Anamın kitabı/Üçüncü məclis
←İkinci məclis | Anamın kitabı. Üçüncü məclis Müəllif: Cəlil Məmmədquluzadə |
Dördüncü məclis→ |
Rüstəm bəyin kabineti. Zəhra bəyim və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar Qənbər, Qurban və Zaman.
Q ә n b ә r. Xanımlar, biz məəttəl qaldıq, bilmədik bu mal həkimindən qoyunlara dava olacaq, ya yox?!
G ü l b a h a r. Niyə gedib soruşmursan?
Q ә n bə r. Xanımcan, bilmirəm harda olur.
G ü l b a h a r. Rüstəm dadaşım bilər. Niyə tələsirsiniz, gözləyin gəlsin, soruşun.
Q u r b a n. Xanımcan, qoyunlardan nigaranıq.
G ü l b a h a r. Qənbər, dünən sən mal həkiminnən danışanda mən qulaq asırdım; qoyunların adı çox məzəli idi. Necə, necә? Qumral qaragöz? (Gülür).
Çobanlar utanırlar və başlarını aşağı salırlar.
Q ә n b ә r. Xanımcan, bizim sürüdə yüz əlli qoyun var, hamısının əlahiddə adı var; necə ki, bir məclisdə yüz əlli adam ola, hərəsinin də ayrı-ayrı adı ola. (Gülbahar gülür. Zəhra bəyim qulaq asır). Bu adları qoyunlara biz ondan ötrü qoyuruq ki, qoyunlar həmişə nəzərimizdə olsun və onların birisi sürüdən çıxmış olsa, o dəqiqə bilək və dalıyca olaq. İndi, məsələn, mənim qoyunlarımı gətirələr mənim gözümün qabağına və imtahan üçün sürüdən bir qoyun çıxardalar; mən sürüyə bir beləcə baxan kimi (gözünü dolandırır o tərəf-bu tərəfə) biləcәyəm ki, məsələn, çal əbrəş qoyun sürüdən çıxıb: ya oğurlayıblar, ya canavar dağıdıb.
G ü l b a h a r (Qənbərə yavıqlaşır). Dayan, dayan. Qənbər, sən allah bir məni başa sal. Çox əcəb, indi, məsələn, tutaq ki, bir saatlığa sürünü gətiriblər bura, sən də baxırsan. Axır bu üç qoyun deyil, beş qoyun deyil. Özün deyirsən yüz əlli qoyundu; özü də canlı heyvandı, bir yerdə duran deyil; qarışqa kimi qaynaşır bir-birinə. Sən nə tövr biləcәksən ki, bunun içindən hansı qoyun yoxdu. Hamısı da bir-birinə oxşayır. Sən allah, Qənbər, nağıl elə.
Çobanlar gülüşür.
Q ә n b ә r. Xanımcan, bax, məsələn, Qurban gedir durur qoyunların bir tərəfində, Zaman da gedir durur bir tərəfində--ki, qoyunlar dağılmasın.--Alıram ağacı əlimə (Qurbanın əlindən çomağı alır) və başlayıram qoyunları yoxlamağı: qara kərə, tayın görmək gərək; qumral kərə, tayın görmək gərək; sarı kürə, tayın görmək gərək, qumral kürə, tayın görmək gərək; bənöyüş kərə, tayın görmək gərək; qumral əbrəş, tayın görmək gərək; ağ qaraüz, tayın görmək gərək; bənöyüş əbrəş kürə, tayın görmək gərək; sarı kərə, qara kərə, çal kərə, ağ kərə, boz qumral kərə, hanı boz qumral kərə? Ədə, Qurban, hanı boz qumral kərə? Ədə, Zaman, yoxdu boz qumral kərə; Zaman, Qurban, Salman, boz qumral kərə yoxdu. (Bayatı havası ilə oxuyur). Çal kərə, maral kərə, haradasan boz qumral kərə, boz qumral kərə, boz qumral kərə … ey vay … ey….
Çobanlar gülür, Gülbahar da heyran-heyran baxır və dəsmalı ilə gözünün yaşını silir.
G ü l b a h a r. Qənbər, indi sən bildin boz qumral kərə yoxdu?
Q ә n b ә r. Bəs necə bilmədim? Bildim ki, boz qumral kərə yoxdu.
G ü l b a h a r. İndi nə eləyәcəksən? Qoyun sürüdən yox olanda nə eləyirsiniz?
Q ә n b ә r. Xanımcan, bizim qoyunçuluq bir tərəfdən gözəl peşədi. Həmişə gəzdiyimiz və yaşadığımız yerlər, çəmənlər, laləli və çiçəkli dağlar, daşlar; içdiyimiz nədir? Bulaq suları və pak qoyun südü. Amma bu heyvanın yox olmağı, üzdəniraq, elə bir dərddir ki, elə bil, bir külfətdən bir övlad yox olub.
G ü l b a h a r. Yəni çoxmu dərd eləyirsiniz?
Q ә n b ә r. Xanımcan, elə olur ki, ağlayırıq da; çünki söz bir qoyunun qiymətində deyil ki, üç, ya beş manatdı. Amma deyəndə ki, boz qumral kərə yoxdu, elə bilirik bu boz qumral kərə bizim qardaşımız idi, yainki bir əziz yoldaşımız idi. Xanımcan, and olsun allaha, keçən ay sarı əbrəş kərəni canavar dağıdanda Zaman bir gün axşama kimi tütək çaldı, mən axşama kimi bayatı deyib ağladım. (Qolu ilə gözünün yaşını silir.)
Gülbahar dəsmalını basır gözünə, girir içəri otağa. Rüstəm bəy çöldən girir içəri. Zəhra bəyim də gedir içəri otağa.
R ü s t ә m b ә y (Qənbərə). Qənbər, hələ buradasınız?
Q ә n b ә r. A bəy, elə davadan ötrü qaldıq, bilmədik mal həkiminnən qoyunlara dava olacaq, ya olmayacaq?
R ü s t ә m b ә y. Niyə gedib soruşmursan? Mal həkiminin evi bazar başında, karvansaranın yanında, Hacı Qasım bəyin evindədir. Get hambaldan-zaddan soruş, tap. Mәəttəl olmuyun, gedin.
Qənbər və çobanlar çıxırlar. Rüstəm bəy yazıya məşğul olur. Çöl qapıdan girir içəri Mirzə Məhəmmədəli, dalınca bir hambal. Mirzə Məhəmmədəli gedir kitablarını yığışdırır sandığa ki, versin hambala. Zəhrabəyim, qorxa-qorxa başını qapıdan uzadır içəri və Mirzə Məhəmmədəlinin yığşmağını görəndə, gəlib durur onun yanında.
Z ә h r a b ә y i m. Bala, bunu hara yığışdırırsan? (Mirzə Məhəmmədəli cavab vermir və kitablarını yığışdırır). Olmaz, olmaz! Deyəsən buradan köçmək istəyirsən? Qoymanam, qoymanam, özümü öldürrəm! (Qoltuğunu eşələyir, bayazını çıxardır). Olmaz, köçmək olmaz! Siz burda hamınız bir yerdə yazılmısınız, ayrıla bilməzsiniz; yoxsa vallah bağrım çatlar! (Üzünü çöndərir Rüstəm bəyә)). Rüstəm, bala, qoyma getsin. Burada hamınız bir yerdə yazılmısınız, qoymanam ayrılasınız.
Çöl qapıdan Səməd Vahid, dalınca bir hambal girirlər içəri; Səməd Vahid də gəlir, kitablarını yığışdırır.
Z ә h r a b ә y i m (Səməd Vahidə). Səməd, bala, sən nə qayırırsan? Niyə bunları yığışdırırsan? Yoxsa sən də köçmək istəyirsən? Buy, evim yıxıldı! Aman allah, mənim başıma kül ələnsin! Allah, məni öldür, öldür, öldür! (Ağlaya-ağlaya girir içəri).
Mirzə Məhəmmədəli və Səməd Vahid Zəhra bəyimə qulaq verməyib yığışmaqdadırlar. Bu heyndə çöl qapıdan girir içəri Senzor Mirzə Cəfər bəy, yanında bir nəfər polis məmuru və iki nəfər polis fərraşı. Üç qardaş çəkilib dururlar öz yerlərində, hamballar çəkilir kənara. İçəri otaqdan, qapının arasından Gülbahar baxır və çöl qapıdan Qənbər baxır.
S e n z o r. Həzərat, hökumətin qərardadı mocibincə biz təyin olunmuşuq ki, burada üç qardaşın, yəni (papkasından bir kağız çıxarıb baxır) Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin mənzilini axtaraq, kitabxanalarını müayinə edək, siyahiyə götürək, məzmunlarını bilək və hökumətə çatan bəzi şayiatı təftiş və təhqiq edib, bu barədə bəratülqovl yazaq və hökumətin baş senzorxanasına pişnəhad edib, bizə mühəvvəl olunan məmuriyyəti sədaqətlə yerinə yetirək. Burada olan əşxasdan xahiş olunur ki, nə bir yerə tərpənsinlər və nə də buraya sair bir adam qoysunlar.
R ü s t ә m b ә y. Bəli, nə sözümüz ola bilər.
M i r z ә M ә h ә m m ә d ә l i. İxtiyar sahibisiniz.
S ә m ә d V a h i d. Şayəd belə icab edər.
S e n z o r. Cənab Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid…. (kağıza baxa-baxa) xahiş edirəm familiyanızı da buyurasınız.
R ü s t ә m b ә y. Rüstəm bəy Əbdüləzimof.
M i r z ә M ә h ә m m ә d ә l i. Mirzə Məhəmmədəli xələfi-mərhum Ağa Əbdüləzim.
S ә m ә d V a h i d. Əbdüləzimzadeyi Səməd Vahid.
S e n z o r. Xub, sizdən gərək pünhan olmaya ki, sizin bir para bədxahlarınız hökumət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmusunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslimin cəmiyyətinə iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn Hübbi-vətən və Ədəmi-mərkəziyyət firqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən İran Azərbaycanını--ki, ibarət olsun Təbriz, Tehran, Gilan, Osmanlı və İran Kürdüstanı, Urmu və qeyrilərə--bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz və salisən bu fikirdən də uzaq deyilsiz ki, müsavat və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içində müntəşir edirsiniz ki, min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün bir nicat yolu tapsınlar və həmin niyyətlərinizi əmələ gətirmək yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmaqdasınız. Məhz bu səbəbdən siz üç qardaşın cəmi kitablarını bu saat gərək təftiş edək. Cənab Rüstəm bəy, əvvəl siz öz kitablarınızı nişan veriniz.
Rüstəm bəy öz kitablarını nişan verir. Senzor bir-bir kitabları çıxardır, açıb baxır və polis məmuru oturub, senzor baxdığı kitabları siyahı edir.
S e n z o r (rusca da, müsəlmanca da oxuyur):
Slovar russkoqo yazıka--Rus dili lüğəti, bir cild.
Slovar russkoqo yazıka Dalya, 3 toma--rus lüğəti.
Bolşaya ensiklopediya, 2 toma--Rus dilində böyük qamus, iki cild.
Slovar inostrannıx slov v russkom yazıke--Rus dilində əcnəbi lüğət.
Slovar velikorusskoqo yazıka--Genə rus lüğəti.
Malaya ensiklopediya--Rus dilində kiçik qamus.
Russko-slavyanskiy slovar--Rus və slavyan lüğəti.
Slavyano-russkiy slovar--Slavyan-rus lüğəti.
Sokraşennıy ruskiy slovar Nikitina--Genə rus lüğəti.
Tolkovaniye serbskix slov, voşedşix v russkiy yazık--Serb və rus lüğəti.
Mirzə Məhəmmədəli başını bulamaq ilə narazılığını bildirir.
Malorossiyskiy slovar--Genə rus lüğəti.
Sravnitelnoye tolkovaniye bolqarskix slov--Rus-bolqar lüğəti.
Russko-bolqarskiy slovar--Rus-bolqar lüğəti.
Moldavo-russko-çeşskiy slovar--Genə rus lüğəti.
Medisinskiy slovar--Rus dilində müalicə lüğəti.
Yujno-velikorusskiy slovar--Velikorus lüğəti.
Russko-rumınskiy slovar--Rus-rumın lüğəti.
Texniçeskiy slovar--Rus dilində sənət lüğəti.
Filosofskiy slovar--Filosofiya lüğəti.
Polnıy slovotolkovatel Zimina--Zimin lüğəti.
İssledovaniye drevnix russkix slov po letopisi Nestora--Nestorun lüğəti.
Yenə Mirzə Məhəmmədəli narazılığını büruzə verib, başını bulayır.
Slovar Solovyeva--Solovyovun lüğəti.
Vostoçno-russkiy slovar--Şərqi-rus lüğəti.
Zapadno-russkiy slovar--Qərbi rus lüğəti.
Akademiçeskiy slovar--Akademiya lüğəti.
Drevnerusskiy slovar--Qədim rus lüğəti.
Rüstəm bəyin kitabları qurtarır.
S e n z o r. Buradakı kitablar tamam oldu. Dəxi bundan savayı bir yanda kitabınız varsa, nişan veriniz.
R ü s t ә m b ә y. Xeyr, dəxi bundan savayı mənim kitabım yoxdur.
S e n z o r. Xub, bunlar cəmisi rus lüğətləridir. Bunlardan bizim üçün bir mətləb hasil olmadı. Bunları yığışdırın qoyun yerinə. Pəs sizin müsəlman kitabınız məgər yoxdur?
R ü s t ә m b ә y. Xeyr, yoxdur.
S e n z o r. Heç biri də?
R ü s t ә m bəy. Heç yarısı da.
S e n z o r. Səbəb nədir? Hə, Hə, bağışlayınız, yəqin ki, siz darülfünun qurtarmısınız!
R ü s t ә m b ә y. Bəli, ağa.
S e n z o r. Xub, pəs siz nə işə məşğulsunuz?
R ü s t ә m b ә y. Mən lüğət yazıram.
S e n z o r (Mirzə Məhəmmədəliyә). Cənab Mirzə Məhəmmədəli, şayəd siz ittihadi-müslimin məşqinə düşübsünüz ki, İran və Rusiya azərbaycanlılarından bir müstəqil hökumət əmələ gətirəsiniz və bu qəsd ilə qardaşlarınız ilə bir ittihad bağlamısınız. Xahiş edirəm, siz də öz kitablarınızı nişan verəsiniz.
M i r z ә M ә h ә m m ә d ә l i (Hər iki əli ilə kitab sandığını nişan verir). Ağa, buyura bilərsiniz, bu da mənim kitablarım.
S e n z o r (bir-bir kitabları alır əlinə, baxır). Xub, bu nədir? Bəli, Kitab dər bəyani-küsufi-külli, yəni günün tamam tutulmağının duaları (polis məmuru yazır). Kitab dər bəyani-əhvəlati-küsufi-cüzi, yəni günün yarımçıq tutulmağının əhvalatı (polis məmuru yazır). Keyfiyyəti-xüsuf və küsuf; ayın və günün tutulmağı (polis məmuru yazır, senzor o biri kitabı oxuyur). Mütəvəssit şüdəni-afitabi-miyani-övci-qəmər və mərkəzi-tədviri-u və bəyani-təfsilati-xüsuf və küsuf (polis məmuru yazır, senzor o biri kitabı götürür). Giriftəciyi qəndili-İsa, yəni afitabi-aləmtab, yəni günün tutulmağının duaları, (polis məmura yazır, senzor o biri kitabı götürür). Kitab dər bəyani-əhvali-ki, zəmin miyani-mah və afitab hayil şəvəd, yəni bəyani-hali-xüsuf və onun hökmlərindən danışır ki, xudavəndi-aləm tərəfindən bəndələrə tövsiyə olunubdur (polis məmuru yazır, senzor o biri kitabı götürür). Keyfiyyəti-küsuf və övzai-on nisbət bəbiladi-müxtəlifə; demək, bu da günün tutulmağından danışır (polis məmuru yazır, senzor o biri kitabı götürür). Övzai-kəvakib dər məqami-ittifaq şüdəni-küsuf və xüsuf və təklifi ki, bebəndəgai mühəvvəl şüdə əst; demək, bu da ayın və günün tutulmağından və onun ibadətlərindən danışır (o biri kitab), Nəqşeyi-xüsufi-külli, yəni ayın tamam tutulmağının nəqşəsi (o biri kitab), Xətti-xüsufi-cüz dər afaqi-mərkəzi; xülasə, bu da ayın tutulmağından danışır. Vəssəlam, dəxi kitabınız yoxdu?
M i r z ә M ә h ә m m ә d ә l i. Xeyr, ağacan, dəxi bunlardan savayı kitabım yoxdur.
S e n z o r. Bağışlayasınız, sizin sənətiniz nədir?
M i r z ә M ә h ә m m ә d ә l i. Bəndə xüsuf və küsuf duası yazıram, özüm də cəmiyyəti-xeyriyyədə elmi-ilahi müəllimiyəm.
S e n z o r. Cənab Rüstəm bəy və Mirzə Məhəmmədəli, hökuməti-əliyyənin politikasına xətər yetirən mətləblər sizin ikinizin də kitablarından tapılmadı. Yəqin ki, olsa Səməd Vahid cənablarında olacaq. (Səməd Vahidə). Yəqin ki, sizin kitablarınız bunlardır?
S ә m ә d V a h i d. Bəli, ağa.
S e n z o r (bir kitabı götürüb oxuyur).
Zavallının işi çoqdur zaman bulub gələməz,
Gedib də söyləməmişsə, nə haldasan biləməz.
M i r z ә M ә h ә m m ә d ә l i (öz-özünə). Pəh-pəh, ləzzət apardıq.
S e n z o r. Demək, bu hamısı şerdir?
S ә m ә d V a h i d. Əvət, həpsi əşardır.
S e n z o r (o biri kitabı götürüb oxuyur).
Köksündən qalqar, topuqdan salqar,
Kəndini içə saqın, iç çəngələ taqar.
Güc ilə əgər Misri,
Varmı bu pəhləvanların qüsuri.
S e n z o r. Bunlar da deyəsən hamısı şerdi.
S ә m ә d V a h i d. Əvət.
S e n z o r (bir kitabı da götürüb, yaxşı oxuya bilmir, verir Səməd Vahidə). Deyəsən bu da hamısı şerdi. Buyur buradan oxu görüm.
S ә m ә d V a h i d (şairanə oxuyur, əl-qolunu ata-ata).
Fərda sənin, sənin bu təcəddüd, bu inqilab.
Hər şey sənin deyilmi ki, zatən sən, ey şəbab?!
Ey çöhreyi-bəhici-ümid, iştə məkəsin,
Qarşında bir səmayi-səhər safü bisəhab.
Mirzə Məhəmmədəli başını bulayır.
S e n z o r. Mən, doğrusu, bunu başa düşmədim. Pəs bu qalan kitablar nə kitablarıdır?
S ә m ә d V a h i d. Həpsi Türkiyə əşarıdır.
S e n z o r (bir kitab da götürüb baxır). Mürəbbelər.
Təthiri-məcaz həml eqaq,
Bir eyşi-həziz nar xəndir.
Bir hiz visal töhfədəndir,
Aşüftə nihan xaki-müştaq.
Bu kitabı qoyur, o biri kitabı götürüb oxuyur.
Failatün, failatün, failatün, failat,
Şöləyabi, xaki-paki, inkişaki-təntəraq,
Bu kitabı qoyur, o birini götürür, oxuyur.
Elmi-vəzi hamısı şerdir. Bu kitab da üsuli-qafiyədən danışır. Hamısı şerdir. Bu kitab sərbəst nəzm şerləridir. Bu kitab da müxəmməs şerləridir. Bu da təxmisdir. Hamısı şerdir. Bu kitab qəsidələrdir; yəni hamısı şerdi. Bu da saqinamə şerləridi. Bu da məsnəvi. Bu da qəzəllər. Bu nədir? Tərcibənd. Bu da tərkib-bənd. Genə hamısı şerdir.
Mirzə Məhəmmədəli başını bulayır.
S e n z o r. Görüm dəxi nə var? Bu kitab görüm nədən danışır? Bu da sənəti-süxəndən danışır. Bu da şerdir. Bu da müsəddəs şerləridir. Ba-ba-ba! Cənab Səməd Vahid, bunlar ki, cümləsi şer kitablarıdır, özləri də hamısı İstambul çapıdır. Pəs səbəb nədir ki, Osmanlıdan gələn kitablar hamısı şerdir?
S ә m ә d V a h i d. Səbəb budur ki, Osmanlıda cəmi qələm sahibləri şairdi; cəmi doktorlar, mühəndislər, diplomatlar, hətta ministrlər də şairdi, həpsi şairdi.
S e n z o r. Bağışlayasınız, pəs sizin sənətiniz nədir?
S ә m ә d V a h i d. Mən özüm də şairəm. Kəndim də cəmiyyəti-xeyriyyə məktəbində elmi-qafiyə dərsi diyorum.
M i r z ә M ә h ә m m ә d ә l i (öz-özünə). Allah bərəkət versin.
S e n z o r (üzünü polis məmuruna və fərraşlara tutub). Xub, biz getməli olduq. (Üç qardaşa) həzərat, bəndə bir saat bundan əqdəm sizin üçünüzün də barəsində bir özgə xəyalda idim. Amma kitablarınızı görəndən sonra, dəxi indi fikrimi bilmərrə dəyişdim. İndi nə fikirdəyəm, o da qalsın mənim öz yanımda; lakin özümə fərz bilirəm hökumətə ərzi-hal edib sizi ümənayi-dövlət yanında ən səlamət və zərərsiz bəndələr cümləsində hesab edəm. Məni əfv buyurasınız və səlamət qalasınız.
Senzor, polis məmuru və fərraşlar çıxıb gedirlər.
R ü s t ә m b ә y, M i r z ә M ә h ә m m ә d ә l i v ә S ә m ә d V a h i d (birdən). Xoş gəldiniz.
Qardaşlar başlayırlar kitablarını yığışdırmağa. Rüstəm bəy kitablarını şkafa düzdüyü yerdə birdən üzünü çöndərir qardaşlarına və qah-qah çəkib başlayır gülməyə. Mirzə Məhəmmədəli və Səməd Vahid təәccüblü baxırlar Rüstəm bəyə. Bir dəfə də uğunub cüləndən sonra Rüstəm bəy qardaşlarına deyir:
R ü s t ә m b ә y. Hələ indiyə kimi xalq bir şeyi başa düşmürdü. İndiyə kimi xalq deyirdi: mərhəba-Əbdüləzimin oğlanlarına! Maşallah, biri Peterburqda elm təhsil edib, biri İstambulda, biri Nəcəfül-əşrəfdə. Üçü də, maşallah, oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylənəcək ki, haman üç alimlərin biri (Mirzə Məhəmmədəliyə işarə edir) xüsüf-küsuf duası yazır; biri (Səməd Vahidə baxır) məfailün fəilatün; biri də … (özünə baxır), vallah, mən özüm də heç başa düşmürəm ki, mən nəçiyəm. Qah-qah-qah! (Qah-qah çəkir).
M i r z ә M ә h ә m m ә d ә l i (Rüstəm bəyә). Cənab Rüstəm bəy! Əksər üləma və füzəladan mütəvatir rəvayətdir ki, "əl-qəhqəhətü minəşşeytan"--yəni bilirsən bunun mənası nədir? (Bir az dayanır). Bilmirsən təfsir edim. Bunun mənası budur ki, qah-qah çəkib gülmək şeytan sənətidir (məşğul olur kitablarını yığışdırmağa).
R ü s t ә m b ә y (çığırır). Biədəb!
M i r z ә M ә h ә m m ә d ә l i (çığırır). Biədəb özünsən!
R ü s t ә m b ә y (çığırır). Sənsən!
M i r z ә M ә h ә m m ә d ә l i (çığırır). Sənsən.
S ә m ә d V a h i d (çığırır). Bəradərlərim, nə qovğa?
Zəhrabəyim girir içəri və qoltuğundan bayazını çıxarıb tutur gah Rüstəm bəyin qabağına, gah Mirzə Məhəmmədəlinin qabağına. Bunlar da Zəhra bəyimi itələyib deyirlər: "Sən də cəhənnəm ol başımızdan!" İkisi də övrətin kitabını tullayırlar, vərəqləri dağılır. Gülbahar və Qənbər, çobanlar ilə tökülürlər içəri. Mirzə Məhəmmədəli "sənsən!" deyə-deyə çıxıb gedir. Səməd Vahid "nə qovğadır!" deyə-deyə çıxıb gedir. Zivər xanım gəlib yapışır Rüstəm bəyin qolundan, çəkib aparır. Zəhra bəyim yıxılıb bihuş olur. Gülbahar özünü salır arvadın yanına. Qənbər də yavuq gəlib, məəttəl qalır.
P ә r d ә s a l ı n ı r.