Məzmuna keç

Azərbaycan şairi Nizami/Milliyyət baxımından ədəbiyyatda forma və məzmun

Vikimənbə saytından
Azərbaycan XII əsrdə Azərbaycan şairi Nizami. Milliyyət baxımından ədəbiyyatda forma və məzmun
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizami Azərbaycan şairi


Şərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.
Kök salmış bu yanlış təsəvvürə baxmayaraq, Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun nisbətinin “Gəncəvi” olmasından irəli gəlmir.
Gəncəli Nizaminin bütün varlığı ilə Azərbaycanla bağlı olmasını onun tərcümeyi-halını yazarkən imkan dairəsində aydınlaşdıracağıq. Onun mənəvi varlığından bəhs edərkən demək lazımdır ki, yazdığı dilin farsca olmasına baxmayaraq, şairin daşıdığı hissiyyatı ilə işlədiyi mövzular onun Azərbaycan duyğularından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir.
Burada biz yaşadığımız günlər üçün aktual olan bir məsələyə toxunmalıyıq – Ədəbi bir əsərin milli olması üçün yalnız onun formaca milli olması kafidirmi? Yoxsa bir əsəri milliləşdirən ruh, məna və məzmundur?
Bizim qənaətimizcə, yalnız forma kafi deyil və formanın böyük əhəmiyyətinə baxmayaraq o, zəruri də deyildir. Hər bir əsəri milliləşdirən onun məzmunu və daxili varlığının milli olmasıdır. Bu iki amil arasında ahəng olmadığı təqdirdə, bizə görə, əsəri milliləşdirən amil formadan çox məzmun və özlüyü, başqa ifadə ilə desək, dildən çox məna və məzmundur. Yabançı, özgə dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə müəyyən şərtlər içində milli ola bilir. Əsrimizin ədəbi hadisələri arasında bu müddəanın misallarını istədiyimiz qədər tapa bilərik. Hər hansı bir əsəri yazıldığı dilə görə həmin dildə danışıb yazan xalqın milli əsəri kimi qəbul edilməyi lazım gəlsə iyirmi ildən bəri Azərbaycan türkcəsi ilə yazılmış bir çox cəfəngiyatı ədəbiyyat deyə qəbul etməmiz lazım gəlir. Və ya belə olursa, onda osmanlı klassiklərindən bir çoxu kimi Nəfinin:

Türkə haq çeşmeyi-irfanı haram etmişdir
Eyləsə hər nə qədər sözlərini sehri-həlal;

və ya:

Necə söz söylənür ol yerdə kim şair sanur kəndin,
Qələtpərdazi – məna bir müzəvvir Türki-layəfhəm.

[1]

beytlərinə bənzər və bunlardan daha qaba bir türk düşmənliyi ilə tanınmış, “türk” sözünü – cəhalətin, qəddarlığın, idraksızlığın, kobudluğun qarşılığı olaraq işlətmək çirkinlik və murdarlığını göstərən bir çox türkcə yazan şairlərin divan ədəbiyyatına keçmiş mənzumə və misralarını da “milli ədəbiyyat” kimi qəbul etməliyik.
Yaxşı məlumdur ki, finlərin məşhur vətənsevər şairləri əsərlərini İsveç dilində yazmışlar, lakin buna baxmayaraq, onlara milli şair kimi qəhrəman Finlandiyanın paytaxtında heykəllər ucaltmışlar. Bunun kimi ingilis hakimiyyətinə qarşı milli azadlığı tərənnüm edən İrlandiya ədəbiyyatı müəyyən bir zamanda ingiliscə yazılmışdır.[2]
Həmin vəziyyətə Hindistan şəraitində də rast gəlirik. Rabindranat Taqorun hind varlığını və mədəniyyətini müdafiə edən ingiliscə yazdığı əsərlər şübhəsiz ki, milli əsərlərdir.
Bu şəkildə düşünərkən formanın əhəmiyyətini azaltmaq niyyətində deyilik. Dilin çox zaman millilik nöqteyi-nəzərindən məzmun üzərində üstünlüyü olduğunu bilirik. Ancaq “sənət sənət üçün” deyil, “qayə üçündür” düşünən və deyənlərin sıralarında olduğumuz üçün ədəbi bir əsərin milliliyini təyin edərkən formadan, yəni dildən çox onun məğzinə, özəyinə, yəni məzmun və mənəviyyatına üstünlük veririk. Nizaminin dövründə formanın bizim zamanda olduğu qədər milli bir əhəmiyyəti yox idi. Fars dili yalnız farslara deyil, müəyyən bir coğrafi ərazidə yaşamış bütün millətlərin oxuyub yazanlarına, ziyalılarına məxsus bir dil idi. Eyni zamanda, o dövrdəki “milli ruh”lar da bugünkü qədər kəskin şəkildə bir-birindən ayrılıb büllurlaşmamışdı. Yalnız xüsusi diqqət və araşdırmalarla təyin oluna bilən milli özünəməxsusluqların kəskin tərəfləri müştərək din və mədəniyyət təsiri ilə yumşaldılmışdı. Buna baxmayaraq, qəbul etmək lazımdır ki, şüurda olmasa da, şüur altında milli varlıq və özünəməxsusluqlar o zamanlarda da öz təsirini göstərməkdən geri qalmamış və bu müştərək formaya baxmayaraq, ədəbi əsərlərin ruh, məna və məzmunları üzərində dərin izlər buraxmışdır.

_______

  1. Bax: Agah Sirri Ləvənd. Divan ədəbiyyatı, İstanbul. s. 591-603. Türklər haqqında bu düşməncəsinə hökmü verən “türk şairi” barəsində onun müasirlərindən Tiflinin aşağıdakı beytini də qeyd etmək olar:

    Nəfiyi rusiyəhin nidügünü həp bildik
    Kəndi Çingənədir, ama babası kürdi-pəlid.

  2. Bax: Yenə orada, səh.511. “Qayəlik” deyilən ana dilləriylə katolik dinləri ingilislər tərəfindən qadağan olduğu zaman irlandlar uzun illər rəsmi surətdə ingiliscə danışmış və rəsmən protestant məzhəbində olmuşlar. Lakin bu rəsmiyyətə qarşı İrlandiya millətçiləri mübarizə aparmışlar. Bu mübarizənin ədəbiyyatı uzun zaman ingiliscə olmuşdur. 1911-ci ildə İrlandiyada Qayəlikcəni oxuyub-yazan yalnız 17000 adam olmuşdur. Indi isə bu milli dili əhalinin 60%-i öyrənmişdir. /Johauneg sfoye l’Angleterre dans le monde. Paris, 1936, s.338.