Azərbaycan şairi Nizami/Leyli və Məcnun
←Xosrov və Şirin | Azərbaycan şairi Nizami. Leyli və Məcnun Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Həft peykər ("Yeddi gözəl")→ |
Ey nam-e to behtərin sərağaz,
Bi nam-e to name key konəm baz?!
(Ey adı ən yaxşı başlanğıc olan,
Sənin adın olmadan naməni neçə aça bilərəm?! – red.)
Əslində bir ərəb əfsanəsi olsa da, işləndiyi ədəbi forma baxımından, bu mövzunun Azərbaycanla sıx və ənənəvi bir əlaqəsi vardır.
Azərbaycanın qədim hökmdarlarından Şirvan şahı Axsitan bu mövzunun nəzmə alınmasını arzu etmişdir.
Azərbaycanın böyük şairi gəncəli Nizami bu arzuya əsasən onu ilk dəfə farsca işləyərək nəzmə çəkmişdir.
Sonralar, Nizaminin bu əsərinə farsca və türkcə yazılan bənzətmələr arasında özünəməxsusluğu və dəyəri etibarilə, türk ədəbiyyatının böyük nümayəndəsi, həmçinin azəri şerinin dahi ustadı Füzulinin yazdığı “Leyli və Məcnun” poeması müstəsna bir yer tutmaqdadır.
Nəhayət, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin (Hacıbəyovun – red.) sayəsində bu mövzuya musiqi yazılaraq opera yaradılmış və Azərbaycan səhnəsinin repertuarında “həmişəbaharlığını” itirməyən əsərlərdən olmaqla, bu klassik mövzunun geniş xalq kütlələri tərəfindən də mənimsənilməsinə və böyük bir şöhrət qazanmasına səbəb olmuşdur.
“Leyli və Məcnun” operası təkcə Azərbaycan səhnəsində qalmayaraq, başqa dillərə, o cümlədən, bu yaxınlarda ruscaya tərcümə edilmişdir.
Hicri 584-cü il rəcəb ayının sonunda [1] (miladi 1188-ci il sentyabr ayının sonunda) 4613 beytdə Nizaminin qələmə aldığı bu eşq dastanının qısa məzmunu aşağıdakılardan ibarətdir:
Ərəbistanda, Amiri qəbiləsinin şeyxinin övladı olmurdu. Bir çox yalvarış və dualardan sonra Tanrı ona bir oğul bəxş edir.
Gözəlliyi ilə qonşu qəbilələr arasında da məşhur olan bu uşağa Qeys adı verirlər. Qeysi böyük bir qayğı ilə bəsləyirlər. Onun yaxşı tərbiyə alması üçün heç bir maddi və mənəvi şəraiti əsirgəmirlər. Yaşı ona çatdıqda Qeysi bir məktəbə verirlər.
Məktəbdə müxtəlif qəbilələrdən oğlanlı-qızlı çoxlu şagirdlər vardır. Bunlar arasında Amirilərə qonşu olan qəbiləyə mənsub gözəl bir qız var – Leyli. Qeys ilə Leylidə qarşılıqlı bir meyl oyanır. Getdikcə güclənən bu meyl əvvəlcə səmimi bir dostluğa, sonra da alovlu sevgiyə çevrilir. Günü-gündən artan bu sevgi, çox keçmədən, qarşısıalınmaz bir eşq şəklini alır.
Uşaqların bu qarşılıqlı vurğunluğu yoldaşlarının diqqətini çəkərək, söz-söhbət mövzusuna çevrilir; nəticədə gənclərin adları dillərə düşür.
Yoldaşları Qeysə, Leyliyə vurğunluğu üzündən göstərdiyi qəribəliklərlə əlaqədar olaraq, “Məcnun” – deyə müraciət edirlər. Bu ləqəb ağızdan-ağıza keçərək, Qeys adını tamamilə unutdurur.
Artıq haqqında danışılan Qeys ilə Leyli deyil, Məcnun ilə Leylidir.
Leylinin ailəsi məsələni bilən kimi qızlarını məktəbə getməyə qoymur. Leyli evə bağlanmış, artıq Məcnun ilə görüşə bilmir. Lakin Məcnun sevgilisinin ayrılığına tab gətirmir. Hər gün Leylinin yaşadığı məhəlləyə gedərək, uzaqdan da olsa onu görməyə və “kuyi-yardan buy” almağa çalışır.
Övladının bu halını görən Amiri şeyxi qəbilənin ağsaqqallarından bir neçəsini də götürüb, Leylinin atasının yanına gedir, onun qızını öz oğlu üçün istəyir. Amma “yox” cavabı alır. Ona: “oğlun məcnundur, biz yeganə qızımızı dəli kimi ad çıxarmış birisinə necə rəva görüb verə bilərik?” – deyirlər. Məcnunun atası ümidsiz halda Leyligilin evindən geri qayıdır.
Bu mənfi cavab Qeysin “məcnun”luğunu daha da artırır. Məcnun xəstələnir. Atası onu Həccə aparır, Kəbəyə üz tutub oğlu üçün şəfa və səadət diləyir. Lakin zəhməti hədər gedir. Eşq dərdi əlac götürmür.
Məcnun özündən keçmiş bir halda hər gün Leylinin məhəlləsinə gedir, saatlarla gözləyir, sevgilisini görmək üçün fürsət axtarır. Leylinin adına qəzəllər qoşaraq təsirli bir səslə oxuyur. Bu qəzəllər ağızdan-ağıza dolaşaraq qəbilələr arasında yayılır.
Leylinin yaşadığı məhəllənin əhalisi “Məcnun”un bu halından təngə gəlir. Onlar öz heysiyyətlərini təhqir olunmuş hesab edirlər: dəlinin biri onların qəbiləsindən olan qızın məsum adını dilə-dişə salmış, mahnılara mövzu etmişdir. Qəbilə cavanlarının bir neçəsi bu “dəlinin şərini dəf etmək” qərarına gəlirlər. Amiri şeyxinə xəbər göndərirlər ki, Məcnunun ayağını məhəlləmizdən kəs, yoxsa onu öldürəcəyik.
Şeyx oğluna öyüd verir. Amma öyüdlə qarşısı alınacaq halda deyil. Hər halda fəlakətin önünü almaq üçün – Məcnunun Leylinin yaşadığı səmtə getməməsi üçün tədbirlər görülür.
Bu dəfə Leyli Qeysi görməyə və axtarmağa cəhd edir. Məhəllə qızları ilə bərabər bir xurmalığa çıxır. Burada uzaqdan-uzağa olsa da, Leyli də Məcnun kimi ayrılıq dərdi ilə ah-fəğana başlayır.
Bu zaman İbn Salam adlı bağdadlı bir tacir Leyliyə elçi gəlir. Valideynləri “hə” desələr də, toy üçün möhlət istəyirlər. Qızlarının səhhəti bunu tələb edir. Bu xəbər Məcnunun dərdini daha da artırır.
Nofəl adlı igid bir sərkərdə Məcnunla dostlaşır. Ona təsəlli verir. “Leylini necə olursa-olsun sənə alacağam”, – deyir. Nofəl qoşun toplayıb Leylinin qəbiləsinə hücum edir. Leylini Məcnun üçün istəyir. Rədd cavabı aldıqda hərbə başlayır. Döyüş çətin bir nöqtəyə çatır. Leylinin qəbiləsi güclü müqavimət göstərir. Vəziyyəti belə görən Nofəl barışığa əl atmalı olur, “biz sizdən qızı könül xoşluğu ilə istəməyə gəldik, qan tökməklə yox” – deyə sülh təklif edir. “Bal vermirsiniz, barı sirkə də verməyin”, – deyir. Nofəl əsgərləri ilə geri çəkilir. Bu vəziyyəti görən Məcnun Nofəli tənələyir: “Sən mənə Leylini alacaqdın, onun məhəlləsinə getmək imkanını da aradan qaldırdın. Əhdini beləmi yerinə yetirdin?” – deyir.
Nofəl dostuna təsəlli verir: “Bu, vaxt qazanmaq üçün bir fənd idi” – deyir. “Sözümü yerinə yetirib qızı mütləq sənə alacağam” – deyə Məcnuna yenidən ümid verir. Bu dəfə Nofəl “Mədinədən Bağdada” qədər adamlar göndərir, daha böyük bir qüvvə toplayır. Yenidən Leylinin qəbiləsinin üstünə gəlir. Qanlı bir vuruş başlayır.
Döyüşün gedişində Məcnunun tutduğu mövqe qəribədir. O, özü üçün vuruşanların deyil, əks-tərəfin qələbəsi üçün dua edir. Əks tərəfdən ölənlərin başlarını dizləri üstə alıb oxşayır. “Bu nə deməkdir?” – deyə soruşanlara “yar tərəfin məğlubiyyətini necə istəyim?!” – deyə cavab verir.
[2]
Döyüşün ən şiddətli və kəskin vaxtında Leylinin atası Nofəlin yanına gəlir və deyir: “Nə istəyirsən edim. Qızımı kimə istəyirsən ver, razıyam. Amma övladımı dəlinin birinə vermək üçün israr etmə! Israr etsən, gedib başını kəsər, bədənini itlərə yem edərəm. Sərsəri bir dəliyə qismət olmaqdansa, qoy onu köpəklər yesin!”. Atanın bu kəskin sözləri ilə Məcnunun vuruş zamanı göstərmiş olduğu, doğrudan da, dəlicəsinə hərəkətləri zehnində qarşılaşdıran Nofəl fikrə gedir: təklifi yaxşı bir fürsət sayaraq, o saat döyüşün dayandırılmasını əmr edir. Çünkü vuruşun mənasız olduğuna inanmağa başlayır.
Bu hadisədən sonra insanlardan büsbütün üz döndərən Məcnun, qəbiləni tərk edib çöllərə düşür. Özbaşına sərgərdan şəkildə dolanarkən Məcnun İbn Salamın Leyli ilə evlənməsi xəbərini alır. Bu xəbərlə can evi xaraba qalan Məcnun Leylinin vəfasızlığı barədə yanıqlı qəzəllər söyləyir.
Bu arada atası oğlunu tapır, bir daha öyüd verir, evə çağırır. Bu, onun oğlu ilə son görüşü olur.
Məcnun atasının ölüm xəbərini alır. Məzarı üstünə gəlir, mərsiyyələr deyir. Yenidən çöllərə düşür.
Məcnunun artıq insanlara heç bir bağlılığı qalmamışdır. Oturub-durduğu yalnız heyvanlardır. Çölün vəhşi heyvanları ona alışmışlar, onun dalınca düşüb hər cür təhlükədən qoruyurlar. Quşlar ondan hürkmür, üstünə kölgə salır, başına, çiyinlərinə qonurlar. Ilanlar-çayanlar belə ona xətər yetirməyib diqqət göstərirlər. Yalnız heyvanlar deyil, ağaclar da onunla danışır, həsbi-hal edirlər. Bütün kainat onunla dost və aşinadır. Göydəki ulduzlar da onu anlayan “müsahiblər”idir.
Beləcə insanlardan və insani əlaqələrdən tamamilə uzaqlaşaraq özünü təbiətə vermiş, tam şəkildə təcrid olunmuş bir vəziyyətdə ikən Leylinin yanından qasid gəlir və ona bir məktub verir. Bu məktubda Leyli sözdə ərə getsə də, əslində Məcnuna sadiq qaldığını, könlünün daim onunla bir olduğunu bildirir.
Dayısı ilə anası Məcnunu görməyə gəlirlər. Onu evə çağırırlar. Anası: “oğlum, gəl, başsız qalmış ailənə böyüklük et!” – deyir. Faydası olmur. Qayıdandan sonra dayısı ölür. Anası bir də oğlunun yanına gəlir, yenə nəsihət verir, evə qayıtması üçün yalvarır. Amma əbəs... Ana məyusluq içində geri dönür. O da vəfat edir. Məcnun anasının məzarı üstünə gəlir. Ağladıqdan və mərsiyyələr söylədikdən sonra yenidən ətrafındakı heyvanlarla birlikdə çöllərə dönür.
Leyli fürsət tapıb Məcnunu axtarmağa başlayır. Bir çəmənlikdə olarkən ona xəbər göndərir. Görüşürlər. Platonik bir görüşdən ibarət olan bu səhnədə Məcnun Leyliyə şer oxuyur. Vaxt çatanda təzədən ayrılırlar. Leyli ərinə qəlbən bağlı olmasa da, şəriət baxımından bir qəbahət işlətməyi də özünə rəva görmür. Məcnun isə həqiqi aşiqdir; bu eşqdə qərəzə yer yoxdur.
Burada şair Məcnunu qəlbən anlayan iki hal əhli ilə tanış edir. Bunlardan biri bağdadlı Salamdır ki, başına gələn macəradan, eşqin nə olduğundan xəbəri vardır. Bu şəxs Məcnunun halını bilib onu ziyarət etmiş, dediyi şerləri yazıya alaraq Bağdada aparmış və ədiblər arasında yaymışdır. Ikincisi də, əmisi qızı Zeynəbə aşiq ikən arzusuna yetməmiş Zeyddir ki, Məcnunla yaxınlaşaraq onu duymuş və ona ürəkdən xidmət etmişdir.
Ibn Salam Leylidən muradını almadan xəstələnib ölür. Ərəb adətinə görə, dul qalmış Leyli hamıdan ayrılıb özü-özü ilə qalmaq imkanı əldə etmişdir. Leyli üzdə ölən ərinə, əslində isə sevdiyi yarından ayrı düşməsinə doyunca ağlayır.
Nəhayət, Zeyd gəlib İbn Salamın öldüyünü Məcnuna xəbər verərək, indi azad olmuş Leylinin onu qovuşmağa çağırdığını yetirmişdir.
Zeydin bələdçiliyi və arxasınca hərəkət edən heyvanlardan ibarət məiyyəti ilə Məcnun Leylinin çadırına gəlir, yar tərəfindən qarşılanır və şairin misilsiz bir qələmlə təsvir etdiyi kimi, iki sevgili bir-birinə sarılırlar, özlərini unudub məst və bihuş düşürlər.
Məcnun getdikdən sonra Leyli xəstələnir. Ölüm ayağında anasına deyir ki, əgər Məcnun gəlsə, deyərsən Leyli ölərkən səni istədi. Leylinin son sözləri də bu olur.
Məcnun vəfalı dostu Zeydin bələdçiliyi ilə Leylinin məzarı başına gəlir, günlərlə ağlayır, torpağı öpür, başına sovurur, öz-özünü döyəcləyir. Nəhayət, sevgilisinə qovuşmaq üçün ruhunu təslim edir.
Bu kədərli mənzərə Nizami tərəfindən çox təsirli bir tablo kimi təsvir edilmişdir.
Bu qəmli hekayət belə qəmli bir ehtimalla sona yetir. Aşiq özündən ayrı təsəvvür etmədiyi məşuquna qovuşmaq üçün o biri dünya yolunu tutur, həyatı tərk edir.
Bu vəziyyətdə Məcnunun əhatəsində olan heyvanlar da dağılışıb təbiətlərinin tələb etdiyi səmtlərə üz tutmuşlar.
Zeydin təşəbbüsü və qəbilə əhalisinin iştirakı ilə Məcnunu Leylinin yanında bir məzarda dəfn edirlər.
Iki pak sevgilinin yan-yana duran məzarları ərəblər arasında ziyarətgaha çevrilir.
Az sonra Zeyd yuxusunda Məcnun ilə Leylini cənnətdə, gözəl bir qəsrdə, qol-qola, nəşə, sevinc və səadət içində görür.
Nizaminin təsvir etdiyi Məcnun bütünlüklə özünü idealına bağlamış, fədakar və səmimi bir idealist simvoludur. Aşiq – mömin və ya mücahidin, məşuq – Allah və ya idealın timsalıdır. Adi insanların “Məcnun” adlandırdıqları Qeys özündən keçmiş bir mömin, bir mücahiddir. Fəna – fillahlığın və ya ideal vurğunluğunun bir təcəssümüdür.
Bu surət Şərq ədəbiyyatının, Əzraya vurulmuş Vamiq kimi müxtəlif adda və formalarda təkrar etdiyi bir aşiq obrazıdır. Eynilə, Nizaminin digər əsərində, Sasani padşahı Xosrovun rəqibi Fərhadın Şirinə olan bağlılığı da bu növdəndir.
Məcnunun məhz belə bir timsal olduğu fərağət, təcərrüd və qənaətdən ibarət “dəlilik” həyatında rast gəldiyimiz bir çox hərəkət və ifadələri ilə də sübut olunur. Belə tutarlı misallardan biri yuxarıdakı xülasədə qeyd olunmuşdur. Nofəlin qoşunu ondan ötrü vuruşduğu halda, Məcnun Leylinin qəbiləsinin qələbəsinə dua edir.
Fədakarlıq və məhəbbətin dəli bir ifadəsi olan bu kimi sirli hallar, Məcnun tərəfindən müxtəlif şəkillərdə göstərilir.
Məsələn, bir kağızda Leyli ilə Məcnunun birgə şəklinin çəkildiyini görən Məcnun dərhal Leylinin əksini pozur. Səbəbini soruşurlar. “Biz iki deyil, birik” – deyir. “Elə isə bəs niyə özünü yox, onu pozursan?”. “Çünkü o ruhdur, mən qəlib; ruh qəlibimdə gizlənir”.
Zeyd ona rəqibi İbn Salamın öldüyünü xəbər verdikdə: “ömrünü sənə bağışladı” deyir. Məcnun dərhal: “Olmadı, Zeyd, səhv etdin, mənə yox, Leyliyə bağışladı deməliydin” – deyə düzəldir. Zeyd ona: “Leyli ilə Məcnunun başqa-başqa, iki vücud deyil, iki qəlibdə bir can olduğunu elə səndən öyrəndiyim üçün, “İbn Salam ömrünü Məcnuna bağışladı” – deməklə, “Leyliyə bağışladı” demək arasında fərq görmürəm” – deyə izah etdikdə, Məcnun Zeydi haqlı sayır və onun özünü, həqiqətən, başa düşən bir dost olmasından razı qalır.
Böyük və ülvi eşqin bəxş etdiyi qüvvə və ilhamdan məhrum adi adamların yetə bilmədikləri məqama çatan Məcnunun vəhşi və yırtıcıları özünə ram etməsi, şübhəsiz, dastanı zinətləndirən bir bəzəkdir. Amma Nizami özünəməxsus misallarla bu “bəzəy”in “doğru”ya bənzədiyini bizə təlqin edir.
Məcnun onun üçün gətirilən yeməkləri başına toplanmış heyvanlara yedirtmək və amansız ovçuların toruna düşmüş heyvanları tapdıqca azad etmək yolu ilə onların etimad və sevgilərini qazanmış, onlarla dost olmuşdur.
Belə bir dostluq, Nizamiyə görə, mümkündür. Budur, həmin müddəanı sübut edən məsəl:
Bir padşahın yırtıcı köpəkləri varmış. Cəzalandırmaq istədiyi günahkarları bunlara atıb parçalatdırarmış.
Gənc və ağıllı bir nədim günlərin birində şahın onu da köpəklərə atdırması ehtimalını fikirləşərək, tədbirli tərpənir: itlərə baxan adamla dostluq edir və onun icazəsilə hər gün köpəklərə yal verir.
Bir gün, nəhs bir saatda, heç nədən padşahın nədimə qəzəbi tutur və onun köpəklərə atılmasını əmr edir.
Qəzəbi soyuduqdan sonra etdiyinə peşman olmuş padşah itlərə baxan adamı çağırıb zavallı nədimin əhvalını soruşur. O, padşahı köpəklərin saxlandığı yerə gətirir. Padşah nə görsə yaxşıdır?! – nədim yırtıcı itlərin arasında sağ-salamat oturub heyvanlarla oynayır.
Padşah dərhal nədimi hüzuruna gətirdir:
– Bu nə möcüzədir?! – deyir.
– Padşahım, bunun nəyi möcüzədir ki?! Burada heyrət ediləcək bir şey yoxdur. Heyvanlar insanlardan daha həssas və daha qədirbiləndirlər. İllərlə sənə sədaqətlə xidmət etdim. Heç bir şey üçün hər şeyi unutdun və dərhal qətlimə fərman verdin. Halbuki bu vəhşi köpəklər ara-sıra onlara etmiş olduğum yaxşılığı unutmadılar, gördüyün kimi, canıma qıymadılar.
____
- ↑ K-araste şod be behtərin fal, Dər səlx-e rəcəb ve si-vo-fi dal. Tarix-e əyan ke daşt ba xvəd, Həştad-o-çəhar bud pansəd. (Rəcəb ayının sonunda, “si” “fi” “dal” ilində Ən yaxşı fal ilə bəzədildi. Özü ilə tarixi də əyan idi – Beş yüz səksən dördüncü il idi. “Si”, “fi”, “dal” əbcəd hesabı ilə 584-cü ili göstərir – red.)
- ↑
Ma əz pey-e to be canseparan
Ba xəsm-e xodət çerast yari?
Qofta ke ço xəsm yar boşəd
Ba tiğ məra çe kar başəd?
(Biz səndən ötrü can qoyuruq,
Sən nə üçün düşmənə dostluq edirsən?
Dedi ki: düşmən yar olduğu halda
Mənim qılıncla nə işim ola bilər?! – red.)