Məzmuna keç

Əvəzində (qoşma, Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əvəzində
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.47

Ovçunsuyam bir şahmarın qoynunda,
Yatıram onunla yar əvəzində,
Xəstəyəm, ürəyim yaman istəyir,
Yeyirəm bibarı nar əvəzində.

Bu qəmli könlümü bir kimsə bilməz,
Məhşərədək üzüm şad olub gülməz.
Atəşimi daşqın çaylar söndürməz,
Od allam ağzıma qar əvəzində.

İman, sirrin öz qəlbində pünhandı,
Ariflər eşidib, dərdimi qandı.
Ala qarğa öz yerində tərlandı,
Tərlan qürbət eldə sar əvəzində.