkün!
K ü ç ü k z a b i t
(mülayim)
Arqadaş, gərçi o sərsəm məğrur,
(Vasifi göstərir)
Qızın ən sevgili məşuqu budur.
İ b l i s
Ah, ayaq səsləri var, tez çəkilin,
Çəkilin, sonra, bir az sonra gəlin.
V a s i f
(arqadaşına, xüsusi)
Gedəlim, ən eyi yol: hər ikimiz,
Azacıq sonra misafir gəliriz,
Şu hərif çünki yaqın dostumdur,
Bəlkə bir rənglə iş həll olunur.
K ü ç ü k z a b i t
(çıqarkən İblisə)
Şimdi var bir sana ümmid ancaq,
Çarə bul, yoqsa o qız məhv olacaq.
İ b l i s
(məğrur qəhqəhə ilə, yalnız)
Bəndən imdad umuyor cümlə cihan,
Biri zalım, biri məzlum insan.
R ə’ n a
(sol qapıdan daxil olur)
Bu ziyafət nə demək, söylə niçin,
Sana hiç açmadımı İbn Yəmin?
İ b l i s
(yarımqəhqəhə ilə)
Bilmiyormuş kibi davranmaq nə!?
Bu ziyafətdir əlamət dügünə.
Səni təzvic ediyor İbn Yəmin,
Şimdi əmr etdi nikah qılmaq için.
R ə’ n a
(Həyəcanlı və şaşqın)
Sus, aman sus! Nə rəzalət!?
(e’timadsız)
Əcəba!
Yoq, çəkilməz bu xəyanət əsla.
Bəni bilməm ki, nə sanmış şu hərif,
Ah, pək doğru diyormuş Arif.
(son dərəcə təhdidkar)
Hiç məraq etmə, duyar, şimdi duyar,
Şimdi anlar ki, əvət, bəndə nə var.
Gəldiyi qapıdan çıqar. Bu sırada Arif fəsli olaraq, yüzünü gözəlcə təraş etdirmiş olduğu halda, sağ qapıdan girər. Rə’nanın qapıyı qapayıb getdiyini görüncə büsbütün şaşırır.
İ b l i s
Bana baq, hey səni sərsəm, budala!
Bu cəsarət sana nerdən əcəba?
A r i f
(Rə’na çıqdığı qapıya işarətlə)
Ondan, ah, iştə o dilbər qızdan,
Şimdi burdan süzülən yıldızdan.
İ b l i s
Söylə, dərdin nədir, aydın söylə!
A r i f
Mərhəmət qıl da, aman, lütf eylə,
Söylə Rə’nayə ki, Arif gəlmiş.
İ b l i s
Anladım dərdini, lakin bu zor iş...
Ona nail olur ancaq onlar
Ki, avuclar dolusu altını var.
A r i f
Bəndə yoq altın, əzizim, zira
Uymamış sərvətə könlüm əsla.
İ b l i s
(yarımqəhqəhə ilə)
Altının yoqsa silahın var ya,
Bəni öldür də qavuş sonra ona.
A r i f
Yoq, silahım da yoq, insaf eylə,
Sanma vəhşi bəni sən bir öylə.
İ b l i s
(mə’nalı bir qəhqəhə ilə)
Pək gözəl, anladım, ancaq Rə’na
Qismət olmaz bu təbiətlə sana.
Üzülüb durma, çəkil get, zira
Qüvvətə, altına tabe dünya.
(Arifdə mə’yusca bir dalğınlıq. İblis mülayim qəhqəhə ilə)
Nəyə daldın, niçin oldun mə’yus?
A r i f
Çünki yoq bir şeyim, əfsus, əfsus!
İ b l i s
Bir şeyin yoqsa da könlün var ya,
Bana ver könlünü...
A r i f
Əsla, əsla!..
Bunu hiç umma, saqın Arifdən,
Vermişim könlümü yalnız ona bən.
İ b l i s
(ətrafa)
İştə Şərqin mütərəddid cocuğu!
Şaşqın, abdal, əsəbi yavrucuğu!
A r i f
(masa üzərindəki şərab qədəhini yaqalar)
Ah, aman! Bir içim olsun, bana su!
İ b l i s
(sürahiyi alıb qədəhi raqı ilə doldurur)
Al, iç!
A r i f
(yarıya qədər içər. Yüz-gözünü bürüşdürür)
Eyvah, nə dəhşət, yahu!
Su deyil, səmli bir atəşdir bu.
İ b l i s
(başqa bir şüşədən böyük bir qədəh dolusu ərğəvani şərab verir)
Bu fəqət tatlıdır, al iç!
A r i f
Nədir o?
İ b l i s
İç də baq, sonra duyarsın nə imiş,
Ən gözəl töhfə, keşiş göndərmiş...
A r i f
(bir qədər içər, qədəhi məmnun və nəş’əli bir baqışla süzərək)
Ah əvət, sanki şəfəq dalğalı nur...
(içib bitirdikdən sonra, niyaz ilə)
Şimdi Rə’nayı çağırsan nə olur?
İ b l i s
Onu sən pəkmi sevərsin?
A r i f
(cibindən bir cığara çıqarır)
Sorma,
Sızlayan könlümə atəş vurma!
(İblis cığarayı atəşlər)
Ta çocuqkən seviyordum onu bən.
İ b l i s
(qapıya işarətlə)
Gəliyor iştə o gülqönçə dəhən.
A r i f
Ah aman, halı nasıl hüznavər,
Gözlərindən saçılır şimşəklər.
R ə’ n a
(əlində bir qaç parça kağız daxil olur, heyrətlə)
Arif, Arif! Nə için gəldin sən?
A r i f
Sorma bəndən, onu sor qəlbindən.
İ b l i s
Şu kağızlar nə içindir, yavrum?
R ə’ n a
Onu bunlar edəcəkdir məhkum.
A r i f
Əcəba, kimdir o xain, miskin?
R ə’ n a
Səncə pək bəlli hərif: İbn Yəmin.
A r i f
(kağızları göz ucilə süzərək)
Şu xəyanətləri sən əvvəldən
Biliyorkən susuyordun, bu nədən?
R ə’ n a
Bəni qandırdı da sandım o dəni,
Bulur əlbət babamın qatilini,
Sonra baqdım ki, o bir başqa səfil!..
A r i f
(ətrafa)
Bəlkə həp kəndisi cani, qatil...
(Rə’nayə)
Bana ver onları, Rə’na! Bana ver.
(kağızları almaq istər)
R ə’ n a
(İblisi göstərir)
Hələ səbr et baqalım bir bu nə der.
İ b l i s
Ver, əvət, ver, o nə lazımsa yapar.
A r i f
Bana ver, şimdi o azğın canavar,
Bulur əlbəttə cəza, qurtulamaz.
(kağızları alır, sür’ətli adımlarla gəldiyi qapıdan çıqar)
R ə’ n a
(müztərib)
Ah, lakin o hərif pək qurnaz...
İ b l i s
Hiç təlaş etmə, quzum, dinlə bəni,
İki bildik soruyorlardı səni...
R ə’ n a
(sözünü kəsərək)
Kimdi onlar?
İ b l i s
Biri olduqca yigit,
Vasif ismində gözəl bir zabit.
R ə’ n a
(şad və və məmnun)
Ah, gerçəkmi bu söz?
İ b l i s
Pək gerçək,
Bana söz verdi, əmin ol, gələcək.
İ b n Y ə m i n
(daxil olur, İblisə)
Əcəba sevgili Rə’na nə diyor?
İ b l i s
Bəyim, izhari-məsərrət ediyor.
İ b n Y ə m i n
(İblisin omuzunu oqşayaraq)
Xeyli məmnunim, əzizim, səndən.
R ə’ n a
(kinayəli və acı təbəssümlə)
Xəstəyə baqmaq için gəlmiş ikən,
Bir ziyafətdə bulunmaq nə tuhaf!
İ b n Y ə m i n
Yoqmudur səndə, gülüm, hiç insaf!?
Yaralı əskərə baqmaqsa məram,
Əskərim bən də, böyük həm də yaram,
Yar da aç, qəlbimə baq, sonra inan,
Çünki hala aqıyor, kəsmədi qan.
R ə’ n a
(məhzun)
Ah, təmin ediyordun da bəni;
Bulacaqdın babamın qatilini.
İ b l i s
O da mümkün, o da mümkün, Rə’na!
Bir düşün, bən nə dedim şimdi sana?
Həp sevin, gül, mələyim, çünki bu gün
Ələ düşməz... nə səadətli dügün!..
(mə’nalı qəhqəhə)
Ç a v u ş
(daxil olur)
Gəliyor iştə misafirlərimiz.
İ b n Y ə m i n
(Rə’nayə)
Get, gülüm, sonra məhəbbət edəriz.
(Misafirləri qarşılamaq için qarşıki qapıdan çıqar).
İ b l i s
(Rə’nayə)
Hiç məraq etmə, əmin ol, o bənim
Ən itaətli qulumdur daim.
Durma get, bəklə də fürsət dəmini,
Bəlkə rö’yadə görür bir də səni.
İstehzalı qəhqəhə... Rə’na sağ qapıdan çıqar. İbn Yəmin ilə bərabər V a s i f , arqadaşı və iki-üç zabit daxil olurlar.
İ b n Y ə m i n
(öndə olaraq tatlı qəhqəhələrlə)
Hay, hay, buyurun, nə xoş təsadüf!
(Vasiflə küçük zabiti misafirlərinə göstərir)
Bir arqadaşımdır iştə Vasif,
Aylarca əgərçi ayrı düşdük,
Qismət bu, yenə bu gün görüşdük.
V a s i f
(İbn Yəminə)
Xoşbaxt olaraq ziyarətindən
Könlüm nə qədər sevindi, bilsən!
İ b n Y ə m i n
(misafirlərə)
Bən hərb ediyorkən ordumuzda
Gördümsə beş-on sevimli sima,
Vasif, şu könüllü, şanlı zabit
Bir yıldıza bənziyordu sabit.
B i r i n c i z a b i t
Dünyayı saran şu qanlı qavğa
Bir xeyli yigitlər etdi peyda;
Yoq şübhə, bu dürlü nevcavanlar
Olduqca dəyərli qəhrəmanlar.
İ b n Y ə m i n
Qavğada qolay müvəffəq olmaq,
Tale və cəsarət olsun ancaq.
Otururlar.
B i r i n c i z a b i t
(yarımsərxoş, İbn Yəminə)
Yahu, bu nasıl dügün, ziyafət!?
Məscidmi bu, ya ki, bəzmi-işrət?
İ k i n c i z a b i t
Gerçək, bu nə? Oynayıb çalan yoq,
Bir nəş’ələnib də zevq alan yoq.
İ b n Y ə m i n
Dur, həp olur, onsuz olmaz əlbət,
İsmarlamışım, gəlir bu saət.
Ç a v u ş
(gəlir, əskərcə təmənna edər)
Rəqqasələr əmrə müntəzirdir.
İ b n Y ə m i n
Gəlsinlər, əvət, həmən xəbər ver.
Çavuş çıqar
B i r i n c i z a b i t
Gəlsinlər, əvət, dəyişsin əhval,
Gülsün azacıq pəriyi-amal.
İ k i n c i z a b i t
Tam beş sənədir ki, rahib olduq,
Ciddiyyət içində həp boğulduq.
Rəqqasələr daxil olur
İ b n Y ə m i n
(çalğıçılara)
Çal, haydı çal, etmə fevti-fürsət!
Çal, durma, sənindir iştə nevbət.
B i r i n c i z a b i t
Çal, sızlayıb inləsin o tellər,
Çırpınsın onunla həp könüllər.
İ k i n c i z a b i t
Çal, məclisə zevqü nəş’ə gəlsin,
Çal, ta ölülər də rəqsə gəlsin.
Çalğı başlar, rəqqasələr aşağıdakı şərqiyi həmahəng olaraq söylər və rəqs edərlər.
Şərqi
Hər şey sənindir, ey qafil insan!
Gülgün şəfəqlər, rəngin çiçəklər.
Hər şey sənindir, ey cahil insan!
Parlaq günəşlər, dilbər mələklər.
Yalnız sənin, yalnız sənin hər dürlü ne’mət;
Gənclik, gözəllik, eşqü ülfət, hər səadət.
Sür daima zevqü səfa, fevt etmə fürsət,
Bir gün gəlir, əsla səmər verməz nədamət.
Beş günlük ömrün rö’yayə bənzər,
Dal eyşü-nuşə, hiç gəlmə huşə.
Daim gül, əylən, olma mükəddər,
İç badə, həp gəl cuşü xüruşə.
Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım,
Bir gün gəlir, əldən çıqar zevqi-xərabat.
Al nəş’ə hər şeydən, əvət, qəflət nə lazım,
Bir gün gəlir, əldən düşər peymanə heyhat!..
Rəqs bitmək üzrə ikən A r i f l ə bərabər əli silahlı iki k a n u n n ə f ə r i daxil olur.
B i r i n c i k a n u n
(kəskin və amiranə bir tevr ilə rəqqasələrə)
Sakit, dağılın!..
Musiqi susar, rəqqasələr ikişər, üçər salonu tərk edərlər.
İ b n Y ə m i n
(heyrətlə, kanunlara)
Nədir bu rəftar?
A r i f
(İbn Yəmini göstərir)
Tam kəndisi, iştə! Ah, qəddar!
İ b n Y ə m i n
Lakin çəkilirmi bu həqarət?
(Silah çəkmək istər).
B i r i n c i k a n u n
Həp nafilə bunca qeyzü hiddət,
Əl’an səni istiyor hökumət,
Gəl!..
A r i f
Bəllidir etdiyin xəyanət.
İbn Yəmini alıb götürürlər, Ariflə misafirlər də bərabər çıqar.
V a s i f
(ən arqada qalır, küçük zabitə)
Baq, şimdi də fevt edilsə fürsət,
Daim qalırım visalə həsrət.
Sol qapıdan girmək istərlər. Rə’na qarşılarına çıqar. Vasif pərəstişkar bir tevr ilə.
Rə’na, Rə’na! Sevimli afət!
Gəl, durma aman, edilsə qəflət
Mütləq səni məhv edər şu xain,
Olmaz daha qurtuluş səninçin.
R ə’ n a
(sevinc ilə)
Vasif! Gedəlim...
(mütərəddid)
Fəqət bu müşkil,
Heyhat, bulunmadıqca qatil...
V a s i f
(sözünü kəsərək)
Sən gəl, bulunur o bir gün əlbət.
İ b l i s
(gəlir)
Rə’na, daha durma, iştə fürsət!
R ə’ n a
Lakin babam!..
V a s i f
Ah, gəl, aman gəl!
Çıqarlar.
İ b l i s
Get, get, daha durma, artar əngəl.
A r i f
(daxil olur, son dərəcə məmnun)
Xain yaqalandı ən nihayət.
İ b l i s
(yarımqəhqəhə ilə)
Eşq olsun, əvət, böyük məharət!
A r i f
Rə’na hanı? Söylə gəlsin!
İ b l i s
Əfsus,
Bir zabitə uydu getdi...
A r i f
(çılğın)
Ah, sus!
İ b l i s
(əlilə onun omuzunu oqşar)
Yahu! Bana baq, şaşırma əsla,
Rə’na, o mələk əlində hala...
A r i f
(böyük bir təlaş ilə)
Bir söylə, nə səmtə getdi onlar?
İ b l i s
(qapıdan onlar getdiyi tərəfi göstərir)
Baq, qarşıda iştə xurmalıq var...
A r i f
(sözünü kəsərək)
Bildim, yetişir, o bəlli bir yol.
(Dərhal dışarı fırlar)
İ b l i s
Get, durma!
(istehzalı qəhqəhə)
Fəqət, yazıq! Əmin ol,
Bəklər səni bir yığın cinayət,
İzlər səni bir yığın fəlakət.
(Qəhqəhə...)