Məzmuna keç

Azərbaycan şairi Nizami/Həft peykər ("Yeddi gözəl")

Vikimənbə saytından
Leyli və Məcnun Azərbaycan şairi Nizami. Həft peykər ("Yeddi gözəl")
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
İsgəndərnamə


Ey cəhan dide xiş əz to
Hiç budi nəbud piş əz to.

(Ey dünyanın özünü səninlə gördüyü,
Səndən əvvəl heç bir varlıq yox idi! – red.)

Hicri 593-cü il ramazanın 14-də [1] (miladi 1197-ci il iyulun 31-də) yazılmış bu mənzumə 4.968 beytdə Marağa [2] hökmdarı Ağsunquri padşahı Əlaəddin Körp (körpə) Arslana ithaf olunmuşdur.
Sasani padşahlarından Bəhram-Gur haqqında şairanə bir əfsanədən ibarət olduğu üçün bəzi naşir və tədqiqatçılar əsərə “Bəhramnamə” də demişlər. Amma şair özü əsərinə “Həft peykər” adı vermişdir. Verəcəyimiz xülasədən görünəcəyi kimi, bu ad daha təbii və daha uyğundur. Əsərin məzmunu budur:
Sasani padşahı Yəzdigürdün Bəhram adlı bir oğlu olur. Münəccimlərin tövsiyyəsinə əsasən Ərəbistanda tərbiyə edilməsini istəyən atası Bəhramı Yəmən hökmdarı Münzərin yanına göndərir.
Münzər qonağı olan şahzadənin rahatlığını təmin etmək üçün hər cəhətdən qayğı göstərir. Məşhur Rum memarı Simnarı dəvət edərək İran şahzadəsi üçün xüsusi Xəvərnəq qəsrini tikdirir. Bu qəsr, şair təsvir etdiyinə görə, sənətin misilsiz bir nümunəsidir. Onun bütün dünyaya yayılmış bir qəribəliyi varmış: günün müxtəlif saatlarında günəş şüalarının dəyişən təsiri altında qəsr müxtəlif rənglərdə görünərmiş. Bu qəsrin dünyada tayı-bərabəri yoxdu və ola da bilməzdi: çünki başqa bir beləsini tikməsin deyə, Yəmən hökmdarı Xəvərnəqi tikmiş yunan memarını öldürtdürür.
Iran şahzadəsi Yəməndə yaxşıca böyüyür, ova çıxır, “gur” [3] ovlamaqda məşhur olur. Bunun üçün ona Bəhram-Gur deyirlər. Bəhram-Gurun qəhrəmanlığı yalnız gur ovlamaqla məhdudlaşmır, ən yırtıcı heyvanları da məğlub edir. Qorxulu bir mağaraya girir, əsatiri əjdahanı öldürür və buradakı əfsanəvi xəzinələri əldə edir.
Bir gün şahzadə Xəvərnəq qəsrinin bağlı otaqlarından birini açır. Bu əsrarəngiz otaqda sənətkar bir əl tərəfindən çəkilmiş bir tablo önündə heyran qalır. Burada özünü yeddi iqlimin şahzadələri arasında görür. Otağın açarını özündə saxlayır. Bəhram-Gur arabir dincəlmək üçün bu otağa gəlməyi adət edir.
Yəzdikürdün ölüm xəbəri alınır. Bəhram-Gur İran taxtına çıxmaq üçün yola hazırlaşır. Birdən belə bir xəbər yetişir: İranın dövlət adamları yad bir məmləkətdə tərbiyə edilmiş, yurdundan uzaqda böyümüş bir gəncin İrana yaxşı bir padşah ola bilməyəcəyi üçün öz aralarında bir “piri-dana”nı [4] taxta çıxarmışlar.
Bəhram ərəb dostlarından güclü bir ordu toplayaraq öz haqqını geri almaq üçün sərhədə yaxınlaşır. Irandan gəlmiş bir heyət onu qarşılayır. Heyət şahzadəyə yürüşdən əl çəkməsini və ölkəni qardaş qırğınına cəlb etməməsini təklif edir.
– Atanın günahıdır ki, səni yad tərbiyəsinə verdi, – deyirlər.
Bəhram təklifi rədd edir. Özünün taxta varis olduğunu irəli sürür. Qorxduqları qan tökülməsinin qarşısını almaq üçün isə orijinal bir şərt qoyur:
– İran tacı iki yırtıcı aslanın arasına qoyulacaq; kim onu şirlərin pəncəsindən alacaqsa, o da taxta çıxacaqdır.
Heyətin ağıllı hesab etdiyi bu təklifin yerinə yetirilməsi nəticəsində Bəhram-Gur İran taxtına sahib olur. Bəhramın hökmranlığı zövq və səfa içində, eşq oyunları ilə keçir. Həftənin altı gününü eşq və səfaya sərf edir, yalnız bir günündə məmləkət işləri ilə məşğul olur.
Məmləkətdə quraqlıq baş verir, qıtlıq olur; fəlakət dörd il davam edir. Bu ağır illərdə Bəhram xalqın dadına yetir. Ehtiyacı olanlara dövlət anbarından ərzaq paylayır. Bununla da xalqın məhəbbətini qazanır.
Bu zaman Çin xaqanı İrana hücum edir. Içki, kef və əyləncələrə alışmış iranlılar hərbçiliyi yadırğamışlar. Çin xaqanını İranın üstünə gəlməyə cəsarətləndirən də əslində budur. Amma Bəhram şəxsi şücaəti, qeyrəti və əhalini müharibəyə təşviq etməsi sayəsində məmləkətin müdafiəsini təmin edir. Qələbə çalır.
Bu hadisədən sonra Bəhram, İran böyükləri ilə bərabər, Xəvərnəq qəsrini yenidən görməyə gedir. Onlar “Yeddi gözəl” tablosuna tamaşa edirlər.
Bəhram tablodakı gözəlliyi həyata keçirmək istəyir. Dövlət adamlarının razılığı ilə Bəhram yeddi iqlimin hərəsindən bir gözəl gətirtməyə başlayır. Hər iqlimdən bir şahzadə alır. Onları özünəməxsus şəkildə tikdirdiyi yeddi qübbəli sarayda yerləşdirir. Hər iqlimin gözəlinə sarayın ayrı-ayrı otaqlarında yer verir. Bütün qışı başı bu gözəllərin dizində, nağıl dinləmək və kefə baxmaqla keçirir. Şair yeddi rəngli bu qübbələr [5] altında hər iqlimin öz tipindəki bir gözəlin dililə Bəhrama danışdırdığı hekayətləri tərifi mümkün olmayan bir zəriflik və sehrli bir sənətkarlıqla təsvir etmişdir. Həftənin yeddi günü, yerin yeddi iqlimi, gözəl tipinin yeddi özünəməxsusluğu, yeddi planetin rəmz və təsirilə, yeddi rəngə uyğun fərqli ştrixlərlə canlandırılan bu hekayətlərdə, şair sənətkarlığının orijinallığını təşkil edən eşq əfsanəsinin ən parlaq tablosunu çəkmiş, təxəyyülünə geniş bir uçus imkanı vermişdir.
Sənətin bütün incəliklərini nəzərdən qaçırmayan şair, eyni zamanda, öz mistik və didaktik ruhuna sadiq qalaraq, bu oynaq əsərində də, filosofluğundan irəli gələn yol göstərmək vəzifəsini unutmamışdır.
Bəhram “Həft peykər” işrətindən ayrılmağa fürsət tapıb ova çıxdıqda bir çobanın zavallı bir köpəyi ağaca bağlayaraq döyməkdə olduğunu görür və çobandan:
– Bu nədir? – deyə soruşur.
Çoban izah edir.
– Padşahım, – deyir, – mən indi gördüyün kimi bir çoban deyil, əvvəllər bütöv bir qoyun sürüsünün sahibi idim. Sürünü bu köpəyə etibar etmişdim. Köpək də öz vəzifəsini yaxşı yerinə yetirər, qoyunları qurdlardan qoruyardı. Günlərin bir günü qoyunların azaldığını duydum, əhəmiyyət vermədim. Az sonra baxıb qoyunların xeyli azaldığını gördüm. Nəhayət, işdən şübhələndim. Necə olsa da, məsələni aydınlaşdırmaq qərarına gəldim...
Padşahım, nə görsəm yaxşıdır? Dişi bir canavar müntəzəm olaraq sürüyə gəlir. Köpək bu dişi canavarla cütləşir, arzusuna yetişdikdən sonra qoyunlardan bir neçəsini aparmasına mane olmur.
Köpəyin bu qəflət və xəyanətinin nəticəsidir ki, mən mötəbər bir sürü sahibi ikən, indi belə səfil bir çoban vəziyyətinə düşmüşəm. Buna görə də kefə dalaraq vəzifəsini unutmuş bu xainin cəzasını verirəm...
Çobanın söhbəti padşahın gözlərini açır. Vəziyyəti ciddi və şüurlu təhlil edir. Məlum olur ki, özü nağıl dinləyib həftənin yeddi gecəsini yeddi gözəlin ağışunda keçirdiyi zaman məmləkətin idarəsini tapşırdığı vəzir göstərdiyi zülmlə əhalini zara gətirmişdir.
Vəziyyəti belə görən padşah dərhal ədalət qapısını açır, “kimin idarədən şikayəti varsa, gəlsin, söyləsin” – deyir.
Şair yeddi gözəlin söylədikləri yeddi novellaya həmahəng olaraq yeddi şikayətçini zalım vəzirdən şaha şikayətə gətirir. Padşah şikayətçiləri tam diqqətlə dinləyir; onları dərhal razı salır və nəticədə zalım, xalqın gözü qarşısında layiq olduğu bir şəkildə cəzalandırılır.
Padşahın kefə qurşandığı qəflət günlərindən istifadə edərək, Çin xaqanı yenidən İrana qarşı topladığı ordu ilə sərhədə qədər gəlmişdi. Amma Bəhramın qəflətdən ayılıb zalım vəziri cəzalandırması xəbərini alan kimi hücumdan vaz keçir, əksinə, İranla dostluğunu elan edir.
Bu hadisədən sonra Bəhram yeddi gözəlin qucağını tərk edib ədalət gözəlinin əlinə verir:

Peykər-e ədl çun be dide-ye şah
Ebrət əngixt əz səpid-o-siyah

Şah kərd əz cəmal-e mənzər-e u
Həft peykər fəda-ye peykər-e u.

[6]

Rəvayət “qissədən hissə alan” Bəhramın dünyadan getməsini bir sirr pərdəsinə bürümüşdür. Məiyyətilə birlikdə ova çıxan Bəhram, yanındakılardan aralanıb bir mağaraya girir və burada qeyb olur. Nə qədər axtarırlarsa da bir daha tapılmır.
“Həft peykər” dastanının təsəvvüfdəki yeddi “süluk” anlayışı ilə əlaqəsi olduğunu qəbul edənlər vardır. Bu qənaətdə olanlar üçün Bəhramın qeyb olmasında, şübhəsiz, sufiyanə bir rəmz görünə bilər. Bu cür olmasa belə, Bəhram-Gur dastanındakı “Yeddi gözəl” novellalarının, təsəvvüf sisteminə də təsir göstərmiş Assur-Babil mədəniyyətindən gələn qədim saibi (ulduza etiqad) dini və astronomik təsəvvürü ilə əlaqədə olması inkar edilə bilməz. Bu sistemdə həftənin yeddi günü yeddi səyyarənin adı ilə adlanırdı. Assuriyalılar bu ulduzlara sitayiş edirdilər, onların adına ayrı-ayrı məbədlər tikmişdilər. Bu allah-ulduzlar aşağıdakılardır. 1. Zühəl (Keyvan) = Saturn; 2. Müştəri = Yupiter; 3. Mərrix = Mars; 4. Şəms (günəş) = Sonn (Soley); 5. Zöhrə = Venera; 6. Ütarid = Merkuri; 7. Qəmər (ay) = Mond (Lune). [7]
Avropa dillərindəki gün adlarında bu qədim Assur ilahələrinin izləri görünməkdədir. Məsələn, almanca “monntaq” ilə fransızca “lundi” (bazar ertəsi) – Ayı; fransızca “mardi” (çərşənbə axşamı) – Marsı, yəni Mərrixi; “merkredi” (çərşənbə) – Merkuri, yəni Ütaridi; “jeudi” (cümə axşamı) – Yupiter, Müttərini; “vendredi” (cümə) – Venera, yəni Zöhrəni; ingiliscə “sətidi” (şənbə) – Saturn, yəni Zühəli; almanca “sonntaq” (bazar) da Günəşi xatırlatmaqdadır.
Bəhramın yeddi iqlimdən aldığı gözəlləri, Nizami, bu iqlimlər üzərində qədim astronomiya elmində təsirləri təsəvvür olunan səyyarələrin təbiət və xüsusiyyətlərinə uyğun bir şəkildə təsvir etmişdir. Belə ki, yeddi gözələ ayrılan gümbəzlərin rəngləri həftənin yeddi gününün – qədim insanların təsəvvürüncə, göyün yeddi təbəqəsində yerləşmiş olan yeddi planetin zənn edilən rənglərinə müvafiqdir. Eyni zamanda, bu gümbəzlərdə oturan gözəllər də, yuxarıda işarə edildiyi kimi, yeddi rəng ilə bağlı səyyarələrin təsirləri altında olan iqlimlərin qızlarıdır.[8]

___

  1. Əz pəs-e pansəd-o-nəvəd-se qeran
    Qoftəm in name-ra ço namvəran.

    Ruz bər çardəh ze mah-e siyam
    Çar saət ze ruz rəfte təmam.

    (Beş yüz doxsan üç il keçdikdən sonra
    Şöhrətlilər təki bu dastanı dedim.
    Ramazan ayının on dördü idi
    Günortadan dörd saat keçmişdi – red.)

  2. İran Azərbaycanının mühüm mərkəzlərindəndir. O dövrdə Ağsonqurluların paytaxtı olmuşdur.
  3. Gur – vəhşi eşşək deməkdir.
  4. Piri-dana – bilici qoca (red.)
  5. Zühəl ulduzunun qarşılığı olan qübbənin rəngi qara, Müştəri – sarı, Zöhrə – ağ, Ütarid – göy, Ayınkı isə yaşıl imiş.
  6. Ədalətin pərisini gördü şah,
    Ayırd oldu ona bəyazla siyah.

    Bu gözəl tabloya heyrətindən
    Əl çəkdi o həmən yeddi gözəldən!

  7. Qədim insanlar yalnız yeddi səyyarə tanıyırdılar: “Planet” deyilən bunlara, müasir insanlar, Uran və Neptunu da əlavə etmişlər.
  8. “Həft peykər” mənzuməsinin qəhrəmanı Sasani padşahlarından olan Bəhram-Guru, Nizamiyə nəzirə yazan fars və türk klassikləri də, özlərinə xas bəzi fərqlərlə əsərlərində işlətmişlər. Bu barədə ümumi bir məlumat əldə etmək üçün “İslam Ensiklopediyası”nın “Bəhram-Gur” məqaləsinə bax!