Məzmuna keç

Azərbaycan şairi Nizami/Nizami şeirinin özünəməxsusluğu

Vikimənbə saytından
Mövzulardan çıxan nəticə Azərbaycan şairi Nizami. Nizami şeirinin özünəməxsusluğu
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizami sənətinin başlıca mənbəyi


Etibardan düşürdüm caduları sehrimlə,,
Mələkləri çaşdırdım sənətimlə, şerimlə..

Nizami




Təbim qadın deyildir, atəşi özündəndir,
Bakir ikən o doğur, Məryəm əyarındadır.

N i z a m i

Həyatından bəhs olunarkən göstərildiyi kimi, Nizami, şərqli-qərbli bütün tədqiqatçıların fikrincə, klassik İran ədəbiyyatında sənətin ən yüksək zirvəsinə qalxmış bir ustaddır. O, eşq dastanı ilə poema yazmaqda İslam şərqində tayı-bərabəri olmayan bir şairdir; ədəbiyyatın bu növündəki yaradıcılıq haqqı hər kəs tərəfindən tanınmış böyük sənətkardır.
Tədqiqatçılar “Xosrov və Şirin”və “Həft peykər” müəllifi Nizaminin eşq dastanı yazmaqda rəqibsiz olmasında yekdildirlər. Heç kəsə bu ölçüdə və bu biçimdə bir dastan yazmaq nəsib olmamışdır.
Bu dastanların qəhrəmanları olan Xosrov ilə Bəhramın macəralarını Firdovsi də qələmə almışdır. Fəqət Nizami onların bütün həyatları ilə deyil, yalnız eşq macəraları ilə maraqlanmışdır; bunu da Firdovsidə olmayan bir genişliklə və özünə xas bir yeniliklə yazmışdır. Əslində, Nizami sənətkarlığının əsaslı keyfiyyətlərindən başlıcası bu yenilikdir. Şair gedilmiş yolla yeriməyib özünəməxsus yol açmağı əsas şüarı etmişdir. Necə ki belə deyir: “Alimin (yəni Firdovsinin) söyləmiş olduğunu bir daha demədi, çünki təkrar yaxşı deyildir; “eşqbazlıq” sahəsindən qalan hissədə qazilərin qılıncı kimi kəskin sözlər işlətdim”. “Xosrov və Şirin” poemasının müqəddiməsindən götürdüyümüz bu beytlərə “İskəndərnamə”nin başlanğıcındakı bu beytləri də əlavə edək:
“Sözü bir gəlin kimi bəzəyən tuslu alim (yəni Firdovsi) bu “namə”dən (yəni “İskəndərnamə”dən) bəhs etmişsə də, deyilməli bir çox şeyləri deyilməmiş qoymuşdur. Çünki tarixdəki bütün hadisələri yazsaydı, dastan həddindən çox uzanardı. Zövqünə yatmayanlardan sərfnəzər etməklə, o, yalnız zəruri saydıqlarını qeyd etmişdir. Halvanı tək yemək adət olmadığından, beləliklə, dastanın bir qismini də dostlar üçün saxlamışdır”.
Nizami bu əqidədədir ki, “İskəndərnamə”ni də (Firdovsinin toxunduğu fatehlik mövzusunu da ehtiva etməklə) yeni bir tərzdə, “Şahnamə”ni tamamlayacaq şəkildə qələmə almışdır.
“Xəmsə”yə daxil olan poemalar “məsnəvi” adlanan müstəqil qafiyəli beytlərlə yazılmışdır. Firdovsinin əsəri də bu şəkillə yazılmışdır. Fəqət “Şahnamə” timsalında ancaq qəhrəmanlıq mövzularına, başqa sözlə, epik əsərə münasib sayılan bu forma, Nizamidə didaktika və lirikaya da uğurlu tərzə tətbiq olunmuşdur. Bunun üçündür ki, Nizami məsnəviçiliyin mahir yaradıcılarından ən böyüyü kimi qəbul edilmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi, dastan dilinə lirik və emosional bir çalar bəxş etmişdir.
Islamdan sonrakı türk ədəbiyyatının əsaslarını şərh edəb M.Fuad Köprülü də, Nizamidən əvvəl məsnəvi yazanların mövcudluğunu və bu formada müxtəlif mövzuların işləndiyini qeyd etməklə bərabər, Nizaminin bu tərzdə yenilikçi olduğunu aşağıdakı cümlələrlə təsdiq etmişdir: “...hissiyyatının riqqət və dərinliyi, ifadə tərzinin poetikliyi və zərifliyi etibarı ilə həqiqətən misilsiz bir şair olan Gəncəli Nizami, sonralar, “Pənc-gənc” ümumi altında birləşdirilən beş məsnəvisi ilə sələflərini ötüb keçərək, bu yolda bir çox xüsusiyyətlər göstərmiş və əvvəlki şairləri az qala unutdurmuşdur. Əvvəlki məsnəvilərdə əlfaz və qafiyəyə, tərtibə, ədaya böyük bir etina edilmir, yalnız hekayə ilə kifayətlənilirdi. Nizami isə forma və məzmunda olan bu qüsurları aradan qaldırmaqla yanaşı, təhkiyədə də daha artıq qüvvət və ustalıq göstərmiş, bir sözlə, bu tərzə ən mükəmməl bir şəkil vermişdir”.
“Məsnəvi yazanların şeyxi” deyə anılan Nizami, ədəbiyyatın başqa növ və janrlarında da öz qüdrətini isbat etmiş bir ustaddır. Qəsidələri, mövzu etibarilə, klassik mədhlərə bənzəməməklə yanaşı, forma və sənətkarlıq baxımından onların ən parlaqları ilə müqayisə ediləcək bir səviyyədədir. H.Daniş, Nizaminin “Səramədani-süxən”ə daxil etdiyi bir qəsidəsindəki əzəmət və ahəngi “qorxunc bir fırtına qopduğu əsnada eşidilən göy gurultusuna” bənzədir: “vəzn kəlmələr və hərflər ilə insan qulağında əjdaha nərəsi kimi səslənir”.
Qəsidədə bu qüdrəti göstərən şairin qəzəlləri də gözəl və nəfisdir. Nizami qəzəldə də özünəməxsus bir üslub və keyfiyyətə malikdir. Şair mövzu etibarı ilə qəzəldə də ona xas olan ideyalılığa sadiq qalmaqla yanaşı, forma baxımından da yeniliklər nümayiş etdirmişdir.
Məlum olduğu kimi, qısa, adətən 5 və ya 7 beytdən artıq olmayan lirik bir parçadan ibarət olan qəzəlin beytləri arasında məna baxımından məntiqi bir bütövlük axtarılmaz; hər beyt özlüyündə müstəqil bir fikir ifadə edir. Nizaminin qəzəllərində isə, Bertelsin də qeyd etdiyi kimi, beytləri bir-birinə bağlayan məzmun bütövlüyü vardır. Belə ki, Nizaminin qəzəlindən götürülən bir beyt, təkbaşına, digər beytlərdən ayrılıqda müstəqil bir məna ifadə etməz. Onun qəzəlləri özlüyündə üzvi vəhdət təşkil edən əsərlərdir.
Nizami dövrünün misilsiz bir hekayətçisidir. Onun hekayələrində müasir romançılığa məxsus keyfiyyətlər vardır. Onun yazmış olduğu poemalar hər hansı mahir rejissor və rəssama müasir kino üçün növ və təxəyyül baxımından zəruri olan ən parlaq mövzu və materiallar verir. Nizami yaradıcılığında “Min bir gecə” nağıllarındakı Şərq fantaziyası ilə müasir Avropa ədəbiyyatındakı “obraz” məfhumunun realistliyi çulğaşır. Şair əlindəki materiallar üzərində işləyərək, ədəbi obrazlarını stilizə etməyi bacarır. “Qısa boyluları uzadır; həddindən artıq boy atmış uzunları isə qısaldır”.
Nizaminin ədəbi obrazı necə anladığına yuxarıda bir münasibətlə toxunmuşduq. “Doğruya bənzər yalan” adlandırdığı bu realizmdən, bəzən qələmə aldığı məsəl janrı vasitəsilə gerçək olmayan hadisələrdən bəhs etdiyi zaman belə, şair incə bir işarə ilə oxucularını ayıq saxlamağı unutmur: Şirinin Xosrova bağışladığı “Şəbdiz” adlı qara atın qara daşdan düzəldilmiş bir ayğır heykəlinə sürtünərək hamilə qalmış madyandan doğulduğu barədə rəvayəti nəql edərkən, məsələn, “Bu bəhsi tez qurtaraq, yoxsa o biri söylədiklərimiz üçün də şübhə oyanar” – deyir. Və ya Fərhadın ölərkən əlindən atdığı külüngün nar çubuğundan olan sapının yaş torpağa batıb cücərdiyindən və bütöv bir ağaca çevrilərək narla dolduğundan danışanda “Nizami bu ağacı görməyib, yalnız hekayətini bir kitabda oxumuşdur” – deyir.
Nizami yalnız qəhrəmanlarının daxili aləmini açan psixoloji təhlildəki məharəti və ya hadisələrin baş verdiyi mühit və şəraiti təsvirdəki qüdrəti ilə deyil, eyni zamanda, peyzaj yaratmaqda misilsizliyi ilə də diqqəti cəlb edir.
Təbiət Nizami şerinin ən canlı bir ünsürüdür. Təbiət qədər qüdrətli və onun qədər gözəl qələmindən, sehirli bir fırça möcüzəsi ilə yaradılan qeyri-adi tablolar kimi çıxan canlı təbiət mənzərələri “Xəmsə”nin oxuduqca zövqündən doyulmayan səhifələrini təşkil edir. Hələ şairin, heyvan olsun, bitki olsun, hətta cansız olsun, təsvir etdiyi təbiət ünsürlərində bir can və şüur təsəvvür etməsi və onları ruhi bir həyat ilə yaşatması özlüyündə ayrı aləmdir.
Nizami yaradıcılığında təbiət, bizim bildiyimiz kimi, baş verən hadisələrə heç də laqeyd deyildir. Əksinə, şeylər sevinən və ya iztirab çəkən insanla daxilən bağlıdırlar. Onu anlayır və ona yanırlar. Təbiətin bu şəkildə qavranılması “Leyli və Məcnun” poemasında bütün dərinliyi ilə üzə çıxır. Özündən keçmiş və daimi “cəzb” halında olan Məcnun insanlardan qaçaraq təbiətə sığınır. Insanlar “Məcnun” deyə ondan üz çevirdikləri halda, heyvanlar onunla dost olurlar. Yalnız heyvanlar deyil, bitkilər belə onu anlayırlar. Məcnunun ağacla etdiyi söhbət buna misal ola bilər.
Nizamidə rəmzçilik (simvolizm) müasir impressionistlərin də yetmədikləri bir yüksəklikdədir. Nizami avropalıların “metafora” adlandırdıqları istiarənin misilsiz ustadıdır. Şair fikirlərini bol-bol işlətdiyi məcazi deyimlər və nadir təşbehlərlə ifadə edir ki, H.Ritter buna “təmsil” və ya “təsvir dili” mənasını verən “biedersprache” deyir.
Nizaminin bu dili özlüyündə bir sənətdir. Bu sənət haqqında müəyyən təsəvvür verə bilmək üçün burada şairin istiarələrindən bir neçə nümunə gətirməyi faydalı sayırıq.
Məsələn, gecənin düşdüyünü bildirmək istərkən, şair “günəşin camı daşa dəydikdə, dünya xalq üçün dar bir şüşəyə döndü” – deyir:

Cəhan bər xəlq şod çun şişe-ye təng
Ço aməd şişe-ye xorşid bər səng.

Nizami istiarəsində günəşin çıxması da özünəməxsus bir dillə verilir: “Sübh tezdən fələyin çırağı dünyanın gözəl üzünü işıqlandırdıqda...” – deyir.

Ke çun bamdadan çerağ-e sepehr
Cəmal-e cəhan-ra bər əfruxt çehr.

Çayda çimən gözəldən bəhs edərkən, şair çeşmə ilə güldən istifadə edir və:

Əcəb başəd ke qol-ra çeşme şuyəd
Qələt qoftəm, ke qol bər çeşme ruyəd –

deyir: Şirinin Mədainə gedərkən yolda bir çeşmədə çimdiyini bilirik. Bu zaman Mədaini tərk edən Xosrovun Şirinə rast gələrək onu uzaqdan seyr etdiyini də xatırlayırıq. Bu səhnəni təsvir edərkən, Nizami gənc kişinin baxışlarından utanan çılpaq gözəlin halını çeşmədə titrəyən aya bənzədir:

Ze şərm-e çeşm-e u dər çeşme-ye ab
Həmi lərzid çun dər çeşme məhtab!

Müəyyən vaxtda – səhərə yaxın üfüqdə bərabər görünən günəş ilə ayın evləndiklərini qeyd edən şair, bu cütləşmədən “dan yeri analığının hamilə qaldığına” işarə edir:

Zənaşuyi be həm xorşid-o-məhra,
Rəhəm bəste be zadən sobhgəh-ra.

Nizami yalnız şairanə təsvirlərində deyil, fəlsəfi hökmlərində də eyni istiarə və məcaz sənətindən faydalanır. Hər hansı cəmiyyətdə yüksək məqam tutanların məsuliyyət dərəcələrini anlatmaq üçün, Nizami əsən şiddətli küləkdən otların asudə olduğu halda, sərvlərin əziyyət çəkdiklərini göstərir:

Ze badi k-u kolah əz sər konəd dur
Giyah asude başəd, sərv rəncur.

Əşyaların canlı təsəvvür edilməsi Nizaminin təşbehlərini daha da təsirli edir. Məsələn, gül, Nizami şerində sadəcə olaraq açmır, “köynəyini yırtır”; bülbül yalnız ötmür, “eşqini bəyan edir”; yasəmən bir çiçək ikən “türk” olur və səhrada “çadır qurur”. “Lalə bir hindudur – atəşə tapınır”. Aşağıdakı beytdə isə, çiçəklərin kefcil (əyyaş) adamlar kimi eyş-işrətlə məşğul olduğunu görürük:

Səmən saqi vo-nərges bade dər dəst
Bənəfşə dər xoçar-o-sorxqol məst.

Bu məcazi təşbehlər Şərq ədəbiyyatında Nizamiyə məxsus olmasa da, Nizamidə bu sənətdə ustada layiq yüksək bir səviyyədədir. Nizami yaradıcılığının xüsusiyyətlərini qeyd edərkən, şairin işlətdiyi dil üzərində də dayanmaq yersiz olmaz. Nizami poeziyasının ruhunda Firdovsidəki farslıq təəssübünün heç bir izi olmadığı kimi, “Xəmsə”də də “Şahnamə”dəki xalis fars dili meyli yoxdur. O, “Əcəmi diriltmək” və əski Kəyanilərin dəbdəbəsini yenidən canlandırmaq niyyətində deyildir. Ərəb təsiri ilə mübarizə edən fars dehqanlarının, yəni feodal aristokratlarının siyasi ideallarına xidmət edən İran millətçisi Firdovsi üçün farslıq təəssübü təbii ola bilərdi. Halbuki, Nizaminin istədiyi, ideal nümunəsini ancaq türk dövlətində gördüyü sosial ədaləti təmin etmək və ona layiq olduğu şərəfli yeri verdirməkdir. Bu işdə bir mütəfəkkirə yerli fars dehqanlarına və onlara qoşulmuş saray xadimlərinə deyil, İslam mədəniyyətini qərəzsiz olaraq dərindən mənimsəmiş şəhərlilərin hisslərinə tərcüman olmaq gərək idi. Bunun üçün də o, əski (arxaik) fars dilini deyil, dövründəki oxuyub-yazan mühit üçün təbii olan canlı bir dili işlədirdi. Bu mövqedən, Nizami ərəb kəlmələrini işlətməkdə heç bir eyib görmürdü. Nizami poeziyasında yalnız ərəb deyil, türk kəlmələrinə də təsadüf olunur. Nizami dil xüsusunda milli təəssüb göstərmişdir. Bu təəssübü göstərdiyi və bunun üçün şərait olsaydı, bəlkə də sevgili yurdunun danışdığı və özünün də, obrazlı şəkildə “həqiqət dili” dediyi türk dilində yazardı.
Nizaminin dilini çətin hesab edənlər də vardır. Bu dil, həqiqətən də asan deyildir: cinaslar və istiarələrlə dolaşdırılmışdır. Fəqət onunla müasir olmuş şairlərin, o cümlədən, Xaqaninin baş çıxarılmaz müəmmalı dili ilə müqayisə edildikdə, Nizaminin “təqidinə” (dolaşdırılmasına) rəhmət oxumaq lazımdır. Bu çətinlik əslində şairin “tapmaca” bir dil işlətməsindən irəli gəlmir. Əsl səbəb onun təşbeh və istiarələrini anlamaq üçün o dövrdəki şərait, məfhum və biliklər haqqında məlumatımızın qıtlığıdır. Nizamini asanlıqla başa düşməkdən ötrü o dövrdəki maddi-mənəvi bütün biliklərin bir ensiklopediyasına malik olmaq, o zamankı şəraiti lazımınca araşdırmaq lazımdır. Bu iş görülməyincə, Nizamini anlamaq təbii ki, çətin olacaqdır. Yoxsa Nizaminin dili, müasir olan digər şairlərə nisbətən, ən asan oxunan bir dildir.
Nizami yaradıcılığında elmin rolu da böyükdür. Şair zamanının bütün biliklərini: bədii əsərləri, folkloru, mifologiyanı, tarixi, dini, fəlsəfi və əxlaqi təlimlərini mənimsəmişdi, qədim-yeni müxtəlif dilləri bilirdi.
Nizaminin coğrafiya sahəsində göstərdiyi peyğəmbərlik bir sıra Avropalı müəlliflər tərəfindən qeyd olunmuşdur. Bertelsə görə, Nizami Nil çayının mənbəyini, yalnız təqribən XIX əsrdə təsbit olunan bir yerdə təsəvvür etmişdir. Coğrafiya sahəsində olduğu kimi, şairin etnoqrafiyaya aid məlumatı da heyrətamizdir. Məsələn, Qırğız çöllərindəki daş qadın heykəlləri barədə etnoqrafların verdiyi məlumat eynilə Nizamidə də mövcuddur. Şairin yaşadığımız günlər üçün son dərəcə aktual və maraqlı olub, siyasi iqtisadla bağlı bir mülahizəsini də qeyd edə bilərik. Qafqazın qurtuluşu uğrunda vuruşan İskəndər, məğlub olmuş ruslardan aldığı çoxlu kürk və dəridən ibarət qənimətlər içərisində qupquru və tüksüz bir dəri parçasının diqqətlə qorunduğunu görür: maraqlanan İskəndərə əsir ruslardan biri bu dərinin başqa kürk və dərilərdən nə üçün daha üstün tutulduğunu izah edir. Məlum olur ki, bu dəri ruslarda mübadilə rolunu oynayırmış: bütün kürklər və dərilər ancaq bu quru dəri parçası ilə satın alınırmış. Bu hekayə üzərində dayanan Nizami, İskəndərə “siyasətə baxınız ki, quru bir dərini gümüşdən daha mötəbər etmişdir!” – cümləsini söylədir.
Görünür ki, qızılın, o zaman üçün gümüşün yalnız mübadilə vasitəsi olduğu üçün mötəbər olması fikri artıq XII əsrdə Nizaminin iti zəkasını məşğul etmişdir. Zəmanəmizdə əsl dəyərin əməkdə olduğunu düşünən iqtisadçılar kimi, Nizaminin İskəndəri də, “Dərini gümüş yerinə keçirən” siyasət üzərində heyranlıqla düşünmüşdür.
Nizamidə biz astronomiya elminə aid mühüm bir qeydə də rast gəlirik. Keçmiş insanlar dünyanı, mərkəzi yer olmaqla, bir göy çevrəsindən ibarət bilirdilər. Ulduzlar göyə “bərkidilmiş” işıqlar sayılırdı. Bunlardan günəş də daxil olmaqla, yalnız yeddi səyyarənin yerin ətrafına fırlanmaq şərtilə dövr etdikləri təsəvvür olunurdu. XVI əsrin əvvəllərində Kopernik fələyin əsas quruluşu haqqındakı təsəvvürü dəyişdirməklə, onun yer deyil, günəş ətrafında fırlandığını iddia etdi. Daha sonra gələn alimlər, dünyanın bir deyil, çox olduğunu və ulduzların ayrı-ayrı bürclər halında öz günəşləri ətrafında fırlanan sistem təşkil etdiklərini söylədilər. İlk dəfə olaraq, XVI əsr astronomlarından Cordano Bruno ulduzların müstəqil bir aləm olmaları fikrini irəli sürmüşdür. Nizami isə, vəziri Büzürgümmidə suallar verən Xosrov Pərvizə dedirtdiyi:

Eşitdim mən ki, hər ulduz cahandır
Ki hər biri ayrı yer, asimandır!

– beyti ilə bu kəşfin Kopernik və Brunodan da 400 il əvvəl peyğəmbərliyini etmişdir. Nizami intuisiyasının kimya ilə bağlı bir nümunəsindən də bəhs edə bilərik. Baxmayaraq ki, qeyd edəcəyimiz bu məsələ daha çox Nizami dövründəki elmi biliklərə daxil məlumatlardan sayılmalıdır. Şair beytlərindən birində:

Aslan ol da, qorxma mətbəx pişiyindən,
Təlq ol da, qorxma cəhənnəm atəşindən.

deyir. “Təlq” sözünün, “Xəmsə”nin haşiyələrində oddan qorxmayan və yanğına davamlı mineral bir maddəni bildirməsi qeyd olunur. Yanmayan qablar və atəşə davamlı başqa cihazlar dövrümüzün texniki yeniliklərindəndir. Bu cihazların qayrılmasında işlənən yanmayan maddələrdən azbestin tərkibindəki elementlərdən biri də təlqdir.
Ənənəvi biliklərdən başqa, şair dövründəki müxtəlif ağıl və güc idmanlarına da yaxından bələddir. Hekayələrində olduğu kimi, ayrı-ayrı misralarında da bu bələdliyin izi və əksi görünür. Məsələn, şətrənc (şahmat) şairin əsərlərində terminləri bol-bol işlədilən bir oyundur.
Bir sözlə, şair öz dövrünün ensiklopediyasıdır. Heç bir şeydən bilik qədər zövq almır. O, bütün gecələrini və gündüzlərini aramaq, düşünmək və yaratmaqda keçirmişdir. Həyatda sevinci də bundadır. “Təbinin xəzinəsi zəngin, qapısı da qıfılsızdır: bu xəzinədəki incilərdən birini çıxarmayınca yatdığı bir gecə də olmamışdır”.
Nizaminin gecələr onu yatmağa qoymayan bu biliksevərliyi, kainatın varlığında gizli olan sirləri anlamaq istəyi ilə şərtlənmiş bir böyüklük və dərinlikdədir. Şairə görə, dünyanın gərdişi və həyatın gedişi müəyyən bir səbəbə bağlıdır. “Əsl dəyərli söz, bu səbəbi tapıb göstərən sözdür”.
Təlimi və bədii bütün əsərlərində filosof Nizami, müxtəlif şəxslərin dili ilə və müxtəlif misallar gətirmək yolu ilə, daim, həyat nədir, ölüm nədir, ilk yaradılmış hansıdır, dünyada həyat mümkün ikən axirətə ehtiyac varmıdır, səmadakı “səyyah”ların dövrünü nizama salan və gördüyümüz ulduzları bir qaydada saxlayan nədir, ulduzlar özlüyündə bir aləmdirmi, cəsədsiz can (ruh – red.) təsəccür etmək olarmı, röya nədir, düşünmək nə deməkdir kimi bir sıra suallara cavab olacaq “söz” axtarmaqdadır.
Həqiqi alim bu araşdırmaya bağlanmış bir insandır. Belə bir insanın, yəni alimin məqamı, Nizaminin gözündə, bütün məqamlardan yüksəkdir. Necə ki, İskəndərin dili ilə o, “bir insan digərindən yalnız biliyi ilə üstün olur: nə qədər yüksək məqam olursa-olsun, bir alimin yeri o məqamdan yüksəkdədir” – deyir.
Dövrünün hər cəhətdən alim və fazil şəxsiyyəti olan Nizami yaradıclıq yolunda heç kəsi örnək götürməyən orijinal bir şairdir. Özünün təbirincə, “zamanın heç bir gülünə, ondan daha xoş səsli bir bülbül qonmamışdır”. Hər elmdə bir dəftər, hər mənada bir əsərə malik olan şair, özündən yaxşı bir “gülbün” (gül ağacı) tanımır və orijinallığını nəzərdə tutaraq, “mənliyimi özümdə tapdım” – deyir.
Şairin özü barədəki bu iddiası bütün tədqiqatçılar tərəfindən qəbul edilməkdədir. “İskəndərnamə”nin bir yerində dediyi kimi, “yanan ilhamı, Məryəm ana kimi, bakirə ikən doğmaqdadır”.
Klassik İran ədəbiyyatında Azərbaycan dövrü mühüm bir mərhələ təşkil edir. Nizaminin yaşadığı bu dövrdə əmələ gələn ədəbi məktəb, Azərbaycandan əvvəl Xorasanda, daha əvvəl isə Xarəzmdə yaranmış ədəbiyyatın bütün yüksək keyfiyyətlərinin həqiqi varisi idi. Yaxın Şərq ədəbiyyatı tarixində müstəsna bir yer tutan bu dövr ədəbiyyatı nümayəndələrinin ən görkəmliləri, əsərimizdə, Nizaminin müasirlərindən bəhs olunarkən qeyd edilmişlər. Həmin qeydlərdən göründüyü kimi, o zamankı Azərbaycanda şer sənəti bütün poetik formalarda ən yüksək zirvəyə qalxmışdır.
O zamankı şəraitdə şairlər həyat və şöhrətlərini saraylara, zamanın iqtidarını əllərində cəmləşdirən hökmdarların iltifat və bəxşişlərinə borclu idilər. Sənətkarlığının bütün imkanlarını yaltaq mədhlərə sərf etmək məcburiyyətində qalan bir şair, əsərin məzmun və mündəricəsindən ziyadə, şəkil və formasına əhəmiyyət verirdi. Ona görə qəribə deyil ki, qiymətlərini ancaq saraylarda hökmdarlardan gözləyən bu dövr sənət əsərlərinin çoxu qəsidə şəklində olurdu. Bu forma zamanın ən dəbdə olan şəkillərindən sayılır və şairin qiyməti bu növdə göstərdiyi qüdrət və məharətlə ölçülürdü. Mücir Beyləqani, Əbül-Üla-Gəncəvi, Qivami Mütərrizi və bunların hamısından üstün, Xaqani Şirvani belə qəsidəçilər idilər. Ağır şəraitdə yaradılan bu dövr ədəbiyyatı yalnız sənət üçün yaradılır, qəsidə formasındakı ən parlaq nümunələri ilə məzmun baxımından sönür, hər cür ciddi mənadan məhrum olurdu.
Şerin texnika və poetikasında müasirlərinə bərabər və hətta onlardan üstün olan Nizami təbiətindəki özünəməxsusluq və şəxsiyyətindəki müstəqillik sayəsində özünü sarayların əzici təsirindən qurtararaq, ədəbiyyata məhrum olduğu məzmunu verə bildi və bununla da böyük bir islahatın (reformanın) banisi oldu. O, sarayın fərdi zövq və şıltaqlıqlarına deyil, cəmiyyətin sosial və mənəvi ehtiyaclarına üz tutdu.
“Xəmsə”dəki məsnəviləri ilə Nizami yalnız Firdovsi üslubundakı qəhrəmanlıq dastanını eşq əfsanəsi şəklinə salmaqla kifayətlənmədi, eyni zamanda o, yüksək poetik forma daxilində böyük sosial ideyalar təlqin edən və ali siyasi məqsədlər güdən ölməz əsərlər yaratdı.
Nizami şer ilə hikməti, sənətkarlıqla ideyalılığı, uğurlu bir şəkildə birləşdirərək, sənətkarlıq baxımından əsrindəki böyük boşluğu doldurmuş ideyalı və mücahid bir şairdir. Onun şerləri daxili və zahiri gözəlliyin ahəngindən yaranmış misilsiz əsərlərdir.
“Xəmsə”dəki ölməz məsnəviləri ilə Nizami məqsəd üçün yaradılan sənətin imkanlarını parlaq şəkildə isbat etdi və özündən sonra gələn əsrlər üzərində bildiyimiz böyük təsiri göstərdi. Onun əsərləri Yaxın Şərqin ən böyük ustadları üçün təqlid edilən bir örnək oldu.
Nizaminin ədəbiyyatdakı islahatı yalnız mənzum roman formasına aid xüsusiyyətlərlə bitmir; o, əsl gözəl zahiri formanı yüksək daxili mənalarla canlandıran bir sənət məktəbi olmaqla qiymətlidir.
Nizaminin “Məryəm ana”ya bənzətdiyi bakirə ilhamı bizə məhz belə “İsa” doğmuşdur.
____