Məzmuna keç

Anamın kitabı/Dördüncü məclis

Vikimənbə saytından
Üçüncü məclis Anamın kitabı. Dördüncü məclis
Müəllif: Cəlil Məmmədquluzadə


Rüstəmbəyin və qardaşllarının haman kabinəsi. Z ә h r a b ә y i m azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır.

R ü s t ә m b ә y (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana!

Z ә h r a b ә y i m (həzin səs ilə). Nə deyirsən, Rüstəm bala?

R ü s t ә m b ә y. Ana mən sənin yanında müqəssirəm. Mənim günahımdan keç. Dünən səni mən incitdim.

Z ә h r a b ә y i m. Bala, sənin mən qadanı alım. Sənin nə bir günahın var ki, mən sənin günahından keçəm? Sən məni incitməmisən. Sən bircə qardaşlarından ayrı düşmə, mən öləndən sonra da, qəbirdə də sənə duaçı olum, ay Rüstəm bala!

R ü s t ә m b ә y (bir qədər dinmir və sonra). Ana, ay ana, axır sən bəzi işləri bilirsən, bəzisini də bilmirsən. Bizim bir-birimiznən danışığımız məslək üstədir, mübahisəmiz kitab üstədir. Yoxsa sən dediyin söz bir gözəl sözdü. Məsələn, elə mən açığını sənə deyim. Ana, ana, eşidirsən nə deyirəm? Ana, qulaq asırsan ya yox?

Z ә h r a b ә y i m (həzin səs ilə və güc ilə). Hə, hə, bala, sözünü de, eşidirəm.

R ü s t ә m b ә y. Ana, bax, mən səni lap yaxşı başa salım: nə qədər ki, mən bu kitablara etiqad eləyirəm (öz kitabları tərəfə əlini tutur), Məhəmmədəli də bu kitablara (Mirzə Məhəmmədəlinin tərəfinə əlini uzadır) və Səməd də bu kitablara (Səməd Vahidə tərəf əlini uzadır) etiqad eləyirlər, dəxi biz nə təhər ittihad edib, mehriban yola gedə bilərik?

(Rüstəm bəy yavaş-yavaş uzaqlaşır içəri otağa. Zəhra bəyim dərin ah çəkir, sonra Mirzə Məhəmmədəli gəlib çökür diz ustə anasının qabağında).

M i r z ә M ә h ә m m ә d ә l i. Ana, məni bağışla, dünən hirsli vaxtımda sənə tərk-ədəblik göstərdim.

Z ә h r a b ә y i m. Bala, ayaqlarının altında ölüm, qardaşlarından ayrılma.

G ü l b a h a r. Dadaş, sən, atanın goru, ayrılma.

M i r z ә M ә h ә m m ә d ә l i. Ana, ay ana, bir qulaq as, gör nə deyirəm. İşin əslkarı bir yerdədir ki, bax, mən səni bu saat başa salım. Bax, bu evdə üç qism kitab var ki, biz üç qardaş bunlara sitayiş edirik. Bir qismi budur (Rüstəm bəyin kitablarını nişan verir). Bir qismi budur (Səməd Vahidin kitablarını nişan verir). Bir qismi də budur (öz kitablarını nişan verir). Əgər biz bu kitabları bir-birinin yanına qoysaq, diqqətnən baxsaq və zaiqəyə tapşırsaq, baxıb görərik ki, bu üç qism kitablar bir-birinə o qədər oxşayır, necə ki, məsələn, mən Səmədə oxşayıram, Səməd Rüstəmə oxşayır, Rüstəm bəy də mənə oxşayır. Bax, qoy səni qurtarım; qulaq asırsan, ana, ya yox? Bu kitabların cəmisi əşardı, özü də əşar deyirəm ha! Fikrin özgə yana getməsin. Xoruz səsi eşitməyən əşardı!

S ә m ә d V a h i d. Pəki!

M i r z ә M ә h ә m m ә d ә l i (əlini Rüstəm bəyə sarı tutur). Bu kitabların da cəmisi bilirsən nədir? Bilmirsən, deyim: cəmisi rus lüğətidir. Bu da elə bir cür naxoşluqdur.

Rüstəm bəy sağ əlini Mirzə Məhəmmədəliyə tərəf atır və gedir çölə.

O ki, qaldı mənim öz kitablarım (kitablarına tərəf baxır və bir qədər fikrə gedir), bunların biri xüsufdu, biri küsufdu. Di indi, ana, bizə bir tədbir tök, görək biz nə tövr yola gedə bilərik?!

Zəhra bəyim dərin ah çəkir.

Ana, sözün yoxdu? Məni bağışla, mən getməliyəm. (Durur, başmaqlarını geyir). Gülbahar, mən hammal göndərəcəyəm, mənim kitab sandığımı və yatacağımı verərsən gətirsin (çıxıb gedir).

S ә m ә d V a h i d (Zəhra bəyimə tərəf gəlir). Validəm, bənə də bəradərlərim ilə yola getməyi təklif edəcәksən, bəni də əfv et, zira gərək gavur lüğətlərinin (Rüstəm bəyin şkafınaa işarə edir) və gərək fanatik kitablarının (Mirzə Məhəmmədəlinin kitablarına işarə edir) sahibləri ilə bir sırada bulunmaq bəndə üçün qabili-imkan deyil. Bəni əfv et. (Gülbahara) Bənim də kitablarım ardınca hammal gələsidir, ona təslim etməkdə müzayiqə göstərməzsən, zənn ediyorum. (Çıxıb gedir).

Zəhra bəyim bir qədər fikir eləyir və güc ilə o tərəf-bu tərəfə baxır və Gülbahardan savayı otaqda bir kəsi görmür.

Z ә h r a b ә y i m. Qızım, bunlar hara getdilər?

G ü l b a h a r. Nə bilim, ana? Çıxıb getdilər.

Z ә h r a b ә y i m (fikrə gedir). Ürəyim, ürəyim (əlini qoyur ürəyinə) üç yerə bölünə, üç tikə ola, hər tikəsi də bir tərəfə çıxıb gedə (yenə baxır otağa), onda dəxi ürəyim parçalanar, ölərəm. Qızım, pəs mənim ürəyim üç parça olsa, sən nə elərsən?! Qızım, anasız qalarsan (dərin ah çəkir və huşa gedir).

Gülbahar bir qədər baxır anasına və tez durur ayağa, qaçır qapıya və nə qədər səsi var, çığırır.

G ü l b a h a r. Səməd, Səməd!… Məhəmmədəli dadaş!… Səməd!…

Q ә n b ә r hövlnak girir içəri, dalınca Q u r b a n və Z a m a n. Gülbahar qaçır Qənbərin yanına, yapışır əlindən və çəkə-çəkə gətirir anasının yanına və özü də çökür anasının qabağında, əlini götürür və çağırır.

Ana! Ana!

Qənbər təәccüb edir və deyir.

Q ә n bə r. Xanımcan, nə var? Yoxsa xanım bəyim pis haldadır?

Zəhra bəyim gözlərini açır və baxır Gülbahara və sonra da Qənbərə və güc ilə başını çöndərir və gözü ilə bir şey axtaran kimi çobanlara gözü sataşır.

G ü l b a h a r. Ana, necəsən?

Z ә h r a b ә y i m (Qənbərə baxır). Qənbər, sənsən? Hələ getməmisən?

Q ә n b ә r. Xanım bəyim, qulluğunda durmuşam.

G ü l b a h a r. Ana, Qənbər və çobanlar gəliblər sənin kefini xəbər alırlar. (Qənbərə) Qənbər, bir az danış, anamın kefi açılsın.

Z ә h r a b ә y i m (Qənbərə). Qənbər, bir az danış, danış. Nə olar, danış, qulaq asaq. Niyə danışmırsan? Mən istəyirəm qulaq asam. De gərək, indi qoyunların nə qayırır? Deyirdin axı azarlıyırlar.

Qənbər utanır və başını salır aşağı.

G ü l b a h a r (gülə-gülə). Qənbər, hı, indi qoyunların səni gözləyir. İndi görəsən qumral bənöyüş qoyunu canavar dağıtmayıb ki? (gülür).

Q ә n b ә r. Xanım bəyim, qumral bənöyüş qoyun sənə qurban olsun.

G ü l b a h a r. Qənbər, hı, sən allah bir nağıl elə görək, qoyunu canavar dağıdanda necə ağlayırsan?

Q ә n b ә r (utana-utana). Xanımcan, onu mən sənə nağıl eləmişəm, onu sən bilirsən. Bəlkə sən Zamanın tütək çalmağını görəsən, görəsən necə tütəyin səsi ilə qoyunları qaytarır?

G ü l b a h a r. Necə, necә? Sən allah, Qənbər, necә? Bir nağıl elə görək. (Anasına). Ana, qulaq asırsanmı, nağıl eləsinmi? Ana, qoy nağıl eləsin, qulaq as.

Q ә n b ә r. Xanımcan, and olsun allaha, bir dəfə mən özüm təәccüb qaldım. Günorta zamanı idi. Qoyunları çobanlar aparırdılar "Qızlar bulağına". Biz də yoldaşlarımıznan oturmuşduq kəklik təpəsinin yamacında, qoyunlara baxırdıq. Bax, bu qırışmal Zaman da oturmuşdu yanımızda, tütək çalırdı. Bizim qoyunlar da, Zamangilin qoyunları da bulağa sarı getməkdə idi. Birdən Zaman bizə qayıtdı ki, "nə verərsiniz, elə çalım ki, qoyunlar getdikləri yerdə dayanıb, geri qayıtsınlar?" Söz yox, heç kəs inanmadı. Xülasə, nə başınızı ağrıdım, xanımlar, Zaman başladı çalmağa. (Zamana). Ədə, çıxart tütəyini. (Zaman utana-utana tütəyini çıxardır). And olsun sizin əziz canınıza, qoyunlar tütəyin səsini eşidən kimi elə bil ki, bir şeydən ürkdülər. Eləcə getdikləri yerdə dayandılar, qulaqlarını qırpıtdılar. Elə bil, bir şeydən qorxan kimi geri döndülər və quyruqlarını ata-ata, mələşə-mələşə başladılar təpәyə tərəf geri qaçmağa. (Zamana). Ədə, Zaman, çal.

Zaman başlayır tütəkdə çoban--bayatını çalmağa; bir qədər ona baxıb, Qənbər oxuyur.

Q ә n b ә r.

Biz çobanıq, dağdı, daşdı yerimiz, Yoldaşımız qoyun-quzu sürümüz, Dərs almayıb, haqdı-ki, heç birimiz, Amma zövqü səfalıdı çobanlar, Qardaşlıqda vəfalıdı çobanlar.

Gözəl olur çöldə çəmənlər, çaylar, Qışda arandayıq, dağda da yaylar, Çoban südü sağar, hamıya paylar, Niyyəti çünki alidir çobanlar, Qardaşlıqda vəfalıdı çobanlar.

Sürü kəndə dönəndə axşam-səhər, Qoyun mələr, quzu mələr, hey mələr, Səsə-küyə düşər, köpəklər hürər, Billah, zövqü səfalıdı çobanlar, Qardaşlıqda vəfalıdı çobanlar.

Z a m a n (tütəyi qoyur cibinə və deyir). Eh, xanımların canı sağ olsun.

G ü l b a h a r (Qənbərə). Qənbər, sən allah o sözləri sən özün bir də de.

Qənbər başını salır aşağa və bir də avazsız həmin sözləri deyir.

Q ә n b ә r. Biz çobanıq, dağdı, daşdı yerimiz … (və axıra kimi).

Qənbər qurtardıqda çöl qapıdan bir hambal girir içəri.

H a m b a l. Burdadımı Mirzə Məhəmmədəli ağanın kitabları? Məni göndərib aparam məscid hücrəsinə.

Gülbahar hambala əli ilə işarə eləyir dinməsin və hambala yavuq gəlib qulağına bir şey pıçıldayır. Hambal çıxıb gedir, sonra gəlir anasının yanına.

G ü l b a h a r (anasına). Ana, dur səni aparım içəri otağa. Orada uzan, rahat ol.

Zəhra bəyim hazırlaşır dursun ayağa, bir qədər fikir eləyir və qoltuğunu eşələyib bayazını çıxardır verir Gülbahara və deyir:

Z ә h r a b ә y i m. Qızım, bu kitabı al saxla yanında. Qardaşların yola getməyəndə kitabın bir yerində atanın yazısı var,--öz əlinən yazıb,--onu axtar tap, ver qardaşların oxusun. Onu oxusalar, daxı savaşmazlar. Onu atan öləndən iki gün qabaq öz əlinən yazdı (durur ayağa) əli titrəyə-titrəyə yazdı; elə naxoş ola-ola yazdı. Dedi uşaqlar oxusunlar. Qız, yapış əlimdən, qalxa bilmirəm.

Zəhra bəyim "vay-vay" eləyə-eləyə durur ayağa, Gülbahar kitabı qoyur qoltuğuna, yapışır anasının əlindən; yavaş-yavaş aparır o biri otağa. Qayıdır geri, kitabı vərəqləyir, bir yerini tapır, diqqətnən oxuyur.

İ k i i c i h a m b a l daxil olur içəri.

İ k i n c i h a m b a l. Mən gəlmişəm Səməd Vahidin kitablarını və yatacağını aparam.

G ü l b a h a r. (bir qədər baxır). Bir qədər dur çöldə, bir azdan sonra gəl apar.

Hambal gedir.

G ü l b a h a r (bir qədər fikirdən sonra, Qənbərə). Qənbər, bilirsən nə var?

Q ә n b ә r. Buyur, xanımcan.

G ü l b a h a r. Gərək mənə kömək eləyəsən.

Q ә n b ә r. Gözüm üstə, xanımcan, buyur. (Əlini qoyur gözünün üstə).

G ü l b a h a r. Qənbər, bilirsən nə var? Qulaq as, deyim. Qənbər, Məhəmmədəli dadaşım və Səməd dadaşım indi hammalları göndərmişdilər ki, kitablarını və yatacaqlarını buradan aparsınlar. Amma anam onların köçməyini eşitcək qutaracaq; yəqin bil ki, haman dəqiqə keçinəcәk. Qənbər, mənə kömək elə.

Q ә n b ә r. Xanımcan, hər nə buyurursan buyur. Hazıram.

G ü l b a h a r (fikirli). Vallah, məəttəl qalmışam.

Q ә n b ә r. Xanımcan, hər nə buyursan, əmələ gətirə bilərəm.

G ü l b a h a r. Vallah, heç bilmirəm nə qayırım?

(Gülbahar gah gedir qapıya tərəf, gah girir içəri otağa, gah bir durur fikir eləyir, gah gedir qardaşlarının kitablarına diqqət ilə baxır.)

Bu heyndə R ü s t ә m bəy içəri otaqdan başını uzadıb, Q ә n b ә r i və ç o b a n l a r ı görüb deyir.

R ü s t ә m b ә y. Qənbər, sizin burada bir işiniz yoxdur, bu saat buradan rədd olun, bir də sizi mən burada görməyim!

Qənbər və çobanlar çıxıb gedirlər, Rüstəm bəy də yox olur. Gülbahar dərin

fikirdə o tərəfə-bu tərəfə var-gəl eləyir və axırda gedir durur pəncərənin qabağında və baxır çölə və birdən uca səs ilə çığırır: "Qənbər!" Çöl

qapıdan içəri daxil olur i k i n c i h a m b a l.

İ k i n c i h a m m a l. Xanım, mən məəttəl oldum, məni yola sal, gedim.

Gülbahar yenə bir qədər fikir edir, sonra gəlir yapışır onun əlindən, çəkə-çəkə aparır pəncərənin qabağına və deyir:

G ü l b a h a r. Ay hammal qardaş, bir mənə de görüm, axır adamlar niyə hərə bir yana gedir?

İ k i n c i h a m m a l. Xanım, pəs hara getsinlər?

G ü l b a h a r. Necə hara getsinlər? Mən axır səndən söz soruşuram ki, niyə hamısı bir yerə getmir, niyə hərə bir tərəfə gedir? Bax, görürsən, o adamlar o tərəfə gedir, bu adamlar bu tərəfə gedir; mən bu işi başa düşmürəm. Yəqin ki, dəli olublar.

İ k i n c i h a m m a l. Hərənin bir yanda işi var, hərənin evi bir tərəfdədi: biri evinə gedir, biri işinə gedir.

G ü l b a h a r (hövsələsiz). Eh, mən səndən söz soruşuram, sən bilmirəm mənə nə cavab verirsən. Nə səbəbə, axır, hamı bir tərəfə getmir? Yox, yox, bu pis işdi, vallah, pis işdi. Bir yaxşı fikir elə (oturur pəncərənin içində).

İ k i n c i h a m m a l. Xanım, məni yola sal gedim. Hansı kitabları aparacağam, ver aparım.

G ü l b a h a r (hirsli qalxır ayağa və uğadan). Axmaq-axmaq danışma! Mən səndən söz soruşuram, sən hələ məndən katab istəyirsən. Bu saat mənə de görüm ki, axır bu adamlar niyə hamısı bir tərəfə getmir? Niyə biri o tərəfə gedir, biri bu tərəfə gedir?

İ k i n c i h a m m a l. Xanım, başına dolanım, axır mən nə bilim? Hər kəs hara istəyir gedir. Mən dəxi nə eləyim?!

G ü l b a h a r. Qələt eləmə, haramzada! Bu saat get onlara de ki, and olsun allaha, elə bir iş edərəm, bir dəqiqə içində, bax, bir göz yumub saatda (gözlərini yumur) quruyub daşa dönərlər. Onlar hamısı allahın yolundan çıxıblar. Yox, yox, sən onları xəbərdar elə! Yoxsa yazıqdılar, axırda özləri peşiman olarlar. Olarlar inşallah, olarlar inşallah!

Hambal çönüb qapıya tərəf gedir.

G ü l b a h a r (sakit). Dayan, hammal qardaş, dayan! Gəl kitabları apar. Amma mən sənə necə ki, dedim, elə də camaatı başa salarsan.

İ k i n c i h a m m a l. Baş üstə, xanım. Pəs mən hansı kitabları aparacağam.

Gülbahar gedir Rüstəm bəyin kitab şkafını açır, kitabları bir-bir çıxardır və cildlərini cıra-cıra, vərəqlərini dağıda-dağıda tullayır ortalığa

və tullaya-tullaya deyir.

G ü l b a h a r. Rus lüğəti. Slavyan lüğəti (hambal bu işi görcək yavaşca yox olur. Rüstəm bəyin kitablarını qurtarandan sonra Gülbahar Səməd Vahidin kitablarını haman minval ilə, yəni cırıb dağıda-dağıda atır yerə və ata-ata deyir): Elmi-qafiyə. Vəzni-şer. (Bu kitabları da qurtarandan sonra, Gülbahar gedir Mirzə Məhəmmədəlinin sandığından kitabları yenə bir-bir çıxarır və cıra-cıra tullayır yerə və deyir): Xüsuf. Küsuf. Sonra o tərəf-bu tərəfə baxıb görür hambal yoxdur, gəlir kitabların tikə-parçalarını qucaqlayır və pəncərədən tökür çölə. Qaçır içəri otaqdan neft və spiçka gətirir, kitabların üstünə neft töküb od vurur. Kitablar çöldə alışır və Gülbahar durur otağın ortasında; qoltuğundan anasının kitabını çıxardır, bir səhifəsini açır və diqqət ilə baxır.

Çöl qapıdan hövlnak daxil olur, M i r z ә M ә h ә m m ә d ә l i , S ә m ә d V a h i d və dallarınca b i r i n c i və i k i n c i h a m b a l l a r. İçəri otaqdan hövlnak daxil olurlar R ü s t ә m b ә y, Z i v ә r x a n ı m və bunların dalısınca Z ә h r a b ә y i m sürünə-sürünə özünü salır qapının ağzına. Camaat hamısı kitabların yanmağını və Gülbaharın əhvalının dəyişməyini görüb mat qalır. Zəhra bəyim vayıldaya-vayıldaya deyir.

Z ә h r a b ә y i m. Ax, yazıq canım!

Qardaşlar gedirlər, pəncərədən kitabların yanmağına baxırlar, sonar çönüb Gülbahara tamaşa edirlər. Gülbahar əlindəki kitabın açıq səhifəsini yuxarı qalxızıb, qardaşlarına tərəf tutub baxır. Ara bir qədər sakit keçir və heç kəs dinmir. Axırda Gülbahar ucadan mütəəssiranə deyir:

G ü l b a h a r. Qaldı bircə kitab: bu da anamın kitabı! Bir qədər hamı sakit durur baxır.

Budur atam öz əli ilə yazdığı vəsiyyət (oxuyur). Tarixi-hicrinin min iki yüz doxsan dördüncü ilində, rəbiüs-saninin on ikisində, çeşənbə günü, sübh əzanından yarım saat keçdikdə yoldaşım Zəhranın cismindən bir parça qopub ayrıldı ki, ibarət olsun Rüstəm balamdan (barmağı ilə Rüstəm bəyə işarə edir; Rüstəm bəy atasının xəttinə diqqət edəndən sonra dəsmalını basır üzünə).

Biçarə övrətin cisminin qalanından genə tarixi-hicrinin min iki yüz doxsan doqquzuncu ilində, ramazanın beşində, pəncşənbə günü, axşamdan üç saat keçdikdə genə bir parça ayrılıb qopdu. Haman gün oğlum Məhəmmədəli anadan oldu (barmağı ilə Mirzə Məhəmmədəliyə işarə edir; Məhəmmədəli də yavuq gəlir və atasının xəttini görür və dəsmalı basır üzünə).

Yazıq Zəhranın qalan cismi genə bir dəfə parçalandı. Bu da vaqe oldu haman tarixin min üç yüz dördüncü ilində, cəmadiəl-əvvəlin on beşində, çaharşənbə günü, günorta zamanı ki, haman gün balamız Səməd dünyaya gəldi (Səməd Vahidə işarə edir; Səməd Vahid dəsmalı basır üzünə).

Bundan da bir neçə il sonra baxtı-qara övrətin qalan yarım canından genə bir parça qopdu ki, adını Gülbahar qoyduq. Bu da vaqe olub haman tarixin min üç yüz onuncu ilində, şəvvalın iyirmi birində, cümə axşamı, sübh vaxtı.

Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar; çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır.

Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın (əlini anasına tərəf tutur) ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyә! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcәk, nə qədər canında nəfəs var, peşiman olacaq.

(Gülbahar qurtarcaq anası Zəhra bəyim bihuş oturduğu yerdə yıxılır. Gülbahar kitabı qoyur qoltuq cibinə və gedir oturur pəncərənin qabağında, dizlərini qucaqlayır və baxır çölə tərəf).

R ü s t ә m b ә y, M i r z ә M ә h ә m m ә d ә l i, S ә m ә d V a h i d və Z i v ә r x a n ı m tökülürlər Zəhra bəyimin yanına. Mirzə Məhəmmədəli anasının əllərini soyumuş və can üstə görüb, qalxır durur övrətin başının üstündə və başlayır fatihə surəsini oxumağa. Hamı qalxır ayağa. Rüstəm bəy, Səməd Vahid və Zivər xanım dəsmallarını üzlərinə basıb, yavaşca ağlayırlar.

(Gülbahar mat-mat baxır gah anasına tərəf, gah çölə tərəf).

M i r z ә M ә h ә m m ә d ә l i (avaz ilə). Əlhəmdülillahi-rəbbil-aləmin. Ərrəhmanir-rəhim, maliki yövməddin….

Pərdə salınır və Mirzə Məhəmmədəlinin oxumağını kəsir.