Azərbaycan şairi Nizami/Mövzulardan çıxan nəticə
←Nizaminin qadına münasibəti | Azərbaycan şairi Nizami. Mövzulardan çıxan nəticə Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Nizami şeirinin özünəməxsusluğu→ |
Farsçılığı yox onun,
Türklüyə çox bağlıdır.
Qafqaz deyə zövq alır,
Rusdan canı dağlıdır.
Gözəl qadın tipləri
Ya türk, ya qafqazlıdır.
Şübhəmiz yoxdur ki, o,
Bir azərbaycanlıdır.
M. Ə. R.
Təhlil etdiyimiz mövzuların sayını artırmaq istəsəydik, Nizamidə bəhs etdiyimiz beş məsələyə, hər şeydən əvvəl, “Nizamidə aktuallıq” fəslini əlavə edərdik. Şairin yaşadığı mühitlə qəlbən bağlı olduğu bu bölümdə də, bir sıra maraqlı cəhətləri ilə meydana çıxardı.
Nizamidə aktuallıq ayrıca bir mövzu təşkil edə bilməz. Adi fikirlərini belə əfsanələrlə hekayətlərin, təmsillərlə təşbehlərin rəmzi dili ilə söyləməyi sevən şair heç bir zaman, müasir terminlə desək, bir publisist mövqeyi tutmamışdır. Bunun üçün də, Nizamidə “aktuallıq”, yalnız “qissədən hissə” çıxarmaq tipli bir “qüriz” (qaçmaq) şəklini almışdır.
Əsərlərinə yazdığı ithaflar vasitəsilə, şairin müraciət etdiyi hökmdarlara yurdsevərlik barədə öyüdlər verdiyini bilirik. Bunlardan başqa, onun tarixi şəxsiyyətlərdən bəhs edərkən, zamanındakı mövqe və iqtidar sahiblərinə müraciətlə, bir neçə misrada yol göstərdiyi də görünür. Məsələn, İskəndərin yanında Ərəstu (Aristotel) kimi filosof bir vəzir olduğunu qeyd edərkən, şair, dünyada müvəffəq olmuş padşahları, ardıcıl şəkildə gözdən keçirir və hamısının yanında bir ağıllı vəzir görür: Səlcuqi Məlik şah, Qəznəvi Mahmud, Sasani Ənuşirəvan kimi... Bununla da şair müasirlərini ayıq salmaq istəyir.
Nizamiyə görə, padşahın yanılmağa və sözün tam mənası ilə sarsılmağa haqqı yoxdur. Bunun üçün də yanında ağıl, tədbir, rəy və vicdan sahibi olan bir vəzirə ehtiyacı vardır. Mənim və sənin ayağımız büdrəyə bilər, amma padşahınkı büdrəməməlidir; yoxsa dövlətin başı dönər.
Aktuallığa aid “Nizami görüşlərindən”, şairin məmləkət və yurda olan hissi bağlılığını göstərən ən canlı misal Bərdə haqqında yazdığı parçadır.
Azərbaycanın və yaxud, daha dəqiq desək, Arranın tanınmış mərkəzi Bərdənin tarixi zənginlik və abadlığına dair rəvayətlərdən bəhs etdiyi əsnada, Nizami içini gəmirən bir əzabla özünü saxlaya bilmir: yurdunun səfil bu gününə nəzər salaraq, bunları yazır:
– İndi ora xaraba bir saray təsiri bağışlayır. Çiçəklər tamamilə solmuş, nə nardan, nə nərgizdən əsər qalmamışdır. Quru otla bataqlıqdan başqa, indi orada heç nə görməzsən!
– Nə üçün?!..
Bu sual, məlum olur ki, şairin yurdsevər zehnini rahat buraxmır. Qəlbi ağrıdan bu suala o, dövrünü amansız surətdə tənələyən misralarla cavab verir:
– Çünki o yaşıllıqlar toxumdan deyil, ədalətdən bitmişdi!..
Fəqət şair bu gündən kədərlənsə də, “sabah”dan ümidsiz deyil: o mədəniyyət yenidən dirçəlsə, buralar əvvəlkindən də abad olar. Şair öyüdünü dövrünün padşahını ayıltmalı bu sözlərlə bitirir: “Padşah başqa məşğuliyyətlərdən əl çəksə, bura yenidən canlanıb gözəlləşər”.
Məmləkət və yurd qayğısı ilə çırpınan şairdə əsrinin təəssübü vardır. “Qissədən hissə” çıxaran “qüriz”lərindən birində, şair, bu hissiyatına sərbəstlik verir – çağdaşlarının yaxşı müsəlman olmadıqlarını şiddətlə qamçılayır.
Qissəni biz də bilirik: Sasani padşahı Hörmüz, gözünün işığı, bircə oğlu Xosrovu, nisbətən əhəmiyyətsiz bir günah üstündə, ədalət yerini tutsun və başqalarına ibrət olsun deyə, şiddətlə cəzalandırır. Bu hadisəni danışarkən Nizami, gözlənilmədən, sözü tarixdəki atəşpərəstlik vəziyyətindən zamanındakı müsəlman gerçəkliyinə keçirir: dövründəki ədalətsizlikdən, “min günahsızın qanı töküldüyü halda, bir zalımın burnu qanamadığından” alışan şair, qədim dövrdəki “gəbrliyə” qibtə edir: “onlar gəbr idi, biz müsəlmanıq. Gəbrlik o isə, müsəlmanlıq hansıdır?!” – deyə ağır kinayə daşını zəmanəsinin ədalət yolundan dönmüş üzünə çırpır.
Ədalət – şairin Tanrıya tapındığı kimi müqəddəsləşdirdiyi bir idealdır. O, bu idealının gerçəkləşməsini istəyir; onun bu gün deyilsə də, sabah gerçəklşəcəyinə inanır. O, inandığı bu idealın “keçmişdəki örnəyini” nəzmə çəkir. “İskəndərin idarəsi” poetikləşdirilmiş keçmişdən bir örnəkdir.
Azərbaycan və Qazfaz şəraitində yetişmiş müsəlman Nizami, hissiyyat baxımından xalis bir türkdür. Elə bu kifayətdir ki, türklüyü sevdiyi üçün bütün varlığı ilə bağlandığı ədalət idealını “türk dövləti” şəklində təsəvvür edir: “adil olmayan, türk də ola bilməz!” – deyir.
Ruhən bu dərəcədə türk olan şairin, zamanındakı danışıq dili, şübhəsiz, türk dili idi. Yuxarıda oxucularımızla bərabər gözdən keçirdiklərimizdən başqa, bu fikri qüvvətləndirən bir-iki dəlil də vardır.
Çinli türk xaqanının İskəndərə bağışladığı bir şahin quşundan bəhs edərkən, Nizami, “Toğrul” adlı quşlar şahı bir şahin ki, sultanlıqda Toğrul kimi kamil idi” deyir.
Mahmud Kaşğarinin “Divan-u luğat-it-türk”ündə bir kişi adı olan Toğrulun, həm də “min qaz öldürüb, bir dənəsini yeyən yırtıcı bir quş” demək olduğunu gördükdə, yalnız quş ilə sultan adları arasındakı cinasın mənasını deyil, eyni zamanda, ustadın türk dilinə nə dərəcədə vaqif olduğunu da öyrənirik. Nizami, türk olmaları bəlli olan tanrılardan bir süvariyə, xüsusi isim olaraq, Qarınca adını verir. Bu isim farsca qarşılığı olan “mur” sözü ilə bir cinas da yaradır.
Iki dil arasınakı özünəməxsusluğa əsaslanan sənətindəki bu incəliklərə nəzər saldıqda, farsca yazan Nizaminin, türkcə danışdığını iddia edənlər heç də fantaziyaya uymuş sayıla bilməzlər.
Məqsədimiz təhlil edilmiş mövzulardan bir nəticə çıxarmaq idi; birdən özümüzü çəkilmə halında olan böyük sənət ümmanının məna sədəfləri ilə dolu dərinliklərinə dalmış gördük. Bu məna inciləri ilə dolu sənət sədəflərindən seçə bildiklərimizi toplayaraq, bir an əvvəl, özümüzü nəticə sahilinə atmağı lazım bildik; yoxsa mənimsənilməsi mümkün olmayan bu coşğun ümman, yeni qabarma dalğaları ilə bizi də, seçdiyimiz “nəticə sədəfləri”ni də alıb aparardı.
Allah bərəkət versin ki, Nizami mövzularındakı sənət və hikmət ünsürləri üzərində fikir yora-yora etmiş olduğumuz cəhd, böyük ümmanın bu çəkilmə və qabarmaları önündə, az da olsa, manevr edə bilməyimizə imkan verdi. Beləliklə, bu can qurtaran dəstəyə söykənərək təhlil etdiyimiz mövzulardakı ünsürlərə əsasən əldə etdiyimiz nəticəni yenidən qabaran Nizami dəryasına vermədən, burada oxucularımıza təqdim edirik:
Fars təəssübünə yabançılığını, türk sevgisini, Qafqaza bağlılığını və yetişdiyi mühitin tarixi düşməninə nifrətini, nəhayət, qadına bəslədiyi ehtiramlı münasibətini nəzərə alaraq, “İran” adı altında anılan Yaxın Şərq ədəbiyyatına hakim, böyük şair Nizaminin azərbaycanlı bir türk dahisi olduğuna, artıq şübhəsiz, hökm edə bilərik.
___